SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
Serbiyanın "Elektroprivreda Serbiya" (EPS) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının (QES) inkişafı, tikintisi və idarə edilməsi üzrə səhmdarlar müqaviləsinin yaxın həftələrdə imzalanması gözlənilir.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Niş şəhərinin meri Draqoslav Pavloviç ilə görüşdə deyib.
Tərəflər görüş zamanı, ümumilikdə, Nişdə qazla işləyən elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətləri müzakirə ediblər.
D. Handanoviç 2030-cu ildə elektrik stansiyasının tikintisinin başa çatdırılmasının planlaşdırıldığını vurğulayıb: "Planlaşdırma sənədlərinin hazırlanması və uyğunlaşdırılması istiqamətində fəaliyyətlərə başlanılıb. Niş şəhərinin məkan planı artıq qəbul olunub və bu, planlaşdırma sənədləri üzərində gələcək işlər üçün əsas yaradır. Layihədə iştirak edən bütün aidiyyəti tərəflərin görüşündə layihəçidən 2030-cu ilin sonunadək həyata keçiriləcək əsas fəaliyyətlər və icra qrafiki barədə məlumat almaq imkanımız olub. Məhz həmin ildə elektrik stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni obyekt elektrik enerjisi təchizatının etibarlılığını artıracaq və Serbiyanın enerji sabitliyini gücləndirəcək, eyni zamanda Niş sakinlərinin istilik enerjisi ilə təminatının yaxşılaşdırılmasına əlavə töhfə verəcək".
Nazir vurğulayıb ki, layihənin hazırlanması üçün zəruri olan bütün tədbirlərin mümkün qədər tez həyata keçirilməsi məqsədilə bütün iştirakçıların tam səfərbər olması vacibdir: "Bu prosesə həmçinin EPS və SOCAR arasında birgə müəssisənin yaradılması da daxildir. Hazırda gələcək birgə şirkət üçün EPS və SOCAR arasında səhmdarlar müqaviləsinin razılaşdırılması prosesi davam edir və sənədin yaxın həftələrdə imzalanması gözlənilir".
Niş şəhərinin meri Draqoslav Pavloviç isə bildirib ki, Niş şəhər administrasiyası və bütün yerli qurumlar layihənin mümkün qədər tez hazırlanmasına və tikintinin qısa zamanda başlaması üçün lazım olan bütün addımların atılmasına maksimum dərəcədə sadiqdirlər.
Qeyd edək ki, iyunun əvvəlində Bakıda EPS və SOCAR Nişdə qazla işləyən elektrik stansiyasının inkişafı, tikintisi və idarə olunması üzrə əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalayıblar. Bu sənəddə layihənin hazırlanması və həyata keçirilməsi üçün birgə səhmdar cəmiyyətinin yaradılmasının əsas prinsipləri, eləcə də gələcək əməkdaşlığın başlıca kommersiya aspektləri müəyyən edilib.
D. Handanoviç xatırladıb ki, Niş QES Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən strateji layihədir. Bu layihə üzrə dövlətlərarası saziş bu ilin fevral ayında Belqradda, hər iki ölkənin prezidentlərinin iştirakı ilə imzalanıb.
Oxşar xəbərlər
SOCAR Serbiya şirkəti ilə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb
Nazir: Serbiya 2032-ci ilə qədər atom elektrik stansiyasının tikintisinə hazır ola bilər
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq
Nazir: "Azərbaycan və Serbiya tezliklə Niş yaxınlığında qaz elektrik stansiyasının tikintisi ilə bağlı memorandum imzalayacaqlar"
Nazir: “Serbiya və Azərbaycan qış dövrü üçün qaz tədarükü həcmlərini razılaşdırıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
