Tacikistan Azərbaycanın "Yaşıl Enerji Dəhlizi"nə qoşulmaqda maraqlıdır - EKSKLÜZİV
Tacikistan və Azərbaycan arasında hidroenergetika sahəsində əməkdaşlığın inkişafı üçün mühüm potensial mövcuddur.
Bu barədə "Sizinxeber.az"a Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bildirib.
Səfir xatırladıb ki, təxminən bir ay əvvəl Azərbaycanın paytaxtı hökumət başçılarının müavinləri səviyyəsində ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasına ev sahibliyi edib. Tədbir zamanı tərəflər energetika sektorunu və Azərbaycan biznesinin Tacikistan ərazisindəki layihələrin icrasına cəlb edilməsi perspektivlərini ətraflı nəzərdən keçiriblər.
"Tacikistan tərəfi yeni investorların, ilk növbədə isə Azərbaycandan olan investorların cəlb edilməsinə hər zaman hazırdır. Hazırladığımız və maliyyələşdirməyə ehtiyac duyan təşəbbüslərin Azərbaycan iş adamlarının marağına səbəb olacağına əminik. Biz qarşılıqlı faydalı əməkdaşlığa açığıq", - İ. Abdurahmon deyib.
Diplomatik korpusun nümayəndəsi diqqəti Tacikistanın nəhəng bərpa olunan enerji mənbələri ehtiyatlarına malik olmasına yönəldib. "Elektrik enerjimizin 98 %-dən çoxu su elektrik stansiyalarında istehsal olunur. Bu üsul ən ekoloji və iqtisadi cəhətdən ən sərfəli üsuldur. Tezliklə biz xaricə "yaşıl enerji" tədarükünün həcmini artıra biləcəyik. Hazırda iki iri obyekt fəaliyyət göstərir. Bunlar sovet dövründə inşa edilmiş və bu yaxınlarda yenilənmiş Nurek su elektrik stansiyası, eləcə də layihə gücü 3 600 meqavatlı və hazırda tikilməkdə olan Roqun su elektrik stansiyasıdır", - səfir izah edib.
İ. Abdurahmon əlavə edib ki, mövcud razılaşmalara əsasən, yay aylarında elektrik enerjisi sərhədyanı dövlətlərə - Əfqanıstan və Özbəkistana ixrac olunur, yaxın gələcəkdə isə Qırğızıstana da tədarük başlayacaq.
"Bundan əlavə, Qırğızıstan və Əfqanıstan ərazilərindən Pakistana elektrik enerjisinin tranzitini nəzərdə tutan "CASA-1000" təşəbbüsü həyata keçirilir. Hazırda Əfqanıstanda elektrik verilişi xətlərinin inşası başa çatmaq üzrədir, daha sonra ekoloji təmiz enerji birbaşa Pakistan istehlakçılarına tədarük ediləcək. Qərb istiqamətində də planlar mövcuddur. Məlumdur ki, Qazaxıstan Azərbaycanla birgə Xəzər dənizi vasitəsilə sualtı kabelin çəkilməsi imkanını öyrənir. Mərkəzi Asiya dövlətlərinin enerji sistemlərinin birləşdiriləcəyi təqdirdə şəbəkələrimizin inteqrasiyası çətinlik yaranmadan həyata keçiriləcək. O zaman elektrik enerjisini Qazaxıstana, onun ərazisindən isə tranzitlə Azərbaycana ixrac etmək üçün texniki imkan yaranacaq. Tacikistan "Mərkəzi Asiya-Azərbaycan yaşıl dəhlizi"nə qoşulmaqda son dərəcə maraqlıdır", - diplomat qeyd edib.
Onun bəyanatına əsasən, hazırda iki hidroaqreqat fəaliyyət göstərir, daha dördünün işə salınması gözlənilir. "Bütün turbinlər istismara verildikdən sonra yay aylarında, Asiya və Avropa bazarlarında soyutma üçün maksimal tələbat dövründə böyük həcmlərdə elektrik enerjisi ixrac etmək imkanı yaranacaq. Yaxın onillik ərzində biz qış ixracını da yola qoymağı planlaşdırırıq. Beynəlxalq iqlim razılaşmaları fonunda rəqəmsallaşma prosesləri, süni intellektin tətbiqi və elektromobillərin populyarlığının artması nəzərə alınmaqla ekoloji cəhətdən təmiz və ucuz enerjiyə ehtiyac artmaqda davam edəcək. Beləliklə, hidroenergetika dövlətlərarası qarşılıqlı fəaliyyətin ümidverici istiqaməti kimi çıxış edir. Hidroelektrik stansiyaları ilə yanaşı, bu gün Tacikistan günəş energetikasını aktiv şəkildə tətbiq edir. Hesab edirəm ki, bir çox digər sahələrdə də əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli potensialın olmasına baxmayaraq, energetika sektoru Azərbaycanla əlaqələrin inkişafı üçün əsas stimul qismində çıxış edəcək", - İ. Əbdürrəhman bildirib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan və Tacikistan Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlaşır
Tacikistan səfiri: "Bakının dairəvi "yaşıl turizm" təşəbbüsü aktualdır"
Azərbaycan və Tacikistan birbaşa aviareyslər açmaq niyyətindədir
Bakı və Düşənbə ticarət dövriyyəsinin artırılmasını, birgə layihələrin icrasını hədəfləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
