Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb
sizinxeber.az xəbər saytı

Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb


Azərbaycanın əməkdar məşqçisi, mərhum Mirəli Seyidovun xatirəsinə həsr olunmuş "kyokuşin (Kay) senşi karate" üslubu üzrə karate turniri başa çatıb.

Azərbaycan Karate Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə qüvvəsini sınayıb.

Tədbirdə ölkənin idman ictimaiyyətinin tanınmış nümayəndələri, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının rəhbərləri və idmançıların ailə üzvləri iştirak ediblər.

Turnir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev mərhum Mirəli Seyidovun karatenin inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Qeyd olunub ki, o, uzun illər ərzində karatenin inkişafı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində böyük fəaliyyət göstərib.

Ülvi Quliyev vurğulayıb ki, Mirəli Seyidov yalnız peşəkar məşqçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik nüfuzlu idman xadimi olub. Onun yetirmələrinin müxtəlif yerli və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər Azərbaycan idman tarixində xüsusi yer tutur. Deputat qeyd edib ki, belə turnirlər həm gənclərin idmana marağının artırılması, həm də görkəmli idman xadimlərinin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Turnir çərçivəsində Mirəli Seyidovun ailə üzvlərinə Azərbaycan Karate Federasiyası tərəfindən plaketlər, fəxri sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, bir sıra məşqçi və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Sonda çıxış edən qonaqlar Mirəli Seyidovun xatirəsinin daim ehtiramla yad ediləcəyini bildirərək, yarışın təşkilatçılarına təşəkkürlərini ifadə ediblər.

Oxşar xəbərlər

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
Bakıda kontakt karate üslubları üzrə yay seminarı keçirilir
Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı təşkil olunub
Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Bakıda karate üzrə beynəlxalq "Grand Prix" turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər