Bakıda 780 TEU tutumlu konteyner gəmisinin tikintisinə başlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda 780 TEU tutumlu konteyner gəmisinin tikintisinə başlanılıb


"Bakı Gəmiqayırma Zavodu" MMC-də Xəzər dənizində istismar olunması nəzərdə tutulan iki ədəd 780 TEU tutumlu konteyner gəmisindən birincisinin tikintisinə başlanılması ilə əlaqədar kilqoyma mərasimi keçirilib.

"Report" xəbər verir ki, layihə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Gəmilərin regionun əsas ticarət mərkəzləri arasında əlaqələrin gücləndirilməsinə, eləcə də regional dəniz nəqliyyatı və logistika əməkdaşlığının inkişafına xidmət edən mühüm marşrutlarda istismara verilməsi planlaşdırılır. Konteyner və quru yüklərin daşınmasında yüksək əməliyyat çevikliyini təmin etmək məqsədilə layihələndirilən hər bir gəminin ümumi uzunluğu 149,5 metr, eni 21 metr, yüklü vəziyyətdə suya oturumu 4,5 metr, dedveyti 9,404 ton və yük anbarlarının ümumi tutumu 16,722 kubmetr təşkil edəcək.

Hər iki gəmi daha səmərəli və ekoloji cəhətdən dayanıqlı dəniz daşımalarını təmin etmək məqsədilə müasir hibrid-elektrik hərəkətverici sistemlərlə təchiz olunacaq. Hərəkətverici sistemin tərkibinə "Wärtsilä" və "Schottel" şirkətlərinin əsas avadanlıqları daxil ediləcək ki, bu da yanacaq səmərəliliyinin artırılmasına, emissiyaların azaldılmasına və manevr imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

2028-ci ilədək təhvil verilməsi nəzərdə tutulan bu gəmilər Asiya ilə Avropanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində mühüm rol oynayacaq. Bu marşrut üzrə daşıma imkanlarının genişləndirilməsi konteyner daşımalarına artan tələbatın qarşılanmasına, tranzit müddətlərinin azaldılmasına və dəhlizin ənənəvi marşrutlara alternativ olaraq təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat həlli kimi mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Oxşar xəbərlər

"Bakı Gəmiqayırma Zavodu" "KTZ Express Shipping" şirkəti üçün iki gəmi tikəcək
Bakı Limanında “Gadamly” yük gəmisinin qarşılanması...
 “Zəngilan” tankeri ilə indiyə qədər 266 min tondan çox yük daşınıb
“Kazmortransflot” və “AD Ports” Orta Dəhlizlə yük axınının artırılması üçün konteyner gəmiləri inşa edəcək
Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər