Süni intellektdən rəqəmsal ixraca: Azərbaycanın yeni iqtisadi hədəfləri – TƏHLİL
sizinxeber.az xəbər saytı

Süni intellektdən rəqəmsal ixraca: Azərbaycanın yeni iqtisadi hədəfləri – TƏHLİL


Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin yeni mərhələsinə qədəm qoyur. Əgər ötən onilliklərdə ölkənin iqtisadi yüksəlişi əsasən enerji resursları üzərində qurulmuşdusa, qarşıdakı dövrdə rəqəmsal texnologiyalar, süni intellekt, məlumat iqtisadiyyatı və innovasiya əsaslı sahibkarlıq iqtisadi inkişafın əsas istiqamətlərindən biri olacaq. Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsal inkişaf, süni intellekt, informasiya təhlükəsizliyi və rəqəmsal iqtisadiyyatla bağlı bir-birini tamamlayan sənədlər imzalayıb. Bu yanaşma onu göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı ayrı-ayrı layihələr səviyyəsində deyil, dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir.

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" isə məhz bu strategiyanın praktiki icra mexanizmi hesab olunur. Bu sənəd ölkənin rəqəmsal inkişaf modelini müəyyən etməklə yanaşı, onun gələcək iqtisadi inkişafının hansı istiqamətlər üzərində qurulacağını da ortaya qoyur.

Bu gün dünya iqtisadiyyatında əsas rəqabət artıq təbii sərvətlər deyil, texnologiya və məlumat üzərində qurulur. Hazırda nəhəng şirkətlərin böyük hissəsi texnologiya sektorunda fəaliyyət göstərir. Süni intellekt, bulud texnologiyaları, böyük verilənlər və rəqəmsal xidmətlər qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrinə çevrilib. Azərbaycanın yeni rəqəmsal inkişaf siyasəti də məhz bu qlobal transformasiya prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.

Rəqəmsal transformasiya iqtisadi siyasətin əsas istiqaməti kimi

Bu gün Azərbaycanda rəqəmsal inkişaf artıq yalnız texnologiya sektoru ilə məhdudlaşmır və bütövlükdə iqtisadiyyatın struktur dəyişikliklərinin əsas elementlərindən birinə çevrilir. Bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda Rəqəmsal İnkişaf Şurasının yaradılması bunun bariz nümunəsidir.

Ümumiyyətlə, ölkədə rəqəmsal inkişafla bağlı yanaşmanın əsas məqsədlərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni yüksək texnologiyalı istehsal sahələrinin yaradılması və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır. "Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır", - Birinci vitse-prezident Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib.

Müasir iqtisadiyyat şəraitində rəqəmsal texnologiyalar artıq istehsalın səmərəliliyini artıran yardımçı vasitə kimi yox, birbaşa iqtisadi dəyər yaradan məhsula çevrilib. Məhz buna görə də dünyanın inkişaf etmiş ölkələri rəqəmsal iqtisadiyyatı gələcəyin əsas gəlir mənbələrindən biri hesab edir.

Azərbaycan da bu prosesdə istehlakçı mövqedən çıxaraq texnologiya istehsal edən və ixrac edən ölkələr sırasında yer almağı qarşısına məqsəd qoyub. Bu məqamda qeyd edək ki, qlobal iqtisadiyyatın inkişaf tempini müəyyən edən əsas texnologiyalardan biri süni intellektdir. Beynəlxalq qiymətləndirmələrə görə, qarşıdakı illərdə süni intellekt texnologiyaları qlobal iqtisadiyyata trilyonlarla dollar əlavə dəyər qazandıracaq.

Bu səbəbdən dünyanın aparıcı dövlətləri artıq yalnız süni intellektdən istifadə etməyi deyil, həm də milli süni intellekt ekosistemləri qurmağı prioritet elan ediblər. Mehriban Əliyevanın qeyd etdiyi kimi, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir: "Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq".

Azərbaycan da bu istiqamətdə regionda ilk addımlar atan ölkələrdən biridir. Ölkədə artıq Süni İntellekt Strategiyası qəbul olunub və yeni fəaliyyət planında bu istiqamətdə konkret tədbirlər müəyyənləşdirilib. Xüsusilə Azərbaycan dilində böyük dil modellərinin yaradılması, yerli süni intellekt həllərinin hazırlanması və dövlət dəstəyi mexanizmlərinin tətbiqi ölkənin texnoloji suverenliyinin təmin olunmasına xidmət edir. Bu yanaşma yalnız texnologiya məsələsi deyil, eyni zamanda iqtisadi və strateji təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Çünki gələcəkdə süni intellekt sistemləri enerji, maliyyə, logistika, sənaye, səhiyyə və kənd təsərrüfatı kimi strateji sahələrin idarə olunmasında əsas rol oynayacaq.

Hazırda dünyada istifadə olunan bir çox süni intellekt sistemləri əsasən ingilis dili və digər geniş yayılmış dillər üzərində formalaşdırılıb. Azərbaycan dilində böyük verilənlər bazasının və milli dil modellərinin yaradılması isə həm dövlət xidmətlərinin inkişafı, həm biznes sektoru, həm də elm və təhsil üçün yeni imkanlar açacaq. Bu, gələcəkdə hüquq, bankçılıq, vergi, logistika və dövlət idarəçiliyi sahələrində yerli süni intellekt həllərinin tətbiqinə imkan verəcək. Eyni zamanda, Azərbaycan dili rəqəmsal texnologiyalar ekosistemində daha geniş təmsil olunacaq.

Regional liderlik imkanları

Süni intellektin inkişafı üçün yalnız proqram təminatı kifayət etmir. Bunun üçün yüksək məhsuldarlıqlı hesablama infrastrukturu tələb olunur. Bu məqsədlə Milli GPU əsaslı Superkompüter Mərkəzinin yaradılması nəzərdə tutulur. Belə mərkəzlərin yaradılması dünyanın inkişaf etmiş ölkələrində dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir. Superkompüterlər neft-qaz yataqlarının modelləşdirilməsi, geoloji kəşfiyyat işləri, logistika marşrutlarının optimallaşdırılması, maliyyə bazarlarının təhlili, sənaye istehsalı və süni intellekt modellərinin öyrədilməsi kimi sahələrdə geniş istifadə olunur. Azərbaycan üçün belə infrastrukturun yaradılması ölkənin regionun texnologiya mərkəzlərindən birinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün dünyanın inkişaf etmiş iqtisadiyyatlarında rəqəmsal sektor artıq ümumi daxili məhsulun əhəmiyyətli hissəsini təşkil edir. Azərbaycan da qarşıdakı illərdə İKT sektorunun qeyri-neft ÜDM-də payının artırılmasını qarşıya məqsəd qoyub. Bu istiqamətdə proqram təminatı istehsalı, bulud texnologiyaları, fintex məhsulları, kibertəhlükəsizlik xidmətləri və süni intellekt həlləri əsas inkişaf istiqamətləri hesab olunur. Xüsusilə rəqəmsal məhsul və xidmətlərin ixracının artırılması ölkəyə əlavə valyuta axını formalaşdıracaq və iqtisadiyyatın dayanıqlığını artıracaq.

Əsas prioritet: innovasiya ekosisteminin genişlənməsi

Rəqəmsal iqtisadiyyatın inkişafı yalnız dövlət investisiyaları hesabına mümkün deyil. Bu səbəbdən yeni fəaliyyət planında innovasiya ekosisteminin genişləndirilməsi xüsusi yer tutur. Bu arada, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rəqəmsal İnkişaf Şurasının ilk iclasında vurğulayıb ki, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan nazir 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığını, onlardan 13-nün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu bildirib.

Ümumiyyətlə, vençur fondlarının yaradılması, kraudfandinq mexanizmlərinin tətbiqi, "mələk investor" institutunun formalaşdırılması və texnoparkların fəaliyyətinin genişləndirilməsi bu istiqamətdə nəzərdə tutulan əsas addımlardır. Bu mexanizmlər texnologiya əsaslı sahibkarlığın inkişafını sürətləndirəcək və yeni innovativ şirkətlərin yaranmasına imkan verəcək.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəyə rəqəmsal iqtisadiyyat sahəsində əlavə üstünlüklər yaradır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkə gələcəkdə regional məlumat axınlarının və data xidmətlərinin əsas mərkəzlərindən birinə çevrilə bilər. Bu məqsədlə yeni data mərkəzlərinin yaradılması, bulud texnologiyalarının inkişafı və beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamət texnologiya ilə yanaşı, həm də yeni ixrac gəlirləri və investisiya imkanları deməkdir.

Dövlət siyasətinin ayrılmaz hissəsi

Yeni fəaliyyət planı göstərir ki, Azərbaycan rəqəmsallaşmanı yalnız dövlət xidmətlərinin elektronlaşdırılması kimi deyil, həm də iqtisadi transformasiyanın əsas aləti kimi qiymətləndirir. Süni intellekt, böyük verilənlər, innovasiya ekosistemi, yüksək məhsuldarlıqlı hesablama infrastrukturu və rəqəmsal məhsul ixracı gələcək iqtisadi modelin əsas sütunlarına çevrilir. Bu yanaşma Azərbaycanın Cənubi Qafqazın aparıcı texnologiya və innovasiya platformasına çevrilməsi üçün yeni imkanlar yaradır.

Qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı və texnologiya yarışının daha da gücləndiyi bir dövrdə Azərbaycanın seçdiyi bu strateji istiqamət ölkənin uzunmüddətli iqtisadi inkişafının yeni mərhələsi kimi qiymətləndirilə bilər.

Süni intellekt, yüksək hesablama infrastrukturu, rəqəmsal məhsul və xidmətlərin ixracı, innovasiya ekosisteminin inkişafı, beynəlxalq texnologiya şirkətlərinin ölkəyə cəlbi və yerli startapların dəstəklənməsi yaxın illərdə qeyri-neft iqtisadiyyatının yeni inkişaf istiqamətlərinə çevrilə bilər.

Eyni zamanda, dövlət tərəfindən həyata keçirilən ardıcıl rəqəmsallaşma siyasəti göstərir ki, məqsəd mövcud xidmətlərin elektronlaşdırılması ilə yanaşı, həm də texnologiya istehsal edən, rəqəmsal məhsullar ixrac edən və regionun innovasiya mərkəzlərindən birinə çevrilən iqtisadi modelin formalaşdırılmasıdır.

Azərbaycanın coğrafi mövqeyi, mövcud telekommunikasiya infrastrukturu, "Hökumət buludu", rəqəmsal identifikasiya sistemləri və son illərdə yaradılmış hüquqi baza ölkənin regional texnologiya habına çevrilməsi üçün mühüm imkanlar yaradır. Qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı, süni intellekt texnologiyalarının yeni sənaye inqilabının əsasını təşkil etdiyi bir dövrdə Azərbaycanın seçdiyi strateji istiqamət ölkənin uzunmüddətli iqtisadi inkişafı, rəqabət qabiliyyətinin artırılması və qeyri-neft sektorunun gücləndirilməsi baxımından yeni perspektivlər açır.

Oxşar xəbərlər

TDT Azərbaycanda 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini alqışlayır
Agentlik rəsmisi: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Saməddin Əsədov: "Rəqəmsallaşma gücləndikcə kiber təhlükəsizliyin əhəmiyyəti artır"
Nazir müavini: "Dünya iqtisadiyyatında rəqabətin forması dəyişir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər