Naxçıvanda “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib


İyunun 24-də Naxçıvan şəhərində "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması və türkman vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlıq görüşü, “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib.

APA xəbər verir ki, görüşdə İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Tədbir türkman irsinin qorunması, ortaq tarixi-mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məqsədini daşıyıb.

Görüşdə TDT ölkələri QHT-lərinin Platformasının sədri, Milli Məclisin deputatı Azər Allahverənov, Suriya parlamentinin Hələbdən seçilmiş deputatı Tarık Sülo Cevizcinin, "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev, Kərkük Vilayət Məclisinin (İraq) üzvü Əhməd Rəmzi, Türkməneli Alimlər Təşkilatının sədri Nəbil Şahin Kifrili, Kərkük Birliyi Strateji Araşdırmalar Mərkəzi İdarə Heyətinin üzvü Məhəmməd Şeyxlər, Türkman Düşüncə Hərəkatının rəhbəri Eyhem Çamur, həmçinin yerli QHT nümayəndələri iştirak ediblər.

Naxçıvanda keçirilən "Türkman irsi: dil, mədəniyyət və tarix" mövzusunda elmi müzakirə çərçivəsində jurnalistlərə açıqlamasında Kərkük Universitetinin (İraq) müəllimi Nəbil Şahin Kifrili bildirib ki, Azərbaycanda Kərkük türkmanlarına olan böyük diqqət bizim üçün qürur mənbəyidir: “Kərkük türkmanları türk dünyasının ayrılmaz parçasıdır. Bizi unutmamağınız bizim üçün böyük qürur mənbəyidir. Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi olduqca önəmlidir. Eyni zamanda, Türk Alimlər Birliyinin, Türk Dövlətləri Təbiblər Birliyinin, Türk Dövlətləri Şairlər və Ədəbiyyatçılar Birliyinin yaradılması da ortaq məqsədlərimizə xidmət edən mühüm addımlardır. Kərkükdə və Hələbdə universitetlərin açılması, türk dilində təhsil verən məktəblərin yaradılması, müasir səhiyyə müəssisələrinin fəaliyyətə başlaması çox önəmli addımlar olar. Bu cür layihələr həmin bölgələrdə yaşayan türkmanlar arasında türk dünyasına və Azərbaycana sevgi ilə bağlılığın daha da möhkəmlənməsinə xidmət edəcək”.

Zəngəzur dəhlizinin açılacağına ümid etdiyini bildirən Nəbil Şahin Kifrilinin ən böyük arzusu isə Bakıdan Naxçıvana təyyarə ilə deyil, avtobuslarla, türk mahnıları oxuya-oxuya səfər edə bilməkdir.

Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov isə açıqlamasında vurğulayıb ki, görüşdə İraq, Suriya, Livan və digər ölkələrdə yaşayan türkman icmalarının nümayəndələri iştirakı əməkdaşlığın böyük perspektivlərə malik olduğunu göstərir: “Əsas isə səbəbi ortaq dil, mədəniyyət, tarix və bir-birinə yaxın dəyərlərin mövcudluğudur. Bu nümunələr bir daha göstərir ki, biz əməkdaşlığı sıfırdan qurmuruq. Əsrlər boyu formalaşmış münasibətlərə, ortaq tarixə və möhkəm təməllərə söykənirik. Gələcəkdə müəyyənləşdirilən istiqamətlər üzrə türkman icmaları ilə birgə layihələrin və əməkdaşlıq proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd isə türk dünyasının həmrəyliyini daha da gücləndirmək, yeni təşəbbüslərin reallaşdırılmasına töhfə verməkdir”.

Oxşar xəbərlər

Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək
Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək
Naxçıvanda İraq və Suriyadakı türkman irsi müzakirə olunub
Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib - FOTO - YENİLƏNİB
Azər Allahverənov: QHT-lər Türk dünyasının inteqrasiyasına böyük töhfə verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər