Zaur Fətizadə: "Auditor hesabatlarında ƏL/TM riski ilə bağlı qeyd və tövsiyələr standartlaşdırılmalıdır"
sizinxeber.az xəbər saytı

Zaur Fətizadə: "Auditor hesabatlarında ƏL/TM riski ilə bağlı qeyd və tövsiyələr standartlaşdırılmalıdır"


Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (ƏL/TM) ilə mübarizə son illərdə Azərbaycanın nəzarət orqanlarının fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Maliyyə Monitorinq Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

“Bu mübarizə təkcə hüquq-mühafizə və maliyyə sektorunun işi deyil. Bu, dövlətlərin hüquqi dayanıqlığına, iqtisadi təhlükəsizliyinə və beynəlxalq reputasiyasına əhəmiyyətli təsir göstərən məsələdir. Əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi yalnız maliyyə resurslarının gizli axını deyil, bu, korrupsiya, qeyri-qanuni iqtisadiyyat, silahlı münaqişələr və sosial sabitliyə qarşı yönəlmiş risklərin bütövlüyüdür”, - deyə o bildirib.

Z. Fətizadə qeyd edib ki, son illərdə Azərbaycanın ƏL/TM sahəsində atdığı addımlar mühüm nəticələrə yol açıb: “Dövlət strukturlarının koordinasiyası gücləndirilib, Maliyyə Monitorinq Xidməti tərəfindən risk əsaslı yanaşma tətbiq olunur, beynəlxalq əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi intensivləşdirilib”.

Onun sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması hallarında maliyyə təhlilinin aparılması və bu təhlilin istintaqa təqdim olunması praktikası genişlənib: “Bu, effektiv araşdırmaların açarı olmaqla yanaşı, bir çox hallarda istintaqın başlanmasına səbəb olan ilkin siqnal mənbəyidir”.

Z. Fətizadə auditor nəzarətinin gücləndirilməsinin vacibliyinə də toxunub: “Auditorlar yalnız maliyyə şəffaflığını təmin edən yox, həm də risk siqnallarını öncədən müəyyənləşdirən ekspertlər kimi yetişdirilməlidir. Auditor hesabatlarında ƏL/TM riski ilə bağlı qeyd və tövsiyələrin standartlaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır”.

Z. Fətizadə vurğulayıb ki, ƏL/TM ilə mübarizə yalnız inzibati tədbirlər toplusu deyil: "Bu, hər bir cəmiyyətin ədalət prinsipinə, qanunun aliliyinə və ictimai etimada verdiyi dəyərin göstəricisidir. Bu mübarizədə uğur nəzarət mexanizmlərinin gücü ilə deyil, həmin mexanizmlərin arxasında dayanan peşəkarların vicdanı, təcrübəsi və fədakarlığı ilə müəyyən olunur”.

Oxşar xəbərlər

AMB institusional risk qiymətləndirilməsinə dair Metodoloji Rəhbərliyi təsdiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vahid Novruzov: "Azərbaycanda şübhəli maliyyə əməliyyatlarına qarşı məsuliyyət artırılmalıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı beynəlxalq maliyyə təhlükəsizliyi konfransına ev sahibliyi edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər