Narkomaniyaya qarşı beynəlxalq mübarizə günü: ən böyük uğur növbəti qurbanın qarşısını almaqdır
sizinxeber.az xəbər saytı

Narkomaniyaya qarşı beynəlxalq mübarizə günü: ən böyük uğur növbəti qurbanın qarşısını almaqdır


Hər il iyunun 26-sı dünyada "Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü" kimi qeyd olunur. Bu günün əsas məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomaniyanın yaratdığı ağır sosial və sağlamlıq problemlərinə diqqətin artırılması, eyni zamanda dövlətlər arasında əməkdaşlığın gücləndirilməsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1987-ci il 7 dekabr tarixində qəbul etdiyi 42/112 saylı qətnamə ilə 26 iyunu beynəlxalq əlamətdar gün elan edib. İlk rəsmi qeyd olunma isə 1989-cu ildən başlayıb.

Bu gün təkcə narkotik istifadəsinin deyil, həm də narkobiznesin qlobal təhlükə olduğunu xatırladır. Çünki narkotiklərin qanunsuz dövriyyəsi transmilli mütəşəkkil cinayətkarlığın, insan alverinin, terrorçuluğun maliyyələşdirilməsinin və korrupsiyanın əsas mənbələrindən biri hesab edilir. Narkobiznesdən əldə olunan milyardlarla dollar qanunsuz maliyyə axınlarını gücləndirir və dövlətlərin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Narkomaniya isə yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin problemidir. Narkotik asılılığı insanın fiziki və psixoloji sağlamlığını məhv edir, ailələrin dağılmasına, cinayətlərin artmasına, əmək qabiliyyətinin azalmasına və gənc nəslin gələcəyinin təhlükə altına düşməsinə səbəb olur. Xüsusilə gənclər və yeniyetmələr narkotik şəbəkələrinin əsas hədəfi olduğundan, maarifləndirmə tədbirlərinin gücləndirilməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycanda bu sahədə hansı işlər görülür?

Azərbaycan da narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Hüquq-mühafizə orqanları tərəfindən narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar davam etdirilir, sərhəd təhlükəsizliyi gücləndirilir, eyni zamanda gənclər arasında profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir. Dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti bu sahədə mühüm nəticələrin əldə olunmasına xidmət edir. Bu tarix adətən statistikalar, əməliyyat xəbərləri və rəsmi bəyanatlarla yadda qalır. Ancaq narkomaniya təkcə hüquq-mühafizə orqanlarının mübarizə apardığı bir məsələ deyil. Bu, ailələrin, məktəblərin, cəmiyyətin və ən əsası, insanın özü ilə aparmalı olduğu mübarizədir.

Azərbaycanda son illərdə qanunvericilik sahəsində də bu istiqamətdə mühüm addımlar atılıb. Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, asılı şəxslərin müalicə və reabilitasiyası, habelə əhalinin məlumatlandırılması istiqamətində tədbirlər görülür.

Eyni zamanda Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edərək narkoloji xəstələrin müəyyən fəaliyyət sahələrində çalışmasına nəzarəti gücləndirib.

Bu tədbirlər dövlətin narkomaniyanın yaratdığı risklərin qarşısını almaq üçün həyata keçirdiyi kompleks tədbirlərin tərkib hissəsidir. Məqsəd həm ictimai təhlükəsizliyin təmin edilməsi, həm də insan həyatı və sağlamlığı ilə bağlı məsuliyyət tələb edən sahələrdə mümkün təhlükələrin minimuma endirilməsidir. Ekspertlər hesab edirlər ki, profilaktik tədbirlərlə yanaşı, hüquqi mexanizmlərin gücləndirilməsi narkotik asılılığının yaratdığı sosial problemlərlə mübarizədə mühüm rol oynayır.

Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirsə də, bunlarla iş bitmir. Ailələrdə, təhsil müəssisələrində, eləcə də mediada mütəmadi olaraq maarifləndirmə kampaniyaları aparılmalıdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına əsasən 2026-cı ilin yanvar-may aylarında həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bu sahədə ümumilikdə 3766 cinayət faktı aşkarlanıb.

Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-may ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 31 fakt, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 249 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 28 fakt, qrup halında olan cinayətlərin sayı 22 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 19 nəfər azalmış, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 225 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 949 kq 673,4 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 68 nəfər artıb.

2025-ci ilin yanvar-may ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kq 501,187 qr (63%), psixotrop maddələrin çəkisi 13 kq 370,085 qr (15%) azalıb.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 279, QİÇS-lə Mübarizə Mərkəzində 293, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 694 xəstə müalicə alır.

Öz növbəsində Dövlət Gömrük Komitəsi (DGK) 2025-ci il və 2026-cı ilin ilk beş ayı ərzində 2 tondan artıq narkotik vasitə aşkar edərək dövriyyədən çıxarıb. Bu faktı "Report"a DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Vən ən əsası bir mühüm məsələni unutmayaq ki, bu rəqəmlər, statistikanın arxasında insan taleləri dayanır. Narkomaniya ilə mübarizənin əsl məqsədi də statistikanı azaltmaq yox, məhz həmin talelərə işıq salmaqdır.

Müsbət haldır ki, bu ilin yanvar-may ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 110 tədbir (70 maarifləndirici və təşkilati tədbir, 40 maarifləndirici sosial aksiya) təşkil edilib.

Nəticə etibarilə, 26 İyun – Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü bütün dünyaya vacib bir mesaj verir: narkotik problemi yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Sağlam gələcəyin təmin olunması üçün ailə, məktəb, dövlət və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərməli, gənc nəslin sağlam inkişafı naminə narkomaniyaya və narkobiznesə qarşı qətiyyətli mübarizə davam etdirilməlidir.

Oxşar xəbərlər

Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha 2 üzvündən 26 kq narkotik vasitə götürülüb
Son 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər məsuliyyətə cəlb edilib
İki ay ərzində narkotiklə bağlı 529 nəfər tutulub, 8-i xarici vətəndaşdır
Azərbaycanda 707 nəfər narkotik asılılığından müalicə alır
Bu ilin iki ayında 47 milyon 855 min manatlıq narkotik dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər