Xidmət sədrinin müavini: Bu yay ölkədə suvarma ilə bağlı problem olmayacaq - MÜSAHİBƏ
sizinxeber.az xəbər saytı

Xidmət sədrinin müavini: Bu yay ölkədə suvarma ilə bağlı problem olmayacaq - MÜSAHİBƏ


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyevin “Sizinxeber.az-Economics”ə müsahibəsi.

- İlham müəllim, Azərbaycanda su qıtlığı ilə bağlı hansı bölgələr daha çox risk altındadır?

- Təbii ki, müəyyən regionlarımızda su qıtlığı var. Amma bu il yağıntılar elə oldu ki, quraqlıq olmadı. Artıq demək olar ki, Mingəçevir, Yengicə, Suqovuşan, Köydələnçay və digər bütün su anbarlarımızda lazım olan qədər su toplanıb.

Hesab edirəm ki, bu yay suvarma ilə bağlı elə bir problemimiz olmayacaq.

Azad olunmuş ərazilərdə su ehtiyatlarımızın təxminən 25%-i formalaşır. Burada da həm içməli su ilə bağlı, həm də suvarma ilə bağlı ciddi işlər həyata keçirilir. Mənbələr formalaşdırılır, su anbarları yaradılır.

Əsaslı təmirinə başlanılan Sərsəng su anbarı, Suqovuşan su anbarı, onun aşağı hissəsində yerləşən Tərtərçay magistral kanalı və onun sol sahil kanalının istismara verilməsi həmin ərazilərdə təxminən 100 min hektara qədər əkin sahəsinin suvarılmasına təsir göstərəcək.

Bundan başqa, indi layihələndirilən Həkəriçay su anbarı var. Hardasa 90–100 milyon kubmetr arasında tutumu olacaq. Bərgüşadçay su anbarı layihələndirilir, onun da təxminən 70 milyon kubmetr həcmində olacağı gözlənilir.

Qız Qalası və Xudafərin su anbarları istifadəyə verilib, bu anbarlardan kanal çəkilməsi nəzərdə tutulur.

Çox geniş işlər nəzərdə tutulur və bu işlər mütəmadi olaraq davam edir.

Hesab edirəm ki, bunun vasitəsilə biz həm suvarma ilə bağlı, həm də içməli su ilə bağlı problemlərin ciddi hissəsini aradan qaldırmağa nail olacağıq.

- Kür və Araz çaylarında suyun azalması ilə bağlı risklər nə qədər ciddidir?

- Kür çayının suyu başqa ölkələrin ərazisində formalaşır və ölkəmizə daxil olur. Kür suyunun formalaşması və onun tənzimlənməsi Mingəçevir su anbarı vasitəsilə həyata keçirilir.

Son zamanlar yağan yağışlar nəticəsində Kür çayına suyun buraxılması ciddi nəzarət altında tənzimlənir. Hazırda saniyədə 400 kubmetr su buraxılır. Ehtiyac yarananda bu həcm 500 kubmetrə qədər artırılır ki, Mingəçevirdə toplanan su ehtiyatı təxminən 17 milyard kubmetrə çatır.

Bu da Mingəçevir su anbarının demək olar ki, tam tutumuna yaxın hissəsidir. Yay aylarında su qıtlığı dövründə əkin sahələrinin suvarılmasında bunun çox ciddi əhəmiyyəti var.

- Hazırda rəqəmsal idarəetmə sistemlərinin tətbiqi hansı mərhələdədir?

- Bu istiqamətdə ciddi işlər görülür. MİS sistemi və Coğrafi İnformasiya Sistemləri tətbiq edilir. Tədricən bu istiqamətdə işlərimizi genişləndiririk.

- Fermerlər arasında damcı suvarma və digər qənaətli suvarma üsullarının tətbiqi hansı səviyyədədir?

- Bu məsələ, əslində, bizim qurumun səlahiyyətləri daxilində deyil. Lakin məndə olan məlumata görə, əkin sahələrinin təxminən 11–12%-i damcı suvarma və digər müasir suvarma sistemləri ilə təmin olunub.

Kənd təsərrüfatı ilə bağlı keçirilən son müşavirədə cənab Prezident də qeyd etdi ki, suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi vacibdir.

Bunun üçün dövlət tərəfindən subsidiya da verilir və hesab edirəm ki, bu göstərici getdikcə artacaq. Bu həm məhsuldarlığa müsbət təsir göstərəcək, həm də suya qənaət olunmasına imkan verəcək.

- Belə hesab edilir ki, gələcəkdə su təhlükəsizliyi enerji təhlükəsizliyi qədər strateji məsələyə çevriləcək. Azərbaycan bu çağırışlara nə dərəcədə hazırdır?

- Bununla bağlı geniş Dövlət Proqramı təsdiq olunub. Cənab Prezident ilk dəfə bu il su təchizatı və kanalizasiya sistemləri ilə bağlı xüsusi müşavirə keçirdi və 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq olundu.

Bu, 10 illik proqramdır. Məqsəd ondan ibarətdir ki, həm enerji təhlükəsizliyimizi, həm də su təhlükəsizliyimizi təmin edək.

Buna misal olaraq dəniz suyunun duzsuzlaşdırılması layihəsini göstərə bilərik. Bildiyiniz kimi, bu layihə Bakı şəhərinin su təchizatının təxminən 25%-nin təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək.

Bu istiqamətdə də hazırda ciddi tədbirlər həyata keçirilir.

Oxşar xəbərlər

ADSEA: Qarabağda su-meliorasiya idarəsinin işçilərinin çoxu keçmiş məcburi köçkünlərdir
ADSEA: Bu il içməli su və suvarma suyu ilə təminat sahəsində ciddi çətinlik olmayıb
ADSEA: Şuşada çirkab suların təmizlənməsi qurğusu inşa edilir
İlham Quliyev: "Su qıtlığı yaşayan rayonlara Qarabağdan magistral xətlər çəkilə bilər" - EKSKLÜZİV
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər