
Ramil İskəndərli: Qlobal Cənub QHT Platformasını 140-a yaxın ölkənin təşkilatları dəstəkləyib

Ramil İskəndərli: Qlobal Cənub QHT Platformasını 140-a yaxın ölkənin təşkilatları dəstəkləyib
Qlobal Cənub QHT Platformasını 140-a yaxın ölkənin təşkilatları alqışlayıb, 1000-dən çox xarici QHT isə bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə əlaqədar keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra - aprelin 28-də Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın – dünya ölkələrinin 2/3 hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə baş verəcək:
“Tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur. Bizim üçün şərəf və qürurdur ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir. Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq, 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb".
R.İskəndərli bildirib ki, üzvlərinin 84%-i inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış edib:
"Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb, Milli QHT Forumundan prosesin aparılması xahiş olunub. Bu qlobal təşəbbüsü reallığa çevirməkdə bizə əsl dəstək verdi. QHT-lərə Dövlət Dəstəyi Dəstəyi Agentliyinə minnətdarıq, köməklik üçün bütün müraciətlərimizə müsbət yanaşdılar. Dünyanın 110-dan artıq ölkəsindən aparıcı QHT rəhbərləri dəvətimizi qəbul edib, onlar Bakıda olacaq. Bu, Qlobal Cənub üçün də, Azərbaycan üçün də əsl QHT səfərbərliyidir, biz həmrəyliyimizi nümayiş etdirəcək, gücümüzü birləşdirəcəyik”.