Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdr.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Azərbaycan polisi müstəqil dövlətimizin sabitliyinin əsas sütunlarından biridir
Arzu Nağıyev Azərbaycan polisinin ötən illər ərzində böyük inkişaf yolu keçərək dövlətçiliyimizin, ictimai-siyasi sabitliyin və vətəndaş təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildiyini söyləyib: “Bu gün Azərbaycan polisi xalqın və dövlətin etibarlı dayağı kimi cəmiyyətin böyük hörmətini qazanıb. Müstəqil Azərbaycanın inkişafı, ölkədə sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması polis əməkdaşlarının gündəlik fədakar əməyinin nəticəsidir. Azərbaycan polisi hər zaman dövlətə, xalqa və qanuna sədaqət prinsiplərinə sadiq qalaraq ən məsuliyyətli vəzifələri layiqincə yerinə yetirib.”

Cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və operativ fəaliyyət
Parlamentin komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda kriminal vəziyyətin tam nəzarət altında olması dövlətin təhlükəsizlik siyasətinin uğurlu nəticələrindən biridir: “Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və qanunun aliliyinin təmin olunması istiqamətində Azərbaycan polisi yüksək peşəkarlıq nümayiş etdirir. Bu gün vətəndaşlarımız küçələrdə, yaşayış məntəqələrində, evlərində, yollarımızda özlərini təhlükəsiz hiss edirlər. Bu təhlükəsizlik təsadüfi yaranmayıb. Bunun arxasında polis əməkdaşlarının gecə-gündüz fəaliyyəti, yüksək peşəkarlığı, operativliyi və xalqla sıx əməkdaşlığı dayanır. Cinayətlərin qarşısının alınması, hüquq pozuntularının operativ şəkildə aşkarlanması, müasir texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin genişləndirilməsi və qabaqcıl təcrübənin tətbiqi polis orqanlarının fəaliyyətinin daha da səmərəli təşkilinə imkan verir. Bu gün Azərbaycan polisi regionun ən peşəkar hüquq-mühafizə institutlarından biri kimi tanınır”.

Qarabağ uğrunda döyüşlərdə polis və Daxili Qoşunların qəhrəmanlığı
Arzu Nağıyev deyib ki, Azərbaycan polisi yalnız hüquq-mühafizə orqanı deyil, eyni zamanda Vətən uğrunda döyüş meydanında böyük qəhrəmanlıq göstərmiş qüvvədir: “Birinci Qarabağ müharibəsində də, 44 günlük Vətən müharibəsində də, eləcə də 2023-cü ilin lokal antiterror tədbirləri zamanı polis əməkdaşları və Daxili Qoşunların şəxsi heyəti ordumuzla çiyin-çiyinə döyüşərək dövlətimizin ərazi bütövlüyünün bərpasına mühüm töhfələr veriblər. Onlar ön cəbhədə vuruşaraq böyük qəhrəmanlıq nümunələri göstəriblər. Bu şərəfli yol yüzlərlə polis əməkdaşının şəhidliyi ilə tariximizə yazılıb. Çoxsaylı polis əməkdaşları müxtəlif orden və medallarla, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüblər. Onların göstərdiyi igidlik Azərbaycan polisinin yalnız daxildə deyil, dövlətimizin təhlükəsizliyinə yönəlmiş bütün təhdidlərə qarşı mübarizədə ön sıralarda dayandığını bir daha sübut etdi”.

Laçın yolunda ekoloji aksiyada nümunəvi xidmət
Deputat Laçın dəhlizində keçirilən ekoloji aksiya zamanı polis əməkdaşlarının peşəkarlıq və təmkin nümayiş etdirərək mühüm vəzifəni yerinə yetirdiklərini xatırladıb: “Ekoloji fəalların dinc etiraz aksiyası zamanı polis əməkdaşları həm aksiya iştirakçılarının təhlükəsizliyini yüksək səviyyədə təmin etdilər, həm də ictimai asayişi qorudular. Bu proses bütün dünyaya göstərdi ki, Azərbaycan polisi qanunun aliliyini təmin etməklə yanaşı, xalqın qanuni tələblərinin müdafiəsində də daim onun yanındadır. Həmin aksiya bir daha nümayiş etdirdi ki, polis əməkdaşları yalnız cinayətkarlıqla mübarizə aparmır, eyni zamanda ölkəmizə qarşı həyata keçirilən ekoloji terror siyasətinə qarşı milli həmrəyliyin qorunmasına da öz töhfəsini verirlər”.
Pandemiya və fövqəladə vəziyyətlərdə fədakarlıq
Milli Məclisin komitə sədri COVID-19 pandemiyasının polis əməkdaşlarının fədakarlığını bütün cəmiyyətə bir daha nümayiş etdirdiyini vurğulayıb: “Pandemiya dövründə polis əməkdaşları ən çətin şəraitdə fasiləsiz xidmət göstərdilər. Karantin rejiminə nəzarətin təmin edilməsi, əhalinin təhlükəsizliyinin qorunması, yaşlılara, sosial təcrid şəraitində yaşayan insanlara göstərilən yardım və digər mühüm tədbirlər onların gecə-gündüz xidmətinin nəticəsi idi. Təbii fəlakətlər, iri ictimai tədbirlər, fövqəladə vəziyyətlər və digər riskli hallarda da Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışaraq insanların təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Bu fədakarlıq cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”.

Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi
Arzu Nağıyev qeyd edib ki, bu gün Azərbaycan polisi 1990-cı illərin mürəkkəb dövründəki hüquq-mühafizə sistemindən tamamilə fərqli inkişaf mərhələsinə yüksəlib: “1990-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, ayrı-ayrı cinayətkar silahlı dəstələrin fəaliyyət göstərməsi, hüquq-mühafizə sistemində mövcud olan ciddi problemlər artıq tarixdə qalıb. Həmin dövrün çətinlikləri ilə bugünkü Azərbaycan arasında müqayisə aparmaq belə mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarının maddi-texniki bazası davamlı şəkildə gücləndirilib, əməkdaşların sosial müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, xidmət şəraiti müasirləşdirilib. Yeni texnologiyalar, intellektual idarəetmə sistemləri, videomüşahidə şəbəkələri, rəqəmsal xidmətlər və peşəkar kadr hazırlığı polis fəaliyyətinin daha operativ və effektiv təşkilinə imkan yaradıb. Bütün bunlar hüquq-mühafizə sisteminin dayanıqlı inkişafını təmin edən mühüm amillərdir”.
Xalq-polis birliyi dövlət təhlükəsizliyinin əsas dayağıdır
Deputatın sözlərinə görə, bu gün polis-vətəndaş münasibətləri qarşılıqlı etimad üzərində qurulub: “Azərbaycan polisi artıq təkcə qanunun keşiyində dayanan qurum deyil. Polis əməkdaşları insanların problemlərinin həllinə kömək edən, vətəndaş müraciətlərinə həssas yanaşan, cəmiyyətlə açıq dialoq quran dövlət qulluqçularıdır. Bu gün xalq-polis birliyi ölkəmizdə sabitliyin qorunmasının ən mühüm təminatlarından biridir. Vətəndaşların polisə inamı artdıqca hüquq pozuntularının qarşısının alınması istiqamətində də daha səmərəli nəticələr əldə olunur. Bu qarşılıqlı etimad hüquqi dövlət quruculuğunun mühüm göstəricilərindəndir”.
Beynəlxalq aləmdə etibarlı tərəfdaş
Arzu Nağıyev bildirib ki, müasir dövrdə təhlükəsizlik yalnız ölkə daxilində cinayətkarlıqla mübarizə ilə məhdudlaşmır:
“Azərbaycan polisi beynəlxalq terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə, transmilli mütəşəkkil cinayətkarlığa və digər transsərhəd təhlükələrə qarşı mübarizədə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir. Müasir dövrdə təhlükəsizlik sahəsində beynəlxalq koordinasiya xüsusi əhəmiyyət daşıyır və Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş kimi tanınır. Əminəm ki, bundan sonra da Azərbaycan polisi dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaşlarımızın təhlükəsizliyinin qorunması, qanunun aliliyinin təmin olunması və milli maraqlarımızın müdafiəsi istiqamətində üzərinə düşən bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirəcək. Azərbaycan polisi xalqımızın qürur mənbəyidir və hər zaman dövlətimizin ən etibarlı dayaqlarından biri olaraq qalacaq.”
Oxşar xəbərlər
Təhlükəli manevr edən sürücü məsuliyyətə cəlb olunub
Tbilisidə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri müzakirə edilib
Arzu Nağıyev: Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi
Yol polisi sürücülərə çağırış edib
Milli Məclisin 8 deputatı Gürcüstanda seçkiləri müşahidə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
