İranlı deputat Körfəz ölkələrini ittiham edib, Yəmən rəsmisi isə ölkəsindəki humanitar böhrana görə Tehranı günahlandırıb
İranlı deputat Ruhullah Motəfəkkeriazad İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında BƏƏ, Yəmən və digər müsəlman ölkələrinin təmsilçilərini çıxışlarına görə qınayıb.
Sizinxeber.az-nın xəbərinə görə, İran parlamentinin deputatı BƏƏ nümayəndəsini çıxışı zamanı həqiqətləri təhrif etməyə cəhddə günahlandırıb.
Ruhullah Motəfəkkeriazad ABŞ və İsrailə məxsus hərbi texnika, o cümlədən döyüş təyyarələrinin bəzi müsəlman ölkələrinin ərazilərindən İrana qarşı istifadə olunduğunu deyib, həmin ölkələrin ABŞ və İsrailin İrana qarşı əməliyyatlarına dəstək verdiklərini iddia edib.
“İndi isə özlərini qurban kimi təqdim etməyə çalışırlar. Lakin bu iddia həqiqətə uyğun deyil. Öz ərazisini təcavüzkarın istifadəsinə verən dövlət qurban olduğunu iddia edə bilməz”, - iranlı deputat deyib.
Bu müharibədə İranın “böyük itkilər verdiyini” bildirən Motəfəkkeriazad “İran xalqının iradəsinin sarsılmadığını” vurğulayıb.
O, rəsmi Tehranın qonşularına qarşı həmişə xoşməramlı münasibət göstərdiyini və beynəlxalq hüququn prinsiplərinə sadiq qaldığını diqqətə çatdırıb: “Biz regionun mərkəzində yerləşən və təhlükəsizliyimiz üçün təhdid hesab etdiyimiz ABŞ hərbi bazalarını hədəfə aldıq”.
İranlı deputat Yəmən nümayəndəsinin tədbir zamanı İran İslam Respublikası ilə bağlı “əsassız ittihamlar səsləndirdiyini” qeyd edib: “Mən onun yanlış və əsassız iddialarına cavab verməyi zəruri hesab etmirəm. Yalnız onu qeyd etmək istəyirəm ki, həmin şəxsin çıxışı reallığı əks etdirmir və ümid edirəm ki, yaxın gələcəkdə beynəlxalq platformalarda Yəmən xalqının həqiqi nümayəndələri iştirak edəcəklər”.
İranlı deputat vurğulayıb ki, bölgənin təhlükəsizliyi yalnız region ölkələrinin qarşılıqlı əməkdaşlığı və İslam dövlətləri arasında həmrəylik yolu ilə təmin oluna bilər.
Ruhullah Motəfəkkeriazadın çıxışı BƏƏ və Yəmən nümayəndələrinin etirazına səbəb olub.
İranlı deputata cavab verən Yəmən Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani Yəmən sivilizasiyasının İran sivilizasiyasından heç də zəif olmadığını bəyan edib: “Hörmətli həmkarımızın çıxışında səsləndirilən fikirlərlə razılaşmırıq. Nə bu gün səhər İran parlamenti sədrinin çıxışında, nə də indi iranlı həmkarımızın çıxışında deyilənlər həqiqəti tam əks etdirir. İrandakı qardaşlarımıza tövsiyə edirəm ki, bir qədər tarixi xatırlasınlar. İran-İraq müharibəsinə nəzər salsınlar. Həmin səkkiz illik müharibənin sonunda Ruhullah Xomeyni özü bildirmişdi ki, sülh razılaşmasını qəbul etmək onun üçün “zəhər dolu piyaləni içmək” kimi olub. Bu gün də vəziyyət fərqli deyil. Əgər Körfəz ölkələri hadisələrə müdaxilə etməsəydilər və ABŞ Prezidentini sülhə sövq etməsəydilər, İran yenidən həmin “zəhər piyaləsini” içmək məcburiyyətində qalacaq və razılaşmanı daha ağır şərtlərlə qəbul edəcəkdi. Bu baxımdan bütün təşəkkür Körfəz ölkələrinə düşür. Məhz onlar ABŞ Prezidentinin sülh yolunu seçməsinə təsir göstərdilər və regionun daha böyük dağıntılardan qorunmasına kömək etdilər. İranlı qardaşlarıma demək istəyirəm ki, bizi sizinlə coğrafiya da, tarix də birləşdirir. Lakin həm sizdə, həm də bizdə sonradan yaranmış siyasi düşüncə tərzi regionun bəlasına və fitnəsinə çevrilib. Hegemonluq arzularından uzaq durun. Çünki bu yol fəlakətə aparır. Siz 47 il ərzində İranı bir müharibədən digər müharibəyə, bir silahlı qrupdan digərinə, bir “inqilab ixracı” layihəsindən digərinə sürükləmisiniz. Bu gün Yəməndə yaşanan humanitar faciənin səbəblərindən biri sizin siyasətinizdir. Livan da sizin siyasətiniz üzündən ağır vəziyyət yaşayır. İsrailin təcavüzü ayrı məsələdir, amma qardaşım, artıq bəsdir. İslam dünyasının parçalanması və qruplaşmalara bölünməsi kifayətdir. İslam aləmi bu parçalanmalardan, bu ixtilaflardan əziyyət çəkir. Hamımız bundan yorulmuşuq. Bizə yeni münaqişələr deyil, daha çox həmrəylik, əməkdaşlıq və birlik lazımdır”.
Oxşar xəbərlər
“Reuters”: İran körfəz ölkələrini müharibə ilə hədələyib
KƏŞ rəsmisi: Azərbaycanla iqtisadi əməkdaşlığın artırılması üçün böyük potensial var
İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur
İsrail müdafiə naziri: İrana qarşı qabaqlayıcı zərbə endirilib
Hikmət Hacıyev və Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
