AIIB Azərbaycana birgə layihələrdən ibarət çoxillik portfel formalaşdırmağı təklif edib - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

AIIB Azərbaycana birgə layihələrdən ibarət çoxillik portfel formalaşdırmağı təklif edib - EKSKLÜZİV


Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycanda yeni layihələrin, o cümlədən dəmir yolu və liman infrastrukturunun inkişafı, bərpa olunan enerji sahəsində təşəbbüslərin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir.

Bu barədə "Report"un Almatıya ezam olunmuş əməkdaşına AIIB-nin tərəfdaşlıq üzrə direktoru Kazuhiro Nomoto bildirib.

Onun sözlərinə görə, Asiya və Avropa arasında nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi Azərbaycanı bankın əsas tərəfdaşlarından birinə çevirir.

"Biz həm suveren, həm də qeyri-suveren xətt üzrə bir sıra layihələr üzərində işləyirik. Bundan başqa, çoxillik perspektivli layihələr portfelini birgə müzakirə etmək üçün Azərbaycan hökuməti ilə hər il dəyirmi masaların təşkili imkanını nəzərdən keçiririk", - K.Nomoto bildirib.

O vurğulayıb ki, AIIB bərpa olunan enerji mənbələri sektorunun inkişafına xüsusi diqqət yetirir.

"Biz artıq "Trans-Xəzər yaşıl enerji dəhlizi" layihəsinə (Mərkəzi Asiya-Azərbaycan) texniki yardım göstərmişik. Hazırda Asiya İnkişaf Bankı ilə layihənin hazırlanması istiqamətində sıx əməkdaşlıq edir, onu kommersiya cəhətdən səmərəli əsasda və mümkün qədər tez bir zamanda həyata keçirməyə çalışırıq", - bankın nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, AIIB-nin enerji sektorundakı strategiyası üç istiqamətə əsaslanır: ilkin mərhələlərdə layihələrin hazırlanmasında iştirak etmək, maliyyələşdirmə və texniki yardımın vəhdəti vasitəsilə yerli maliyyə institutlarına dəstək göstərmək, eləcə də iqlim siyasətinin və Paris Sazişi üzrə milli öhdəliklərin icra mexanizmlərinin hazırlanmasında hökumətə kömək etmək.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafından danışan K.Nomoto vurğulayıb ki, bank Azərbaycanda dəmir yolu infrastrukturunun və logistika mərkəzlərinin genişləndirilməsi və limanların modernləşdirilməsi layihələrini nəzərdən keçirir.

"Biz təkcə Azərbaycan hökuməti ilə deyil, digər çoxtərəfli inkişaf bankları - İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Dünya Bankı ilə də müzakirələr aparırıq. Məqsədimiz bu layihələrin birgə maliyyələşdirilməsi üçün əlaqələndirilmiş mexanizm hazırlamaqdır", - o bildirib.

AIIB-nin tərəfdaşlıq üzrə direktorunun sözlərinə görə, bu yaxınlarda İslam İnkişaf Bankının Bakıda keçirilmiş illik toplantısında beynəlxalq maliyyə institutlarının nümayəndələrinin görüşü bu istiqamətdə mühüm addım olub.

"İdeya çoxtərəfli inkişaf banklarının səylərini birləşdirməsi və bu layihələri uzlaşdırılmış şəkildə maliyyələşdirməsindən ibarətdir. Hazırda məhz bu yanaşmanı rəhbər tuturuq", - K.Nomoto qeyd edib.

O əlavə edib ki, Azərbaycanla AIIB arasında əməkdaşlığın perspektivli istiqamətləri sırasında dəmir yolu infrastrukturunun inkişafı və limanların tutumunun genişləndirilməsi layihələri yer alır: "Bununla belə, təşəbbüslərin əksəriyyəti hələ ilkin hazırlıq mərhələsindədir, buna görə də onların detalları barədə danışmaq hələ tezdir."

Oxşar xəbərlər

ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
AİİB Orta Dəhlizə investisiya qoymağa maraq göstərir
Asiya İnfrastruktur İnvestisiya Bankı yeni prezidentin seçilmə tarixini açıqlayıb
Azərbaycanla AİİB potensial əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib
AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər