LOT aviaşirkətinin təyyarəsi təcili qaydada Bakıya qayıdıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
may
2025
10:00

LOT aviaşirkətinin təyyarəsi təcili qaydada Bakıya qayıdıb

03 may, 2025
10:00
713

LOT aviaşirkətinin təyyarəsi təcili qaydada Bakıya qayıdıb

Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən “LOT Polish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” tipli hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı alıb və məcburi eniş sorğusu göndərib.

“Sizinxeber.az” Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilmiş, sərnişinə yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməyib və o, tibbi nəzarətə götürülüb.

Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin təhlükəsizliyini və rifahını hər zaman prioritet olaraq qəbul edir və bu kimi hallarda operativ koordinasiya ilə beynəlxalq xidmət standartlarına uyğun yüksək səviyyəli əməliyyat tədbirlərini həyata keçirməyə davam edir.

Bizimlə əlaqə saxlayın