Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi potensialının və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti dəfə təsdiqlənməsi baxımından mühüm hadisədir.
Bunu Sizinxeber.az-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran strateji hədəflərin aydın mənzərəsini ortaya qoyur.

Azərbaycanın beynəlxalq etimad kapitalı davamlı şəkildə artır
Tahir Mirkişilinin qeyd edib ki, Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına ev sahibliyi etməsi təsadüfi deyil: “Bu, ölkəmizə göstərilən beynəlxalq etimadın və Azərbaycanın formalaşdırdığı müsbət tərəfdaşlıq modelinin nəticəsidir. Son illərdə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. COP29-un Bakıda keçirilməsi, Ümumdünya Şəhərsalma Forumunun ölkəmizə həvalə olunması və digər mühüm tədbirlərin Azərbaycanda təşkili beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadının göstəricisidir. Azərbaycanın beynəlxalq təşkilatlarda qazandığı uğurlar da bu etimadın real nəticələridir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən çox geniş beynəlxalq dəstək aldı. Eyni zamanda Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi və təşkilata uğurla rəhbərlik etdi. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və sözünün sahibi olan tərəfdaş kimi qəbul edilir”.

Sabitlik Azərbaycanın inkişaf modelinin əsasını təşkil edir
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məqamlardan biri ölkədə mövcud olan siyasi, iqtisadi və sosial sabitlikdir: “Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında məhz sabitlik dayanır. Müstəqilliyimizin ilk illərində yaşanan çətinliklərdən sonra ölkəmizdə güclü dövlətçilik ənənələri formalaşdırıldı və uzunmüddətli inkişaf strategiyası həyata keçirildi. Son 35 ildə Azərbaycanın böyük hissəsi sabitlik və inkişaf dövrü kimi xarakterizə olunur. Sabitlik investisiya mühitinin formalaşmasında həlledici rol oynayıb. Bu gün investorlar yalnız iqtisadi göstəricilərə deyil, eyni zamanda ölkədəki sabitliyə, təhlükəsizliyə və dövlət institutlarının etibarlılığına diqqət yetirirlər. Azərbaycan bu baxımdan regionun ən etibarlı ölkələrindən biridir. Ölkəmizin qazandığı investisiya uğurları da məhz bu amillərlə bağlıdır”.
İqtisadi göstəricilər Azərbaycanın inkişaf tempini nümayiş etdirir
Tahir Mirkişili hesab edir ki,, Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər həyata keçirilən iqtisadi siyasətin uğurunu əyani şəkildə nümayiş etdirir: “Bu gün qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizindən çoxunu təşkil edir. Bu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin mühüm nəticəsidir. Azərbaycan artıq yalnız enerji resursları hesabına inkişaf edən ölkə deyil. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm və xidmət sektoru iqtisadi artımın əsas mənbələrindən birinə çevrilib. Ölkənin maliyyə dayanıqlığı da diqqət çəkən amillərdəndir. Azərbaycanın xarici dövlət borcu ÜDM-in təxminən 6 faizini təşkil edir ki, bu da dünyanın ən aşağı göstəricilərindən biridir. Eyni zamanda müstəqillik dövründə ölkə iqtisadiyyatına 350 milyard dollara yaxın investisiya cəlb edilib. Bu investisiyaların böyük hissəsi iqtisadi infrastrukturun formalaşdırılmasına və yeni istehsal sahələrinin yaradılmasına yönəlib. Sosial göstəricilər də iqtisadi inkişafın insanların həyatına müsbət təsir göstərdiyini sübut edir. Yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faiz həddində olması sosial siyasətin uğurunun göstəricisidir. Əhalinin rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır”.

Azərbaycan enerji və logistika sahəsində strateji mərkəzə çevrilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi vurğulanıb: “Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Bu, ölkəmizin beynəlxalq enerji bazarında mühüm aktora çevrildiyini göstərir. Azərbaycanın enerji siyasətinin əsas xüsusiyyəti etibarlılıqdır. Bu gün tərəfdaş ölkələr Azərbaycanı uzunmüddətli və etibarlı enerji təchizatçısı kimi qəbul edirlər. Nəqliyyat-logistika sahəsində əldə olunan nailiyyətlər də strateji əhəmiyyət daşıyır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Son illərdə yaradılan müasir infrastruktur ölkəmizin regional logistika mərkəzinə çevrilməsinə imkan verib. Qarşıdakı illərdə ölkə üzərindən daşınan yüklərin həcminin iki dəfə artırılması hədəfi Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək”.

Qarabağın bərpası yeni iqtisadi inkişaf mərhələsi yaradır
Deputat qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ölkənin inkişaf tarixində yeni mərhələnin başlanğıcıdır: “Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dünyanın ən genişmiqyaslı yenidənqurma proqramlarından biridir. Azad edilmiş ərazilərə artıq 17 milyard dollara yaxın investisiya yatırılıb. Müasir şəhərlər və kəndlər salınır, yollar, hava limanları, enerji və kommunal infrastrukturu qurulur”.
Onun sözlərinə görə, Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir:
“Artıq 90 minə yaxın insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır. Bu göstərici regionun sosial-iqtisadi canlanmasının ən mühüm sübutlarından biridir. Azərbaycan bölgədə davamlı sülhün təmin olunması istiqamətində də ardıcıl təşəbbüslərlə çıxış edir. Azərbaycan qalib dövlət kimi bölgədə əməkdaşlıq və inkişaf gündəmini təşviq edir. Dayanıqlı sülh həm region ölkələrinin, həm də beynəlxalq tərəfdaşların maraqlarına cavab verir”.

Gələcək inkişafın əsas istiqamətləri müəyyənləşdirilib
Tahir Mirkişili bildirib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın gələcək inkişaf prioritetləri də aydın şəkildə müəyyənləşdirilib:
“İqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, innovasiya və yüksək texnologiyaların tətbiqi əsas istiqamətlərdəndir. Bununla yanaşı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı xüsusi əhəmiyyət daşıyır”.
Deputat yaşıl enerji sahəsinin də strateji prioritetlərdən biri olduğunu qeyd edib:
“2032-ci ilədək 8 qiqavat həcmində günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır. Bu layihələr Azərbaycanın enerji keçidi prosesində lider ölkələrdən birinə çevrilməsinə imkan verəcək. COP29-un ev sahibi kimi ölkəmizin yaşıl inkişaf strategiyası beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir”.
Tahir Mirkişilinin fikrincə, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi mesajlar Azərbaycanın qarşıdakı illərdə də sabitlik, inkişaf və beynəlxalq əməkdaşlıq xəttinə sadiq qalacağını nümayiş etdirir:
“Bu gün Azərbaycan həm iqtisadi göstəricilərinə, həm siyasi sabitliyinə, həm də beynəlxalq nüfuzuna görə regionun ən güclü dövlətlərindən biridir. Qarşıdakı dövrdə iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, yaşıl enerji layihələrinin həyata keçirilməsi və Qarabağın bərpası ölkəmizin inkişafının əsas hərəkətverici qüvvələri olacaq”.
Oxşar xəbərlər
İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-2 - FOTO
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
