Yeni qanunvericilik təşəbbüsləri Böyük Qayıdış prosesinin daha yaxşı həyata keçirilməsinə xidmət edir - RƏY
sizinxeber.az xəbər saytı

Yeni qanunvericilik təşəbbüsləri Böyük Qayıdış prosesinin daha yaxşı həyata keçirilməsinə xidmət edir - RƏY


Yeni qanunvericilik təşəbbüsləri Böyük Qayıdış prosesinin daha yaxşı təmin olunması üçün hüquqi bazanın genişləndirilməsinə xidmət edir.

Bu fikirləri "Sizinxeber.az"a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Böyük Qayıdış prosesi genişləndikcə mövcud olan qanunvericilik aktlarına əlavələrin, dəyişikliklərin edilməsi, zərurət yarandıqda isə yeni qanunların qəbul olunması qaçılmazdır:

"Bu baxımdan Milli Məclisə mövcud qanunvericiliyə, o cümlədən Mənzil Məcəlləsinə, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna və digər qanunvericilik aktlarına geniş əlavələr və dəyişikliklər təklif olunur. O cümlədən Mənzil Məcəlləsinə edilən dəyişikliyə görə artıq işğaldan azad olunmuş ərazilərdə yaradılan mənzil fondunun statusu birdəfəlik müəyyən olunacaq, onun mülkiyyətçilərinin kim olacağı, hansı şərtlərin tətbiq ediləcəyi və s. məsələlər tənzimlənəcək".

O qeyd edib ki, Böyük Qayıdışın təmin edilməsi üçün indiyə qədər böyük işlər görülüb:

"Birinci, ərazilərin minalardan təmizlənməsi prosesidir. Bu, sürətlə davam edir, amma bilinməlidir ki, bu uzun sürən prosesdir. Ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi bir ilin, iki ilin işi deyil. Bu, uzunmüddətli vaxt və səbir tələb edir. Bu istiqamətdə işlər gedir və uğurla davam edir.

Sahib Məmmədov

İkinci istiqamət infrastrukturun qurulmasıdır. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərdə mövcud olan infrastruktur tamamilə darmadağın edlib. Həm də həmin infrastruktur müasir tələblərə cavab vermirdi, təkmil deyildi. İndi isə müasir infrastruktur qurulur, yollar çəkilir, avtomobil yolları, dəmir yolları, digər infrastruktur obyektləri, körpülər inşa olunur, tunellər qurulur".

Ekspert əlavə edib ki, bütün bunlar sıfırdan yeni şəhərlərin və kəndlərin salınması prosesidir.

Sahib Məmmədov deyib ki, işğaldan azad edilmiş ərazilərə köçürüləcək əhalinin inteqrasiyası məsələsi priotetlərdəndir:

"Şərtlərdən biri orada təhsil, tibb və digər sosial obyektlərin yaradılmasıdır. Ən vacib məsələlərdən biri də köçən əhalinin məşğulluğunun təmin olunmasıdır. Bu isə yalnız yeni müəssisələrin yaradılması, əkin-biçin sahələrinin genişləndirilməsi ilə bitmir. Bu həm də kadrların peşə yönümünün dəyişdirilməsi, özünüməşğulluq proqramının və digər aktiv məşğulluq proqramlarının daha da genişləndirilməsi deməkdir. Bu istiqamətdə xeyli işlər görülür. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin ərazilərə yönəlmiş aktiv proqramları var və onlar həyata keçirilir. Gözlənilir ki, əhalinin kənd təsərrüfatı sahəsində həmin torpaqlardan istifadə imkanları daha da genişləndiriləcək. Bu istiqamətdə müəyyən işlər görülür. Əkin-biçin, maldarlıq, quşçuluq və s. kimi ənənəvi sahələrin inkişafı üçün həmin ərazilərdə çox gözəl zəmin var. Bu sahədə əhalinin torpaqla təmin olunması, onlara əlavə dəstəyin verilməsi, içməli suya çıxış məsələlərinin həll olunması kimi istiqamətlərdə işlər görülür".

Oxşar xəbərlər

Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
Səkinə Əliyeva: İllərlə gözlədiyimiz bir anın hüquqi bazası, çərçivəsi yaranır
Fuad Hüseynov: Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir
Elman Nəsirov: Bu qanunla vətəndaşlarımız tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər
Vüqar Rəhimzadə: İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər