Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III konqres-festival keçirilir
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış" III konqres-festivalı öz işinə başlayıb.
"Report" xəbər verir ki, konqres-festivalın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.
Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Ordubad şəhərində "Qərbi Azərbaycana qayıdış" festival-konqresinin rəsmi açılış mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin təqdimatında Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş bədii kompozisiya və I və II "Qərbi Azərbaycana Qayıdış" konqres-festivallarını əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək Qərbi Azərbaycan mövzusunun Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mənəvi irsi ilə ayrılmaz şəkildə bağlı olduğunu bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qərbi Azərbaycan mövzusunun ölkəmizin təhsil və elmi sahələrdə əsas mövzulardan birinə çevrildiyini diqqətə çatdıraraq bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd edib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konqres-festivalın təşkil olunmasında əməyi keçən bütün təşkilatlara minnətdarlıq edərək bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ölkəmizin xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biridir. O vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan arasında faktiki olaraq yeni münasibətlər mərhələsinin formalaşması üçün imkanlar yaranıb. Hüquqi baxımdan hələ həllini gözləyən məsələlər mövcuddur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacib şərt olaraq qalır. Ermənistan rəhbərliyi bu istiqamətdə referendum keçiriləcəyini bəyan edib. Belə olduğu təqdirdə, Azərbaycan və Ermənistan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar yaranacaq. Əsas məqsəd Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, onilliklər boyu davam edən qarşıdurmalara son qoyulmasıdır.Azərbaycan milli maraqlarını rəhbər tutaraq, baş verən proseslərə uyğun şəkildə siyasətini davam etdirəcək.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər milli özünüdərkimizin, tarixi ədalətə inamımızın və dövlətçilik iradəmizin təntənəsi olub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli konfransın işinə uğurlar arzulayaraq Qərbi Azərbaycan mövzusuna həsr olunmuş tədbirin məhz XX əsrin əvvəllərində qanlı hadisələrdən ən çox təsirlənmiş bölgələrdən biri olan Naxçıvanda və Ordubadda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, bu, bir tərəfdən tarixi hadisələrin obyektiv şəkildə dəyərləndirilməsi və gələcək nəsillərə çatdırılması, digər tərəfdən isə gənclərin müstəqil dövlətçilik, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm rol oynayır. İ. Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər regionda yeni siyasi reallıqlar yaradıb, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində yeni mərhələnin əsasını qoyub.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək vurğulayıb ki, bölgədə sülh şəraitində həyatı davam etdirməyin yeganə yolu burada Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmaqdır. Bu reallıqlardan biri də ilkin mərhələdə, Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişənin tərkib hissəsi kimi öz doğma ocaqlarından qovulmuş 300 min azərbaycanlı qaçqının və onların övladlarının geriyə qayıdış hüququnun tanınması və təmin edilməsidir. Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinin paraflanması, birgə bəyannamənin imzalanması nəhayət bölgəyə sülhün gəlməsinə inamı artırıb. Birgə yaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Bu baxımdan, bu cür tədbirlərin məhz burada keçirilməsi həm də qarşı tərəfə ünvanlanan mühüm bir mesajdır.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova festival-konqresin maariflənmə və yaddaşı təzələmək baxımından önəminə toxunaraq bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən bu mötəbər tədbir öz mahiyyəti və verəcəyi mesajlarla xüsusi əhəmiyyət daşıyır.
Türkiyənin İğdır Universitetinin rektoru Ekrem Gürel qeyd edib ki, Qərbi Azərbaycana qayıdış missiyası yalnız coğrafi bir həsrətin və ya keçmişə dönüş istəyinin ifadəsi deyil, ədalətin, tarixi həqiqətlərin və nəsillər boyu yaşadılmış mədəni irsin öz haqqına qovuşdurulması mübarizəsidir.
Sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının "Qərbi Azərbaycan" layihəsinin təqdimatı izlənilib.
Bədii hissə ilə davam edən tədbirə Qərbi Azərbaycanın zəngin folklorunu, musiqi ənənələrini və milli-mənəvi dəyərlərini özündə əks etdirən konsert proqramı təşkil edilib.
Bədii hissənin ardınca Qərbi Azərbaycana həsr olunmuş sərgilərə baxış olub. Ordubadın qədim məhəllələri boyunca qurulan pavilyon və stendlərdə əslən Qərbi Azərbaycandan olan və muxtar respublikada yaşayan soydaşlarımız öz doğma yurd yerlərinin adət-ənənələri, mədəniyyəti, folklor nümunələri və kulinariyasını nümayiş etdiriblər.
Müasir texnologiyalarla ənənəvi sənət nümunələrini bir araya gətirən ekspozisiyalar iştirakçılara Qərbi Azərbaycanın keçmişini, mədəniyyətini və həyat tərzini yaxından tanımaq imkanı yaradıb.
Azərbaycan aşıq sənətinin qədim ənənələrini yaşadan ustad aşıqların ifasında dastanlar və xalq musiqisi nümunələri təqdim olunub.Həmçinin görkəmli rəssam Mirzə Qədim İrəvaninin yaradıcılığını əks etdirən sənət nümunələri nümayiş olunub, onun Azərbaycan təsviri sənətinə verdiyi töhfələr təqdim edilib. Xalça sərgisində isə Qərbi Azərbaycan xalçaçılıq məktəbinin ənənələri, qədim ornamentləri və əl işləri sərgilənib.
Qərbi Azərbaycanın tarixi, təbiəti, milli-mədəni dəyərləri, eləcə də bölgənin tarixi abidələrini və maddi-mədəni irsini əks etdirən rəsm sərgiləri də maraqla qarşılanıb.
Festival iştirakçıları Qərbi Azərbaycan florası, kulinariyası, qədim yurd yerlərimizin tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı kitab, jurnal, qəzet sərgilərinə də baxıblar.
Konqres-festival Qərbi Azərbaycanın tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr olunmuş 8 istiqamət üzrə plenar iclas və panel müzakirələrlə öz işini davam etdirir.
Oxşar xəbərlər
Naxçıvanda III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı keçirilir
Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək
Naxçıvanda III "Qərbi Azərbaycana Qayıdış" festival-konqresi keçiriləcək
Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” Respublika Elmi Konfransı keçirilir
Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdışın koordinasiya mərkəzi gələcəkdə Naxçıvan ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
