AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
sizinxeber.az xəbər saytı

AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY


Son illər Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, Avropanın enerji təhlükəsizliyində artan rolu, ərazi bütövlüyünün bərpası və regional gücə çevrilməsi ölkəyə münasibətdə beynəlxalq siyasi müzakirələrin intensivləşməsinə səbəb olub.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurları dəstəkləyən qüvvələrlə yanaşı, xüsusilə ölkənin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər zamanı bəzi Avropa siyasi dairələri tərəfindən qərəzli siyasi kampaniyaların da şahidi olunur.

V. Rəhimzadə qeyd edib ki, Almaniya Bundestaqının deputatı və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) sosial-demokratlar qrupunun rəhbərlərindən olan Frank Şvabe uzun illərdir Azərbaycana qarşı tənqidi mövqeyi ilə seçilən siyasətçilərdən biridir.

Onun fikrincə, F. Şvabenin Azərbaycana dair çıxışları sistemli xarakter daşıyır və müəyyən siyasi dairələrin maraqları ilə üst-üstə düşür:

"Müşahidələr göstərir ki, F. Şvabenin Azərbaycanla bağlı mövqeyi ardıcıl şəkildə tənqidi xarakter daşıyır. Bu baxımdan 2017-ci ildə 'European Strategic Intelligence and Security Center' tərəfindən yayımlanan 'The Armenian Connection' hesabatında bəzi Avropa siyasətçilərinin erməni təşkilatları ilə əlaqələrinə dair məlumatların yer alması diqqət çəkir. Həmin sənəddə Şvabenin də adı qeyd olunub".

Deputat bildirib ki, Şvabe tərəfindən səsləndirilən fikirlər bir sıra beynəlxalq və regional dairələrin Azərbaycana münasibətdə irəli sürdüyü mövqelərlə üst-üstə düşür.

V. Rəhimzadə hesab edir ki, insan hüquqları və demokratiya məsələlərində beynəlxalq təşkilatlar bütün ölkələrə münasibətdə eyni meyarlardan çıxış etməlidir:

"Əgər insan hüquqlarının müdafiəsi beynəlxalq təşkilatların əsas missiyasıdırsa, bu prinsiplər bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Avropa ölkələrinin özündə də hüququn aliliyi, miqrantların hüquqları, islamofobiya, antisemitizm və jurnalistlərin fəaliyyəti ilə bağlı müxtəlif problemlər mövcuddur. Bu məsələlər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır".

Deputatın sözlərinə görə, son illərdə müxtəlif beynəlxalq qurumların hesabatlarında Avropa ölkələrində hüququn aliliyinin zəifləməsi, məhkəmə sisteminə siyasi təsirlər və ayrı-seçkilik halları ilə bağlı narahatlıqlar qeyd olunub.

V. Rəhimzadə AŞPA-nın fəaliyyətinə də toxunaraq bildirib ki, qurumun bəzi qərar və mövqeləri onun obyektivliyi ilə bağlı suallar yaradır:

"Beynəlxalq təşkilatların nüfuzu onların obyektivliyindən asılıdır. Əgər oxşar hadisələrə fərqli yanaşmalar nümayiş etdirilirsə, bu, həmin institutların fəaliyyətinə dair suallar doğurur".

Deputat qeyd edib ki, Azərbaycanın işğal dövründə üzləşdiyi humanitar problemlərə beynəlxalq təşkilatlar tərəfindən lazımi həssaslığın göstərilmədiyini düşünür. O, həmçinin 44 günlük Vətən müharibəsi dövründə bəzi beynəlxalq dairələrin nümayiş etdirdiyi mövqelərin də müzakirə mövzusu olduğunu bildirib.

V. Rəhimzadənin fikrincə, demokratiya və insan hüquqları universal dəyərlərdir və onların selektiv şəkildə tətbiqi beynəlxalq institutların etibarlılığına mənfi təsir göstərir:

"Qərəzli və selektiv yanaşmalar beynəlxalq təşkilatlara ictimai etimadın azalmasına səbəb olur. Bu baxımdan bütün ölkələrə münasibətdə vahid və ədalətli meyarların tətbiqi vacibdir".

Oxşar xəbərlər

Azərbaycanın suverenliyi AŞPA-nın bəzi nümayəndələri tərəfindən hələ də obyektiv qəbul edilmir - RƏY
Parlament sədri: AŞPA gürcü xalqına qarşı alətə çevrilib
İlham Əliyev: AŞPA-nın Azərbaycana qarşı mövqeyi ərazi bütövlüyümüzü təmin etməyimizlə əlaqədardır 
Ayxan Hacızadə: Şvabenin Azərbaycanın siyasi rəhbərliyinə qarşı səsləndirdiyi fikirlər ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir
Şvabenin qərəzli mövqeyi Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər