Azərbaycanda üzüm və xurma üçün məhsul subsidiyası verilə bilər
sizinxeber.az xəbər saytı

Azərbaycanda üzüm və xurma üçün məhsul subsidiyası verilə bilər


2027-ci ildən Azərbaycanda üzüm və xurma üçün məhsul subsidiyasının verilməsi imkanları nəzərdən keçiriləcək.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, subsidiya mexanizmi də təkmilləşdiriləcək: "Amma bu təkmilləşdirmə paralel şəkildə aparılacaq: fermerlərin maariflənməsi, elektronlaşmanın artırılması, torpaq xəritələrinin dürüstləşməsi ilə. Bu yolla biz subsidiyanı təkmilləşdirə biləcəyik. Əlbəttə ki, bu istiqamətdə əsas məqsəd məhsul subsidiyasına keçid etməkdir. Əgər əvvəllər sadəcə tütün, şəkər çuğunduru və pambığa görə məhsul subsidiyası verilirdisə, keçən ildən buraya qarğıdalı və günəbaxan tumları daxil edilib. Bu ildən alma və nar məhsulları daxil olunub. 2027-ci ildən biz artıq üzüm, xurma və digər bitkiləri nəzərdən keçirəcəyik. Əlbəttə ki, 100 % ərzaqlıq buğda da məhsul subsidiyası nümunələrindən biridir. Məhsul subsidiyasına keçid birmənalı deyil. Bu, eyni zamanda nəzarəti də ehtiva etməlidir və bunun üçün də resurs tələb olunur. Süni intellektin və elektronlaşmanın bizə verəcəyi üstünlüklər sayəsində və eyni zamanda aqrar sahədə uçotun dürüstləşməsi hesabına inanırıq ki, məhsul subsidiyasına keçid mümkün qədər daha sürətli olacaq".

"Dayanıqlı fəaliyyətin icra olunması üçün subsidiya daha çox əməliyyata deyil, daha çox investisiyaya və uzunmüddətli təsərrüfata təşviq etməlidir. Uzunmüddətli təşviq etmək isə hansı yolla mümkündür? Hər hansı bir ərazidə, misal üçün, torpağın hər hansı bir xüsusiyyəti bu və ya digər bitkinin yetişdirilməsinə uzunmüddətdə risklidirsə, dövlətin oranın təşviq etməsini doğru hesab etmirik", - deyə nazir əlavə edib.

Oxşar xəbərlər

Azərbaycanda soyuducu anbarların tutumu ilə bağlı hədəflər açıqlanıb
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Azərbaycanda lazerli maladan istifadə edən fermerlər əlavə subsidiya alacaq
Azərbaycanda 480 min hektar örüş və otlaq sahəsi bərpa edilə bilər
Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər