ABŞ və İran 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

ABŞ və İran 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb - YENİLƏNİB-3


İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən vasitəçi dövlətlər - Qətər və Pakistan Xarici İşlər nazirliklərinin (XİN) İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair yaydığı birgə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, sammit müsbət və konstruktiv atmosferdə keçib, növbəti texniki danışıqlar üçün mexanizmin yaradılması da daxil olmaqla, həvəsləndirici irəliləyişlər əldə olunub.

Bəyanatda tərəflərin vasitəçiliyə siyasi nəzarəti təmin edəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəldikləri vurğulanıb.

"Yüksək səviyyəli komitə növbəti texniki danışıqların dərhal başlaması üçün zəmin yaradaraq 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb. Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün anlaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb", - bəyanatda qeyd edilib.

Həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək məqsədilə tərəflər və Livan arasında vasitəçilərin dəstəyi ilə münaqişələrin qarşısını alma üzrə qrupun yaradılması barədə razılığa gəlindiyi diqqətə çatdırılıb.

"Vasitəçi tərəflər yekun razılaşmanın əldə olunması məqsədilə danışıqların bundan sonra da konstruktiv atmosferdə aparılmasını təmin etmək üçün əllərindən gələni etməyə davam edəcəklər", - Qətər və Pakistan XİN-in birgə bəyanatında bildirilib.

Daha əvvəl İran XİN-in sözçüsü İsmayıl Bəqai ABŞ-İran danışıqlarında neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması məsələsində irəliləyiş əldə olunduğunu açıqlayıb.

Qeyd edək ki, tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.

Agentlik hazırda danışıqların dayandırıldığını və onun gələcək taleyinin qeyri-müəyyən olduğunu bildirib.

"Al Hadath" telekanalı isə İranın ABŞ-nin imzalanmış anlaşma memorandumunun qarşılıqlı təhdidlərin yolverilməzliyini ehtiva edən birinci bəndini yerinə yetirməsi tələbini irəli sürdüyünə dair məlumat yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf isə "X" sosial şəbəkə hesabında paylaşım edərək Silahlı Qüvvələrin bütün təhdidlərə cavab verməyə hazır olduğunu bildirib.

Qətər Xarici İşlər Nazirliyi danışıqların başladığını və ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qətər XİN bəyanat yayıb.

"Qətər dövləti, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkənin - Qətər dövləti və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə zirvə görüşünün başladığını elan edir", - deyə məlumatda qeyd olunub.

Rəsmi Doha ümid etdiyini bildirib ki, bu görüşlər ABŞ və İran arasında anlaşma memorandumunda nəzərdə tutulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir razılaşmanın əldə olunmasına gətirib çıxaracaq.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari tərəflərin yekun razılaşmanın bəndlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki qruplar yaratdıqlarını bildirib. Diplomatın sözlərinə görə, bu, bütün tərəflərin danışıqlar prosesinin xoşməramlı şəkildə irəliləməsinə sadiqliyini əks etdirir.

Əl-Ənsari həmçinin Pakistanın tərəfdaş və vasitəçi kimi rolunu, Vaşinqton və Tehranın diplomatik həllərə sadiqliyini və Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Hazırda İran, ABŞ və Qətər nümayəndələri arasında üçtərəfli görüş başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

Görüşdə Livanda atəşkəs və İran aktivlərinin blokdan çıxarılması müzakirə olunur.

İsveçrənin Bürgenstok kurort zonasındakı danışıqlarında İran nümayəndə heyəti memorandumun beş bəndinin həyata keçirilməsinə nail olmağa çalışır, lakin qalan üç bənd barədə məlumat verilməyib.

Qeyd edək ki, İran Livanda atəşkəs elan olunana qədər ABŞ ilə sanksiyalar və İranın nüvə proqramı ilə bağlı yeni danışıqlara başlamayacağını bəyan edib.

Oxşar xəbərlər

Əraqçi İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının konkret nəticələrini açıqlayıb
ABŞ-İran danışıqları başlayıb – YENİLƏNİB
ABŞ-İran növbəti yüksək səviyyəli danışıqlarının tarixi açıqlanıb
Pakistan XİN: ABŞ və İran İsveçrədə texniki məsləhətləşmələr keçirəcək
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər