Taliyə İbrahimova: Təhlil və araşdırmalar qohum nikahlarına qadağanın vacib olduğunu göstərdi
Tibb mütəxəssislərinin çoxsaylı elmi araşdırmaları və vətəndaşların üzləşdiyi gerçəkliklərə istinadlar, aparılan təhlillər qohum nikahlarına qadağanın ölkədə sağlam genofondun qorunması, gələcək nəsillərin fiziki və psixoloji inkişafının təmin edilməsi baxımından vacib, uzaqgörən addım olduğunu göstərdi.
Bu fikirləri "Sizinxeber.az"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O qeyd edib ki, qanun heç də bütün qohumluq əlaqələrinə şamil edilmir.
T.İbrahimovanın sözlərinə görə, Ailə Məcəlləsinə əsasən, yaxın qohumlardan əlavə, aşağıdakı qohumluq münasibətləri əsasında nikah bağlanması qadağan edilir:
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.
Tədqiqatlar göstərir ki, bu cür nikahlar nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin, o cümlədən sağlamlıq imkanları məhdud olan fərdlərin sayında artım müşahidə olunur. Belə ki, hər iki valideyndə eyni genetik mutasiya daşıyıcısı olduqda doğulan uşaqlarda həmin mutasiyanın klinik təzahür etmə ehtimalı artır. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının məhdudiyyətli olması riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Yəni, bu risk 2 dəfə artır".
İnsanların seçim hüququnun pozulması ilə bağlı cəmiyyətdə yayılan iddiaya gəlincə, Taliyə İbrahimova vurğulayıb ki, bu yanaşma hüquqi baxımdan doğru sayılmır:
"Belə ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Konvensiyası ailə institutunun və uşaqların müdafiəsini prioritet hesab edərək, dövlətlərə gələcək nəsillərin rifahını təmin etməklə bağlı konkret öhdəliklər müəyyən edir. Bu kontekstdə genetik risklər daşıyan qohum nikahlarının məhdudlaşdırılması dövlətin həm hüquqi, həm də etik baxımdan əsaslandırılmış müdaxiləsi kimi qiymətləndirilir. Qadağanın məqsədi fərdi seçim azadlığını məhdudlaşdırmaq deyil, əksinə, cəmiyyətin ümumi rifahını və gələcək nəsillərin sağlamlığını qorumaq".
Mülki Məcəlləyə də istinad edən şöbə müdiri vurğulayıb ki, Məcəllənin 6.3-cü maddəsinə əsasən, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər:
"Bu müddəadan da açıq şəkildə görünür ki, cəmiyyətin ümumi mənafeyinin qorunması məqsədilə mülki hüquqlar qanun çərçivəsində məhdudlaşdırıla bilər. Qohum nikahlarının tibbi və sosial fəsadları nəzərə alınaraq qadağan edilməsi həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına uyğun və legitim sayılır".
Oxşar xəbərlər
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
Prezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı təsdiqləyib
Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilib
Ötən ildən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minənədək qeydə alınan nikahların sayı açıqlanıb
Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












