FHN Akademiyasında “Turizmdə təhlükəsizlik” mövzusunda təlim keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

FHN Akademiyasında “Turizmdə təhlükəsizlik” mövzusunda təlim keçirilib - FOTO


Fövqəladə Hallar Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün turistlərin müxtəlif məkanlarda təhlükəsizliyinin təmin edilməsi, o cümlədən fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim təşkil olunub.

Sizinxeber.az xəbər verir ki, tədbirdə FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini İradə Kərimova, Akademiya rəisinin birinci müavini Fuad Mehbalıyev, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun Destinasiyanın inkişafı və turizm məhsulu departamentinin direktoru Heybət Vəliyev, FHN-in aidiyyəti qurumlarının və müxtəlif turizm agentliklərinin əməkdaşları iştirak ediblər.

Əlli nəfərdən artıq tur bələdçisinin cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd yerli və xarici turistlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin, o cümlədən tur bələdçilərinin bu sahədə bilik və bacarıqlarının, fövqəladə hallara hazırlıq səviyyələrinin artırılması olub.

Təlimin nəzəri hissəsində FHN-in mütəxəssisləri tərəfindən bələdçilərə dağlıq və meşəlik ərazilərdə, su hövzələrində, vulkanik zonalarda, tarixi və digər turistik məkanlarda, eləcə də müxtəlif növ atraksionlar və nəqliyyat vasitələrində, hava şarları və paraşütlərdə rast gəlinə biləcək risklər və bunlarla bağlı davranış qaydaları, müxtəlif təhlükəli hadisələr zamanı atılacaq addımlar, o cümlədən ilkin yardım və “112” qaynar xəttinin imkanları barədə ətraflı məlumat verilib, maarifləndirici videoçarxlar nümayiş olunub.

İnteraktiv formatda keçən nəzəri hissədə suallar ətraflı cavablandırılıb, iştirakçılara təhlükəsiz davranış qaydalarına dair yaddaş materialları təqdim edilib.

Daha sonra təlimin praktik hissəsinə başlanılıb. Belə ki, şərti hadisə nəticəsində “zərərçəkmişlər”ə göstərilən ilkin yardım nümayiş olunub. Həmçinin, dağ bələdçiləri və digər ekstremal səyahətlərə çıxan qrup rəhbərlərinə xilasetmə avadanlıqlarından istifadə qaydaları əyani şəkildə təqdim edilib.

Uğurla keçən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub və təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara fəxri fərmanlar təqdim edilib.

Oxşar xəbərlər

Heybət Vəliyev: Mövsüm öncəsi turistlərin təhlükəsizliyinin gücləndirilməsi vacibdir
Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub - FOTO
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirilib
FHN Şamaxıda təlim keçirib - VİDEO
Ucar xəstəxanasında fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər