"First Abu Dhabi Bank" Azərbaycanda strateji infrastruktur və maliyyə layihələrində iştirak etməkdə maraqlıdır
sizinxeber.az xəbər saytı

"First Abu Dhabi Bank" Azərbaycanda strateji infrastruktur və maliyyə layihələrində iştirak etməkdə maraqlıdır


Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında strateji infrastruktur layihələrinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

"Sizinxeber.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün maliyyə nazirinin birinci müavini Anar Kərimov "Birinci Abu-Dabi Bankı"nın ("First Abu Dhabi Bank") nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BƏƏ arasında iqtisadi və maliyyə əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, investisiya resurslarının genişləndirilməsi, strateji infrastruktur layihələrinin maliyyələşdirilməsi, dayanıqlı inkişaf, "yaşıl maliyyə", rəqəmsal transformasiya və kapital bazarları sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

A.Kərimov iki ölkə arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq, BƏƏ-nin Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biri olduğunu bildirib. Ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən maliyyə nazirinin birinci müavini Azərbaycanın güclü makroiqtisadi əsaslara, dayanıqlı fiskal çərçivəyə və dövlət borcunun səmərəli idarəetmə sisteminə malik olduğunu qeyd edib. O, iqtisadiyyatın şaxələndirilməsi, strateji infrastrukturun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və özəl sektorun təşviqi istiqamətində ardıcıl islahatların həyata keçirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, A.Kərimov Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, bu əməkdaşlığın yalnız maliyyə resurslarının cəlb edilməsi ilə məhdudlaşmadığını, həm də qabaqcıl beynəlxalq təcrübənin və innovativ maliyyə həllərinin ölkəyə inteqrasiyasına xidmət etdiyini vurğulayıb.

Öz növbəsində, Bankın İdarəedici direktoru Favaz Abusneineh Azərbaycanla əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, ölkədə aparılan iqtisadi islahatların, əlverişli investisiya mühitinin və regional iqtisadi əlaqələrin genişlənməsinin yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. O, strateji infrastruktur, dayanıqlı maliyyə, kapital bazarları və innovativ maliyyə həlləri istiqamətlərində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı, həmçinin nəqliyyat və logistika infrastrukturunun inkişafı, beynəlxalq maliyyə və investisiya axınlarının təşviqi, eləcə də Azərbaycan ilə Körfəz regionu arasında maliyyə əməkdaşlığının daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
Azərbaycan Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığı müzakirə edib
Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzv olmaq təklif edilib
Azərbaycan Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan İspaniya ilə birgə layihələrin reallaşdırılmasını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər