Politoloq: Gürcüstandakı azərbaycanlıların böyük əksəriyyəti seçkilərdə ölkənin gələcəyinə, əmin-amanlığa səs verdilər
sizinxeber.az xəbər saytı

Politoloq: Gürcüstandakı azərbaycanlıların böyük əksəriyyəti seçkilərdə ölkənin gələcəyinə, əmin-amanlığa səs verdilər


Dünən Gürcüstanda parlament seçkiləri hakim Gürcü Arzusu Partiyasının qələbəsi ilə başa çatdı.

Bunu APA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Politoloq deyib ki, bəzi məntəqələrdə xırda insidentlərin olmasına baxmayaraq, parlament seçkiləri normal keçib və hakim partiya 54,23 faiz səs toplayaraq qalib gəlib: “Bu qələbədə də Gürcüstanda yaşayan soydaşlarımızın böyük rolu var. Gürcüstanda 300 min azərbaycanlı yaşayır, onların yaşadığı bütün regionlarda səs faizi yüksək olub və əksəriyyəti hakim partiyaya səs verib. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Azərbaycanın Gürcüstanla siyasi, iqtisadi və diplomatik əlaqələri, Azərbaycan Prezidenti İlham Əliyevin regional siyasəti, dövlət başçımızın bu ölkəyə, Gürcüstanın Baş nazirlərinin ölkəmizə səfərləri, qarşılıqlı dostluq münasibətləri, Azərbaycanın Gürcüstanla strateji müttəfiq olması, iki dövlətin hər zaman qarşılıqlı olaraq beynəlxalq arenada bir-birlərini dəstəkləməsi soydaşlarımızın bu seçimində mühüm rol oynadı. Yeri gəlmişkən, seçki ərəfəsində mən özüm Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində oldum, ziyalılarla, tanışlarla, qohumlarla görüşdüm. Söhbət əsnasında onların əksəriyyəti bildirmişdi ki, hakim Gürcü Arzusu Partiyasına səs verəcəklər, çünki Saakaşvilinin hakimiyyətinin son illərində azərbaycanlılara qarşı çox qeyri-qanuni hərəkətlər edilib. Bildirildi ki, torpaq islahatı zamanı kəndin torpaqlarını Tbilisidən hansısa böyük şirkətə satıblar, bu da camaat arasında böyük narazılıq yaradıb. Kənd camaatının örüş yerləri həmin şirkətə çatılıb və şirkət də hazırda həmin yerlərdən əhalinin istifadəsinə icazə vermir. Eyni zamanda həmin dövrdə kiçik sahibkarlıqla məşğul olan insanlara qarşı əsassız olaraq çox böyük vergi cərimələri tətbiq edilib. Bü da insanlarda böyük narazılıq yaradıb və ondan sonra seçkilərdə Saakaşvili uduzub”.

Elşad Həsənov qeyd edib ki, sonralar Saakaşvili də seçicilərlə görüşən zaman bildirib ki, bu, onların ən böyük səhvi olub və ona görə də uduzublar: “İndiki hakimiyyət isə əhalinin problemləri ilə maraqlanır, sahibkarlara daim dəstək verir, kreditlər ayırır, insanları incitmirlər”.

Politoloq Gürcüstanda olarkən azərbaycanlı din xadimləriylə də görüşdüyünü söyləyib: “Həmin din xadimləri bildirdilər ki, Saakaşvilinin dövründə bir neçə dəfə müraciət etsələr də, heç bir yardım, kömək ayrılmayıb. Baxmayaraq ki, həm gürcü, həm də erməni kilsələrinə belə yardımlar ayrılıb. Bildirdilər ki, indiki hakimiyyətin dövründə də müraciət ediblər və hakimiyyət hər il məscidlərin təmiri, axundlara, imamlara maaş vermək üçün vəsait ayırır. 2024-cü ildə isə bu vəsait 3 milyon 600 min lariyə çatıb. Soydaşlarımız bütün bunlara görə, o cümlədən xüsusən Azərbaycanla yaxşı münasibətdə olduğuna görə hazırkı hakimiyyəti dəstəklədiklərini söyləmişdilər. Seçkilərdən öncə də Gürcüstan əsilli ziyalılar öz el-obalarında oldular. Hər yerdə hamı Azərbaycan-Gürcüstan münasibətlərini, o cümlədən Azərbaycan hökumətinin soydaşlarımıza dəstəyini, SOCAR-ın tələbə soydaşlarımıza müavinət ayırmasını, gürcü və ingilis dilini artıq mükəmməl bilən gənclərimizin hakimiyyət strukturlarında təmsilçiliyinin artmaqda olduğunu vurğulayırdılar. Düzdür, bütün bunlara baxmayaraq, hələ də hakimiyyət strukturlarında belə soydaşlarımızın sayı azdır. O cümlədən soydaşlarımız hüquq-mühafizə orqanlarında azərbaycanlıların yer almasının vacib olduğunu qeyd etdilər”.

Elşad Həsənov hesab edir ki, Gürcüstanda bu parlament seçkilərində əhali sülh və əmin-amanlığa səs verib: “Biz soydaşlarımızla da söhbətlərdə bildirdik ki, Qərbin əsas məqsədi Gürcüstanı müharibəyə sürükləmək, Rusiyaya qarşı ikinci cəbhə açmaqdır. Çünki artıq Qərb Ermənistana çoxlu silah-sursat yığıb. Qərb Gürcüstanda da istəyinə nail olsa, gələcəkdə Rusiyaya qarşı ikinci cəbhə açacaq. Soydaşlarımız da bildirmişdilər ki, Qərbin niyyətini bilirlər, ona görə də Qərbin Gürcüstanda maraqlarını həyata keçirməsini istəmirlər”.

Politoloq vurğulayıb ki, Gürcüstan müstəqil ölkədir, öz yolu var: “Xarici agentlərlə bağlı qanun qəbul edildikdən sonra həm ABŞ, həm də Avropadan Gürcüstana ayrılan yardımlar dayandırılıb. Keçən ilin dekabrında Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizədliyi təsdiq olunmuşdu. Qərb Gürcüstana təzyiq vasitəsi kimi bunu da ləğv etdi, Gürcüstanın namizədliyi məsələsini dondurdular. Böyük Britaniya Gürcüstanla hərbi əməkdaşlığı dayandırıb. Gürcüstana ayrılan yardımın gürcü müxalifətinə yönəldiləcəyini açıq şəkildə bildirdilər və hökuməti təhdid etdilər ki, Qərbin dediklərini etsinlər. Lakin Gürcüstan hakimiyyəti və xalqı Qərbin dediyini etmədi, Gürcüstanı müstəqil inkişaf yoluyla sülhə, əmin-amanlığa aparacaqlarını bildirdilər. Eyni zamanda LGBT-nin qadağan olunmasına dair qanun qəbul olundu. Hakimiyyət bəyan etdi ki, bu, gürcü mentaliteti, ənənəsi və bu ölkədə yaşayan insanların ailə dəyərlərinə böyük zərbə olardı. Bu isə Qərbin təzyiqlərini artırdı və bu ölkədə rəngli inqilab sevdasına düşdülər. Lakin Gürcüstanda yaşayan gürcülərin və azərbaycanlıların böyük əksəriyyəti parlament seçkilərində ölkənin gələcəyinə, əmin-amanlığa səs verdi. Ümumiyyətlə, Gürcüstanda yaşayan azərbaycanlılar daim hakimiyyətin, dövlətin yanındadır. Çünki soydaşlarımız hakimiyyətin azərbaycanlılara münasibəti, Azərbaycan-Gürcüstan əlaqələri kontekstindən çıxış ediblər. Yeri gəlmişkən, bu seçkilər zamanı Ermənistandan da müəyyən təsirlər oldu. Gürcüstan müxalifətinə ayrılan maliyyə vəsaitlərin müəyyən hissəsi Ermənistan üzərindən bu ölkəyə keçirildi, müəyyən hissəsinin isə Ermənistan-Gürcüstan sərhədində ölkəyə keçirilməsinin qarşısı alındı. Bu mənada Gürcüstanda parlament seçkiləri ilə bağlı Qərbin böyük təhdidləri vardı. Əgər Qərbyönümlü partiyalar qələbə qazansaydı, Gürcüstan Ermənistan kimi fərqli yol seçəcək, Cənubi Qafqazda vəziyyət dəyişəcək və gələcəkdə region müharibə ocağına çevriləcəkdi. Şükürlər olsun ki, gürcülərin və azərbaycanlıların əksəriyyətinin dəstəyi ilə bu niyyətlərin qarşısı alındı. İnanıram ki, bundan sonra da hakimiyyət soydaşlarımızın problemlərinin həllini diqqət mərkəzində saxlayacaq, lazımi dəstək veriləcək. Bu baxımdan Gürcüstan əsilli azərbaycanlı kimi bu ölkədəki soydaşlarımızı, hakim partiyanı təbrik edirəm. Əminəm ki, bundan sonra Gürcüstanda, Cənubi Qafqazda sülh, əmin-amanlıq olacaq”.

Oxşar xəbərlər

Gürcüstanda parlament seçkilərində hakim Gürcü Arzusu partiyası qalib gəlib
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir
Azərbaycanlı deputat: “Gürcü Arzusu”nun parlament seçkilərində qələbəsi regionda sülh və sabitlik deməkdir
Gürcüstanda seçkilərin eksitpol nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər