Əməkdar məşqçi Tərlan Həsənov: "Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək"
sizinxeber.az xəbər saytı

Əməkdar məşqçi Tərlan Həsənov: "Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək"


Azərbaycan cüdoçusu Hidayət Heydərovun çəki dərəcəsi dəyişməyəcək.

Bunu "Report"a açıqlamasında idmançının şəxsi məşqçisi Tərlan Həsənov deyib.

Təcrübəli mütəxəssis çəkisalma prosesinin asan olmadığını söyləyib:

"Hidayət Heydərovun əvvəllər məcburi şəkildə 81 kq çəki dərəcəsinə keçmək təcrübəsi olub. Tokio Olimpiadası ərəfəsində, hərbi xidmətdə olduğu zaman çəkisi artmışdı. Ona bu çəkidə güləşmək tapşırılmışdı. Həmin vaxt 73 kq çəki dərəcəsində Rüstəm Orucov kimi olimpiya və dünya mükafatçısı çıxış edirdi. Buna görə də Hidayətə çəki salmamaq və 81 kq-da qüvvəsini sınamaq tövsiyə olundu. O, bu çəkidə 2-3 yarışda iştirak etdi, birində 5-ci yeri tutdu, digərlərində isə məğlub oldu. Peşəkar və yüksək səviyyəli idmançıların bir çəkidən digərinə keçməsi olduqca çətin prosesdir. Yeni çəki dərəcəsinə tam uyğunlaşmaq, rəqibləri tanımaq və bədənin stabilləşməsi üçün ən azı 1-2 il vaxt lazımdır".

O, daha əvvəl də Hidayət Heydərova məhz 81 kq çəki dərəcəsində mübarizə aparmağı tövsiyə edib:

"Paris Olimpiadasından sonra onun 81 kq çəki dərəcəsinə keçməsini təklif etsəm də, bununla razılaşmamışdı. O, eyni çəkidə 2 qat dünya və 2 qat olimpiya çempionu olacağına söz vermişdi. 73 kq çəki dərəcəsindəki bütün güclü rəqiblərini mükəmməl tanıyır, onlarla dəfələrlə güləşib, qalib gəlib və ya məğlub olub. Buna görə də digər çəkiyə keçməyin çətin olacağını düşünürdü. Əsas məsələ çəkisalma prosesinin düzgün idarə olunmasıdır. O, 10-12 kq çəkini normal saldıqda xalça üzərində çox yaxşı performans nümayiş etdirir. Səhhətində müəyyən problemlər yarandıqda isə çəki salmaq çətinləşir. Məsələn, Ulan-Bator və Daşkənddəki turnirlərdə çəki salmaqda çətinlik çəkmişdi, hətta 600-700 qram qalmışdı. Lakin bir müddət əvvəl keçirilən Avropa çempionatında çəkini çox əla saldı və uğurla çıxış etdi. Fikrimcə, o, çəki dərəcəsini dəyişməyəcək və mübarizəni bu formada davam etdirəcək".

Tərlan Həsənov dünya və Avropa çempionatlarında reytinqdə ilk "8-lik"də qərarlaşmağın böyük üstünlük olduğunu vurğulayıb:

"Yeniyetmələrdə bioloji inkişaf səbəbindən çəki dəyişmək normal və eksperimental xarakter daşısa da, 28 yaşında idmançının bədən quruluşu, əzələ və sinir sistemi artıq tam stabilləşib. Belə idmançılar reytinqdəki mövqelərini qorumaq üçün ildə maksimum 2 və ya 3 dəfə böyük çəki salmağa məcbur olurlar. Dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında reytinq cədvəlinin ilk "8-liy"ində qərarlaşmaq böyük üstünlükdür. Çünki bu zaman ilk görüşlərdə güclü rəqiblərlə qarşılaşmaq ehtimalı aradan qalxır".

O, Çində keçiriləcək Qran-pridə Hidayət Heydərovun medal qazanacağına inanır:

"Hidayət Heydərov çəkini normal saldığı təqdirdə, onun turnirlərdə medal qazanmaq şansı hər zaman çox yüksəkdir. O, rəqiblərin çəkindiyi və ehtiyat etdiyi idmançıdır. İnanıram ki, Çində təşkil olunacaq yarışda da normal şəkildə çəki salaraq mütləq medal qazanacaq".

Xatırladaq ki, Qran-pri turniri iyunun 26-28-də baş tutacaq. Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş "Böyük Dəbilqə"də iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.

Oxşar xəbərlər

Azərbaycan Cüdo Federasiyası: "Hidayət Heydərovun çəki dərəcəsi ilə bağlı yekun qərar verilməyib"
Hidayət Heydərov Çindəki turnirdə fərqli çəki dərəcəsində mübarizə aparacaq
Hidayət Heydərov: "Daha güclü qayıdacağım anı səbirsizliklə gözləyirəm"
"Böyük Dəbilqə": Bu gün Hidayət Heydərov və daha 3 cüdoçu mübarizəyə başlayır
Avropa Cüdo Birliyi Olimpiya və dünya çempionu Hidayət Heydərovla bağlı yazı dərc edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər