Zakir Quliyev: "Selləmə suvarmanın yaratdığı su itkiləri azaldılacaq"
sizinxeber.az xəbər saytı

Zakir Quliyev: "Selləmə suvarmanın yaratdığı su itkiləri azaldılacaq"


Selləmə suvarmanın yaratdığı su itkiləri azaldılacaq.

"Sizinxeber.az"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, ölkə ərazisində əsasən klassik suvarma üsullarından, xüsusilə selləmə suvarmadan geniş istifadə olunur: "Selləmə suvarma zamanı əkin sahələrinə verilən suyun müəyyən hissəsi ərazinin relyefi, sahənin hamarlıq səviyyəsi, torpağın sukeçirmə qabiliyyəti və mövcud suvarma şəbəkələrinin texniki vəziyyəti ilə əlaqədar olaraq itkiyə gedir. Bu itkilər isə qrunt sularının səviyyəsinin qalxmasına, əkin sahələrinin deqradasiyaya uğramasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. 2026–2030-cu illər üzrə təsdiq olunmuş tədbirlər planında müasir suvarma texnikasının əhatə dairəsinin 130 min hektardan 300 min hektaradək artırılması, buğda və pambıq üzrə orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması hədəflənir. Bu hədəflər mövcud klassik suvarma sistemlərindən istifadənin azaldılmasını və müasir intensiv suvarma metodlarına keçidi daha da aktuallaşdırır".

Z. Quliyev bildirib ki, bu baxımdan, əkin sahələrində ənənəvi suvarma üsullarından mərhələli şəkildə imtina edilməsi və müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün əsas çağırışlarından birinə çevrilib.

O qeyd edib ki, kənd təsərrüfatında davamlı inkişaf modeli üzrə yeni hədəflər formalaşdırılır: "Bu gün qarşımızda duran əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliklərinə daha davamlı model əsasında inkişaf etdirilməsidir. Hazırkı mərhələdə əsas hədəf su və torpaq resurslarından daha rasional və qənaətli istifadə prinsiplərinin formalaşdırılmasıdır. Çünki müasir çağırışlara uyğun olaraq aqrar sektorun gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişlənmə hesabına deyil, mövcud su və torpaq ehtiyatlarından daha səmərəli istifadə olunması ilə təmin edilməlidir. Əminəm ki, yeni Dövlət Proqramında, həmçinin bu müşavirə çərçivəsində müəyyən edilmiş hədəflərə dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fermerlərin, sahibkarların və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti nəticəsində nail olunacaq, regionun aqrar potensialı daha dolğun şəkildə reallaşdırılacaq və ölkənin ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcək".

Oxşar xəbərlər

Zakir Quliyev: "Mil-Muğan regionunda suvarma layihələri icra olunacaq"
Azərbaycanda şirin su itkilərinin daha çox harada baş verdiyi açıqlanıb
Azərbaycanda torpaq kanallarında şirin su itkisi 60 %-ə qədərdir
Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafı üçün şərtlər açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər