İlham Əliyevin IsDB toplantısında səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi uğurlarını əks etdirir - RƏY
sizinxeber.az xəbər saytı

İlham Əliyevin IsDB toplantısında səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi uğurlarını əks etdirir - RƏY


Prezident İlham Əliyevin İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik Toplantılarının 51-ci iclasının açılışında səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi nailiyyətlərini aydın şəkildə ortaya qoyur.

Bu barədə "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Onun sözlərinə görə, çıxışda Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələri ölkəni makroiqtisadi sabitliyi təmin olunmuş və dinamik inkişaf edən dövlətə çevirdiyi vurğulanıb:

"Son 16 ilin iqtisadi mənzərəsinə nəzər saldıqda, qət edilən inkişaf yolunu daha aydın görmək mümkündür. Belə ki, 16 il əvvəl ÜDM-in təxminən 40 faizini qeyri-neft sektoru təşkil edirdisə, bu gün həmin göstərici 70 faizdən yuxarıdır. Bu dinamika dövlət büdcəsinin gəlirlərində də öz əksini tapır. Cari ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların payının 57 faizə çatması, yaxın illərdə isə bu göstəricinin 80 faizə qədər artırılmasının hədəflənməsi iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əldə olunan uğurların göstəricisidir".

Azər Badamov
Deputat qeyd edib ki, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faiz olması, ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın investisiyanın cəlb edilməsi Azərbaycanın dayanıqlı inkişaf modelinin uğurunu təsdiqləyən mühüm göstəricilərdir:

"Dövlət başçısının İslam İnkişaf Bankı Qrupunun illik Toplantılarının 51-ci iclasının açılışında səsləndirdiyi rəqəmlər də Azərbaycanın iqtisadi nailiyyətlərini aydın şəkildə ortaya qoyur. Bu nailiyyətlər iqtisadiyyatın dayanıqlığını artırmaqla yanaşı, ölkəmizi yeni inkişaf mərhələsinə yüksəldib. Xüsusilə qeyri-neft sektorunun sürətli inkişafı, sahibkarlığın təşviqi və əlverişli investisiya mühitinin formalaşdırılması iqtisadi artımın əsas hərəkətverici qüvvələrinə çevrilib".

A.Badamov vurğulayıb ki, Azərbaycanın açıq dənizlərə birbaşa çıxışının olmamasına baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə Asiya ilə Avropa arasında etibarlı körpü rolunu oynayır:

"Azərbaycan son 16 ildə beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələr ölkəmizin regional və qlobal əməkdaşlığın aparıcı iştirakçılarından birinə çevrildiyini təsdiqləyir. Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edir. Eyni zamanda, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq yükdaşımaların həcminin iki dəfə artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək".

Deputat ölkə başçısının çıxışında Azərbaycanın "yaşıl enerji" gündəliyinə də xüsusi diqqət çəkdiyini qeyd edib:

"Azərbaycan ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, yaşıl enerji keçidini uğurla həyata keçirən ölkələrdən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2032-ci ilədək ölkədə günəş və külək enerjisi üzrə istehsal gücünün 8 qiqavata çatdırılması nəzərdə tutulur. Bu layihələr karbon emissiyalarının azaldılmasına, daxili enerji tələbatının daha çox bərpa olunan mənbələr hesabına ödənilməsinə və ixrac üçün əlavə qaz həcmlərinin formalaşmasına imkan verəcək. Azərbaycanın enerji, nəqliyyat və yaşıl inkişaf istiqamətlərində həyata keçirdiyi təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu isə ölkəmizə olan etimadı artırmaqla yanaşı, Azərbaycanın regional liderliyini və qlobal əməkdaşlıqdakı rolunu daha da gücləndirir".

Oxşar xəbərlər

İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
İlham Əliyev: Ümumi daxili məhsul 4 faizdən çox artmışdır
Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"
Mikayıl Cabbarov: "Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir"
İlham Əliyev: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər