Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin DÇ-2026 ilə bağlı gözləntiləri nədir? - SORĞU
Futbol üzrə dünya çempionatının startı ərəfəsində Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin turnirlə bağlı gözləntiləri və favorit komandaları müəyyənləşib.
Onlar bunu "Report"un sorğusuna cavab olaraq deyiblər.
Çingiz Abdullayev (Xalq yazıçısı): "Azərbaycanda hər zaman "Neftçi"nin qalib gəlməsini istəmişəm, lakin onlar bu turnirdə çıxış etmirlər. Beynəlxalq arenada isə 50 ildir sevdiyim bir komanda var, - Almaniya. "Neftçi" və "Bavariya" mənim üçün hər zaman birincidir. Almaniya millisi turnir tarixində 4 dəfə çempion olsa da, son 2 dünya çempionatında uğursuz iştirak edib ki, bu da onların tarixində heç vaxt yaşanmayıb. Ona görə də inanıram ki, bu dəfə komanda heç olmasa, ilk "4-lük"də yer alacaq. Ümumi götürdükdə isə turnirin əsas favoritləri Fransa və İspaniya yığmalarıdır".
Mənsum İbrahimov (Xalq artisti): "Açığı, futbola xüsusi marağım yoxdur, lakin ölkəni təmsil etdiyi üçün "Qarabağ"ın oyunlarını izləyirəm. Dünya çempionatı bir tamaşadır, insan baxanda zövq alır, çünki orada ən güclü futbolçular oynayır. Klub səviyyəsində isə daha çox "Real"ın (İspaniya) oyunlarına baxıram. Bu komandada türk dünyasının fəxri olan, sürəti, dinamikası ilə seçilən gənc və istedadlı Arda Gülər çıxış edir. Bu yaxınlarda uzaq məsafədən gözəl qol vurmağı da bacarmışdı. "Qarabağ"ın beynəlxalq arenada az büdcə ilə uğur qazanması da böyük fədakarlıqdır. Mundialda, sözsüz ki, Türkiyə yığmasına azarkeşlik edəcəyəm, çünki bütün türk dünyası bu komandanı izləyəcək. Hətta düşünürəm ki, gözlənilən səviyyədə çıxış etsələr, yaxşı şansları da var. Bəzən yaxşı mənada gözləmədiyin hadisələrlə də rastlaşırsan. Ümumi çempionluq şanslarına gəlincə, favoritlər arasında Almaniya və Fransanın adını çəkmək olar. Məncə, Braziliyanın şansı daha böyükdür. Bir neçə il əvvəl Braziliyada, "Marakana" stadionunda olmuşam və oradakı insanların futbol sevgisini yaxından görmüşəm. Ölkədə hamı futbolla yaşayır. Bu səbəbdən onların turnirdə qalib olmaq imkanı daha çoxdur. Arzu edirəm ki, gələcəkdə Azərbaycan komandası da belə mötəbər turnirlərə vəsiqə qazansın, ulduzlar yetişsin və aparıcı klublarda oynasınlar".
Sabir Rüstəmxanlı (Xalq şairi): "Cavanlıqda futbolla çox maraqlansam da, indi əvvəlki həvəsim yoxdur. Hazırda yalnız "Qarabağ"ın beynəlxalq səviyyəli görüşlərini izləyirəm. Dünya çempionatında yalnız Türkiyə komandasına azarkeşlik edəcəyəm. Mənə elə gəlir ki, builki çempion Amerika qitəsindən, Cənubi Amerikadan olacaq, çünki onlar həmişə sürprizlər edirlər. Braziliya və İspaniya hər zaman güclüdür, Almaniya gözlənilməzdir, İngiltərə səbirlidir. İtaliya çılğındır, amma təəssüf ki, bu dəfə dünya çempionatında iştirak etməyəcək. Portuqaliya isə sürpriz etməyə qadir komandadır. ABŞ futbolunun da son illərdə sürətlə inkişaf etdiyini görmək olar".
İlham Namiq Kamal (Xalq artisti): "Futbolda əvvəldən konkret proqnoz vermək olduqca çətindir. Oyun elə inkişaf edib ki, heç ağıla gəlməyən bir komanda belə çempionluq sevinci yaşaya bilər. Turnirdə kifayət qədər güclü kollektivlər var. Son vaxtlar yalnız konkret bir yığmanın azarkeşi olmaqdan imtina etmişəm və meydanda hansı komanda gözəl oynayırsa, onu dəstəkləyirəm, çünki futbol bir növ tamaşadır. Teatrda rejissorlarda olduğu kimi, futbolda da məşqçilərin böhranları var. Üslub baxımından Almaniya futbolunu daha çox sevirəm, almanların oyun tərzi tamamilə başqadır. Onların bu turnirdə olduqca maraqlı oyun nümayiş etdirə biləcəyini düşünürəm. Eyni zamanda, Fransa futbolu da maraqlıdır".
Hacı İsmayılov (Xalq artisti): "Dünya çempionatında yalnız Türkiyə yığmasına azarkeşlik edəcəyəm. Futbolda hansı komandanın çempion olacağını əvvəlcədən demək çətindir. Düşünürəm ki, son dünya çempionu Argentina yığmasının şansları daha çoxdur".
Nurəddin Mehdixanlı (Xalq artisti): "Bir vaxtlar Braziliya yığmasını həmişə izləyirdim, lakin onlar özünəməxsus futbol tərzini və simasını itirdikdən sonra futbola marağım azaldı. İndi yalnız "Qarabağ"ın oyunlarına baxıram. Dünya çempionatında konkret azarkeşlik etdiyim bir yığma yoxdur, sadəcə, kim gözəl oyun sərgiləyəcəksə, ona uğurlar arzulayıram. Təəssüf ki, bütün digər sahələr kimi, idman da müəyyən dərəcədə siyasiləşir. Baxırsan ki, bəzən gözəl oynayan komanda hansısa şəkildə "oyundankənar vəziyyət"ə salınır. Ancaq sıradan bir komanda çempion olur. Bu amil təmiz idmanın inkişafına mane olur, dünya çempionatında komandaların yalnız öz bacarıqlarına görə yer alacağına inamımı azaldır. Komandalar arasında Almaniya yığmasının oyun tərzi maraqlıdır. Onlar meydanda düşünülmüş, ağıllı futbol nümayiş etdirirlər, boş yerə enerji sərf etmirlər və oyunu sona qədər hesablanmış bir sistem üzərində qururlar. Bu səbəbdən də "alman maşını" adlandırılırlar. Zinəddin Zidanın dövründəki Fransa millisinin və Türkiyənin "Qalatasaray" klubunun oyunlarını da sevərdim. Amma zirvədə dayanmaq çox çətindir. Daha güclü olan çempion olsun".
Qeyd edək ki, bu gün startı veriləcək və iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.
Oxşar xəbərlər
DÇ-2026-nın əsas favoritləri - Türkiyə sürpriz edə biləcək komandalardan biridir
Argentina millisi dünya çempionatları tarixində penalti seriyaları üzrə rekordçudur
Azərbaycanın olimpiya çempionları DÇ-2026-da hansı komandalara azarkeşlik edəcəklər? – SORĞU
Almaniya millisinin üzvü Lennart Karl dünya çempionatında iştirak etməyəcək
"Bavariya" mövsümdə qolların sayına görə Almaniya çempionatının rekordunu qırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
