Prokurorluğa yeni qəbul edilmiş 56 nəfərin andiçmə mərasimi keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Prokurorluğa yeni qəbul edilmiş 56 nəfərin andiçmə mərasimi keçirilib - FOTO


Ötən il elan edilmiş 26-cı müsabiqə üzrə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların yanvarın 14-də Baş Prokurorluqda andiçmə mərasimi keçirilib.

Sizinxeber.az xəbər verir ki, qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar öncə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edib.

Bildirilib ki, Azərbaycan Prezidentinin 4 may 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğunun yaradılması, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində ötən il cənab Prezidentin Sərəncamına əsasən ilk dəfə olaraq yaradılmış həmin prokurorluğun, eyni zamanda Şuşa, Xocalı və Xocavənd, habelə Şəki rayon və Bakı şəhəri Nərimanov rayon prokurorluqlarının yeni inzibati binalarının açılışı, digər rayon prokurorluqları üçün müasir iş şəraitinin qurulması prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğının təcəssümüdür.

Qeyd olundu ki, bu gün burada qulluğa qəbul olmuş gənclərdən 2-i Vətən müharibəsinin iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında xidmətlərini davam etdirəcəklər.

2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 5 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.

Kamran Əliyev bildirib ki, bu gün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə prokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərin qazandığı uğurlar məhz Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkün olub.

Qeyd olundu ki, həmin Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 15 aprel 2024-cü il tarixdə elan edilmiş 26-cı müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, 56 gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə müvafiq əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələr Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Ülviyyə Nuriyeva və Qabil Əlizadə çıxış edərək, gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başısına minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycanda 56 hüquqşünas prokurorluq orqanlarına qəbul edilib
Son beş ildə 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib
Baş Prokurorluqda 2 yeni təyinat olub
Ədliyyə orqanlarına işə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib
Prokurorluğa qulluğa qəbulla bağlı müsabiqəyə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər