Zeynal Nağdəliyev:  Əsas hədəf aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır
sizinxeber.az xəbər saytı

Zeynal Nağdəliyev: Əsas hədəf aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır


“Keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, müasir dövrün tələblərinə cavab verən, yüksək məhsuldarlığa malik ixracyönümlü istehsala istiqamətlənmiş yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirib. Aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərə baxmayaraq, cənab Prezident müşavirədə son bir neçə il ərzində ölkəmizdə aqrar sahədə müşahidə edilən durğunluğu qeyd etmiş və kənd təsərrüfatı məhsullarının istehsalında mövcud dinamikanın onu qane etmədiyini açıq söyləyib. Dövlət başçısının Prezident Administrasiyasına və Nazirlər Kabinetinə verdiyi tapşırıqlar əsasında kənd təsərrüfatının inkişafına dair yeni hərtərəfli və əhatəli bir Dövlət Proqramı hazırlanıb".

Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qubada regional müşavirədə deyib.

Qeyd olunub ki, Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir: “Əsas hədəf, sadəcə, istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır. Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.

Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcək”.

Oxşar xəbərlər

Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qubada regional müşavirə keçirilir
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər