Vətəndaşlar ipoteka götürərkən məhkumluq haqqında arayışı rəqəmsal formada təqdim edə biləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
13:00

Vətəndaşlar ipoteka götürərkən məhkumluq haqqında arayışı rəqəmsal formada təqdim edə biləcək

27 may, 2025
13:00
468

Vətəndaşlar ipoteka götürərkən məhkumluq haqqında arayışı rəqəmsal formada təqdim edə biləcək

Vətəndaşlar məhkumluq haqqında arayışı İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) artıq rəqəmsal formada təqdim edə bilərlər.

"Sizinxeber.az" bu barədə İKZF-ya istinadən xəbər verir.

Məlumata görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Fond arasında əməkdaşlıq şəraitində “mygov” platformasında rəqəmsal xidmətlərin əhatə dairəsi genişləndirilib.

Platformada yeni istifadəyə verilmiş funksionallıq vasitəsilə vətəndaşlar “mygov”dan əldə etdikləri məhkumluq haqqında arayışı İpoteka və Kredit Zəmanət Fondu (Fond) ilə birbaşa rəqəmsal şəkildə paylaşa bilərlər.
Əvvəllər bu arayışı fiziki formada təqdim etmək zəruri idisə, artıq bu proses tamamilə rəqəmsallaşdırılıb. Bununla da satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanmaq istəyən vətəndaşların İpoteka və Kredit Zəmanət Fonduna kağız daşıyıcıda təqdim etməli olduğu sənədlərin sayı sıfıra enib.
Məhkumluq haqqında elektron arayışı həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə paylaşmaq mümkündür.
Yeni xidmət İpoteka və Kredit Zəmanət Fondu, Daxili İşlər Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Xidmətin istifadə qaydası aşağıdakı mərhələləri əhatə edir:
1. “mygov” platformasında “Xidmətlər” bölməsinə daxil olunur.
2. “Məhkumluq haqqında arayış” seçilir.
3. “Tarixçə” bölməsindən müvafiq arayışa keçid edilir.
4. “Paylaş” funksiyası seçilir.
5. İpoteka və Kredit Zəmanət Fondu seçilir və arayış elektron şəkildə göndərilir.
Əgər vətəndaşın məhkumluq haqqında arayışı “mygov” platformasında mövcud deyilsə, platformadan arayışın əldə olunması üçün müraciət edə bilərlər.
Qeyd edək ki, tətbiq olunan bu kimi rəqəmsal həllər vətəndaş məmnuniyyətinin artırılması, onların vaxt və resurslarına qənaət edilməsi, eləcə də kağız sərfiyyatının azaldılması kimi məqsədlərə xidmət edir.

Bizimlə əlaqə saxlayın