
Yenidən doğuşun "Azərbaycan" adı: Kahramanmaraşda qardaş birliyi - REPORTAJ

Yenidən doğuşun "Azərbaycan" adı: Kahramanmaraşda qardaş birliyi - REPORTAJ
İki il əvvəl fevralın 6-da Türkiyə tarixinin ən dağıdıcı və ölümcül təbii fəlakətlərdən biri – Kahramanmaraş zəlzələsi ilə üzləşdi. Bu o miqyasda bir faciə idi ki, Kahramanmaraşda insanların bağrından qopan fəryad faciə qurbanları üçün qələmsiz, cümləsiz, hətta nidasız yazılmış nekroloqa çevrilmişdi. Amma bu nekroloq həm də yağışın yuyub, günün qurutmayacağı xatirələri bir ömür qəlbində daşıyacaq dirilərin təbiətə üsyanıydı. O üsyan ki, nəsillər dəyişmədikcə heç birimizin yaddaşından silinməyəcək.
Qardaş xalqın gözündən süzülən yaş Azərbaycanda uşaqdan böyüyə hər kəsin yuxusunu ərşə çəkmişdi. Zəlzələnin ilk dəqiqələrindən Azərbaycan hökumətinin də, xalqının da ürəyi qardaşlarının yanında çırpınırdı. Bir tərəfdə dövlət səviyyəsində dəstək bəyanatları verilirdi, digər tərəfdə isə qoca-cavan demədən hər kəs küçələrə axın edirdi. Qələbəlik içərisində kimi yorğanını, kimi də övladının iki dəst paltarından birini qardaş payı edib toplanış məntəqələrinə daşıyırdı. Bu, türk xalqını boynubükük görməmək istəyi idi. Bu, “sevinciniz-sevincimiz, kədəriniz-kədərimizdir” deyən qardaş xalqların dünyaya mesajı idi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin və xalqının göstərdiyi mənəvi və siyasi dəstək Azərbaycanın Kahramanmaraşa uzanan əlinin gücünə güc qatmışdı. Elə buna görə də dünən – iyunun 19-da xarabalıqlar üzərində ucaldılmış, yenidən dirçəlişdə qardaş rolunu dünyaya nümayiş etdirən “Azərbaycan” məhəlləsinin açılışı ikiqat əlamətdar idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İlham Əliyevin liderliyi ilə uzanan əl Kahramanmaraşın bağrına qardaşlıq möhürü vurdu” deməsi də təsadüfi deyildi. Bu, Azərbaycanın çətin gündə ona edilən yaxşılığı unutmamasının Türkiyə liderinin dilindən etirafı, fərqindəliyin təzahürü idi.
Kahramanmaraşa səfərimiz zamanı təyyarədə brazilyalı yazıçı Joze Mauru di Vaskonselos “Şəkər portağalı” romanını oxuyurdum. Həmin romanda əsərin qəhrəmanı olan beş yaşlı Zeze şəkər portağalı fidanına Minguinho adını verir və bir gün həmin fidana yaxınlaşıb deyir: “Minguinho, əgər qəlbimiz lazımi qədər böyük olsa, ona sevdiyimiz hər şeyi sığışdıra bilərik”. Biz bu cümlənin əyani təsvirini Azərbaycan və Türkiyənin bir-birinə münasibətində açıq şəkildə görürük. Azərbaycan istər meşə yanğınlarında, istər zəlzələ dövründə, istərsə də digər təbii fəlakətlərdə ərazi baxımından özündən təxminən 9 dəfə böyük olan Türkiyəyə qəlbinin ən gözəl guşəsində yer verdiyini həmişə nümayiş etdirib və etdirir. Çünki dövlət başçısının da dediyi kimi, Azərbaycanda Türkiyənin 10 milyondan, Türkiyədə isə Azərbaycanın 80 milyondan çox bacı-qardaşı var. Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi isə oranın sakinlərinin dili ilə desək, bu qardaşlığın əbədi simvoludur.
Azərbaycanın Türkiyədəki varlığının nişanəsi olan bu məhəlləyə ayağımızı basdığımız anda bizi insanların özlərindən əvvəl, minnətdarlıq hissi qarşıladı. Bakıdan gəldiyimizi bilən analar gah bağırlarına basır, gah da kövrəlib hislərini ifadə edə bilmirdilər. Onların gözündən həm zəlzələdə həlak olan 12 min 796-sı Kahramanmaraşdan olmaqla 53 mindən çox insanın dərdi, həm də çadır kəndlərdən ayrılıb evlərinə qayıdışın sevinci oxunurdu. Həyatda ən çətin şeylərdən biri, yəqin, susmağı seçən insanı anlamaqdır. Buradakı insanların üzündə bir az da anlaşılmağın həyəcanı vardı. Çünki onlar da Azərbaycan bu faciəni öz faciəsi kimi qəbul etdiyini bilirdi. Bunun əyani sübutu isə zəlzələdə yerlə-yeksan olmuş Kahramanmaraşda Azərbaycanın cəmi iki ilə 90-dan çox bina inşa edərək onları 1200 mənzillə təmin etməsiydi. Ancaq Azərbaycan hökumətinin buradakı bərpa və yenidənqurma prosesinə dəstəyi təkcə yaşayış yerlərinin inşası ilə məhdudlaşmır.
Kahramanmaraşda qardaş dəstəyi ilə tariximizi, birliyimizi gələcək nəsillərə ötürmək üçün məktəb, uşaq bağçası da ucaldılıb, yaxın dövrdə isə mədəniyyət mərkəzinin inşası planlaşdırılır. Bir sözlə, Azərbaycan 2023-dən bəri sırf zəlzələ üçün Türkiyəyə ayırdığı 100 milyon manata yaxın maliyyə dəstəyi bu gün qardaş yurdunu çiçəkləndirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 may -Müstəqillik Günündə Laçında Səməd Vurğunun şeirini səsləndirib:
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!”, - demişdi.
Azərbaycan isə 19 iyunda “Azərbaycan” məhəlləsinin açılışı ilə ananın övladdan ayrılmadığı kimi, könülün də candan ayrılmadığını hər kəsə göstərdi.