Azərbaycan polisi xalqın və dövlətin milli maraqlarının keşikçisidir - RƏY
sizinxeber.az xəbər saytı

Azərbaycan polisi xalqın və dövlətin milli maraqlarının keşikçisidir - RƏY


Azərbaycan polisi xalqın və dövlətin milli maraqlarının ləyaqətli keşikçisi kimi çıxış edir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, müasir dünyada müstəqil dövlətçilik institutlarının dayanıqlılığı, ilk növbədə, daxili sabitliyin, ictimai asayişin sarsılmazlığı və hüququn aliliyinin təminolunma dərəcəsi ilə ölçülür:

"Azərbaycan daxili işlər orqanlarının, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan polisin keçdiyi tarixi inkişaf yolu sadəcə bir strukturun formalaşması prosesi deyil, bu xidmət, eyni zamanda, milli dövlət quruculuğumuzun, suverenliyimizin və ictimai təhlükəsizlik fəlsəfəmizin bariz təzahürüdür. Azərbaycan polisi bu gün konstitusiyamızdan və müvafiq qanunlardan irəli gələn ali vəzifələri yerinə yetirməklə yanaşı, həm də xalqımızın və dövlətimizin milli maraqlarının ləyaqətli keşikçisi kimi çıxış etməkdədir. "Polis haqqında" qanuna uyğun olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması, habelə ictimai asayişin qorunması istiqamətində polisin göstərdiyi sistemli fəaliyyət ölkəmizi regionun ən təhlükəsiz və sabit dövlətinə çevirib".

Milli Məclisin üzvü bildirib ki, Azərbaycan polisinin və Daxili Qoşunların xidməti fəaliyyəti təkcə ictimai asayişin qorunması ilə məhdudlaşmır, o, həm də müqəddəs vətən torpaqlarının bütövlüyü uğrunda yazılan qəhrəmanlıq salnaməsidir:

"Birinci Qarabağ müharibəsində hələ nizami ordu formalaşmadığı dövrlərdə ilk döyüş postlarına atılaraq böyük fədakarlıq göstərən polis batalyonları milli dövlətçilik şüurunun ilk pionerləri olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlıları və polis əməkdaşları Silahlı Qüvvələrimizlə çiyin-çiyinə vuruşaraq unudulmaz şücaətlər göstərmiş, habelə ən azı ön xətt qədər zəruri olan arxa cəbhədə ictimai qayda və ictimai asayişin qorunub saxlanmasında dövlət başçımızın direktivlərini rəhbər tutmaqla həlledci rol oynayıb".

Bəhruz Məhərrəmov vurğulayıb ki, azad edilmiş Şuşada, Xankəndidə, Xocalıda və digər tarixi torpaqlarda bu gün Azərbaycan bayrağı altında xidmət aparan polis əməkdaşları konstitusion quruluşun və suverenliyin bərpasının Azərbaycan əraziləridəki canlı rəmzidir:

"Prezident İlham Əliyev də "azad edilmiş ərazilərdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi polisin çiyinlərinə düşən şərəfli bir missiyadır" deməklə polisin bu misilsiz fəaliyyətini hər zaman xüsusi diqqət mərkəzində saxlamış, Azərbaycan polisinin daxili sabitliyi, asayişi qorumaqla yanaşı, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə də böyük qəhrəmanlıq göstərdiyini yüksək qiymətləndirib. ​Daxili işlər orqanlarının ali missiyanın digər bir parlaq səhifəsi Laçın dəhlizində ekoloji aksiya zamanı dinc aksiya iştirakçılarının təhlükəsizliyinin yüksək peşəkarlıqla və beynəlxalq hüquqi humanizm prinsiplərinə uyğun olaraq qorunması oldu. Həmin müddətdə polis əməkdaşları həm dövlətin qətiyyətli iradəsini, həm də vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının monolit birliyini bütün dünyaya nümayiş etdirdilər".

Deputat qeyd edib ki, ​Azərbaycan polisi özünün yüksək humanizm prinsiplərinə sadiqliyini təkcə ön və arxa cəbhədə deyil, bəşəriyyətin üzləşdiyi ən ağır qlobal böhranlar, o cümlədən COVID-19 pandemiyası dövründə də sübuta yetirdi. Xüsusi karantin rejimi dövründə vətəndaşların sağlamlığının qorunması məqsədilə tətbiq edilən hüquqi məhdudiyyətlərin icrasında polisin nümayiş etdirdiyi yüksək məsuliyyət və vətəndaşlara yönəlmiş sosial-humanitar dəstək xalq-polis münasibətlərini keyfiyyətcə yeni mərhələyə ucaltdı. Qanunun tələblərini yerinə yetirərkən ehtiyac sahiblərinə, yaşlı insanlara göstərilən diqqət və şəfqət dövlətimizin idarəçilik sistemindəki "insan amili" prinsipinə polisin necə dərindən sadiq olduğunu nümayiş etdirdi.

Onun sözlərinə görə, ölkədə polisin rolu hər zaman yüksək qiymətləndirilib və qətiyyətli fəaliyyətinin davamlılığının təmini daim diqqət mərkəzində olub:

"Məhz bu çərçivədə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazası mütəmadi olaraq gücləndirilir, strukturlar müasir çağırışlara uyğun olaraq təkmilləşdirilir. Bu gün daxili işlər orqanlarında tətbiq edilən müasir texnologiyalar, "Təhlükəsiz Şəhər" kimi intellektual idarəetmə sistemləri və kiber-cinayətkarlığa qarşı innovativ mübarizə metodları Azərbaycan polisinin qabaqcıl dünya standartları səviyyəsində operativ və effektiv fəaliyyət göstərməsinə zəmin yaradır və sözün əsl mənasında istinad edilməli Azərbaycan nümunəsi yaradılır. Bununla yanaşı, Polis Akademiyasında beynəlxalq standartlara uyğun şəkildə yetişdirilən yüksək intellektual hazırlıqlı, hüquqi savadlı və milli dəyərlərə sadiq kadr korpusu dövlətin təhlükəsizliyinin davamlılığının qarantı kimi çıxış etməkdədir. Habelə dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında polis əməkdaşlarının sosial müdafiəsinin yüksək səviyyədə təmin olunması, onların mənzil və maddi təminatının yaxşılaşdırılması şəxsi heyətin xidməti vəzifələrinə olan sadiqliyini daha da artırır".

Deputat söyləyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi dövlət hakimiyyətinin monolitliyini, sarsılmazlığını və xalq ilə iqtidar arasındakı hüquqi və mənəvi etimadı təmsil edən rəsmi və qətiyyətli sima kimi özünün yeni inkişaf dövrünə, ən qüdrətli çağına qədəm qoyub və əminliklə demək mümkündür ki, müasir Azərbaycan polisi xalqa və dövlətə sədaqətin ən bariz nümunəsidir:

"108 yaşını qeyd edən Azərbaycan polisi vəzifə borcuna sadiq qalıb, ona bəslənən inam və etimadı doğruldaraq ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunması, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları, o cümlədən qanunla qarşısına qoyulmuş digər önəmli vəzifələri peşəkarlıqla, layiqincə yerinə yetirməklə dövlətçiliyin təməl sütunlarından birinə çevrilib. 90-cı illərin əvvəllərində xaosdan, sonrakı dövrdə isə "rəngli inqilablar" və ya vətəndaş qarşıdurmaları yaratmaqla dövlət çevrilişi cəhdlərindən, Vətən müharibəsi və antiterror əməliyyatları kimi mürəkkəb periodlardan şərəflə çıxmağı bacaran Azərbaycan polisi bu gün yalnız ölkədə öz vəzifələrini yerinə yetirən oturuşmuş institut yox, həm də İlham Əliyevin əsgərləri kimi bütövlükdə regionda sabitliyin, asayişin və ictimai təhlükəsizliyin qarantına çevrilib".

Bəhruz Məhərrəmov həmçinin bildirib ki, ​Azərbaycan beynəlxalq hüququn subyekti kimi qlobal təhlükəsizlik arxitekturasına da aktiv töhfələr verir:

"Azərbaycan polisi beynəlxalq terrorizm, narkotrafik, insan alveri və transsərhəd cinayətkarlıqla mübarizədə regional və beynəlxalq tərəfdaşlarla, o cümlədən İnterpol platforması çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. Eyni zamanda Avrasiya məkanında qanunsuz narkotik dövriyyəsinin və transmilli cinayət şəbəkələrinin qarşısının alınmasında Azərbaycan DİN-in həyata keçirdiyi uğurlu əməliyyatlar ölkəmizin beynəlxalq miqyasda etibarlı və qətiyyətli tərəfdaş statusunu təsdiqləyir".

Milli Məclisin üzvü eyni zamanda qeyd edib ki, Azərbaycan polisinin yorulmaz fəaliyyətinin nəticəsi kimi daxili sabitliyin qorunmasında və asayişin təmin edilməsində qazanılan hər bir uğur Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin qanunauyğun nəticəsidir:

"Ən vacib məqamlardan biri isə odur ki, özünün ən qüdrətli dövrünə qədəm qoymuş Azərbaycan polisinin məhz müzəffər liderinin tapşırıq və tövsiyələri rəhbər tutmaqla Konstitusiyaya, qanunun aliliyinə və xalqa xidmət prinsiplərinə əsaslanaraq, dövlətimizin suverenliyini, xalqımızın dinc və əmin-amanlıq şəraitində yaşamasını bundan sonra da sarsılmaz əzmlə qoruyacağı sual və şübhə doğurmur".

Oxşar xəbərlər

Azərbaycan polisi konstitusion quruluşun mühafizəsinin təmin olunmasında müstəsna rol oynayır - RƏY
Polis dövlətçiliyin etibarlı dayaqlarından biridir - RƏY
107 İl Xidmət, 107 İl Fəda
150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir - RƏY
Siyavuş Novruzov: Prezidentin xalqın maraqlarını yüksək səviyyədə təmsil etməsi çox dövlətləri narahat edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər