İİTKM-nin şöbə müdiri: "Laçın Beynəlxalq Hava Limanının strateji önəmi var"
sizinxeber.az xəbər saytı

İİTKM-nin şöbə müdiri: "Laçın Beynəlxalq Hava Limanının strateji önəmi var"


Laçın Beynəlxalq Hava Limanının həm siyasi, həm də strateji əhəmiyyəti olduqca böyükdür.

“Report” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu qurumun şöbə müdiri Aqil Əsədov sözügedən aerroportun açılışını şərh edərkən bildirib.

"Laçın şəhəri həm Ermənistanla sərhədə, həm də işğaldan azad edilmiş bir çox ərazilərə yaxındır. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına, regionda istehsal edilən məhsulların yerli və xarici bazarlara çıxışına öz töhfəsini verəcək", - deyə o qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin avqust ayında bünövrəsi qoyulmuş Laçın Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Hava limanı Qorçu kəndində dəniz səviyyəsindən 1 700 metr hündürlükdə inşa edilib və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biridir. Laçın Beynəlxalq Hava Limanında yaradılmış şərait Beynəlxalq mülki hava daşınmalarına dair tələbləri müəyyənləşdirən ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

İİTKM-in şöbə müdiri qeyd edib ki, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə hava hava daşımalarının inkişafı milli iqtisadiyyatın mühüm istiqamətlərindən birini təşkil edir: "Hava nəqliyyatının inkişafı həm sərnişin, həm də yük daşımalarının artırılmasına yönəlib. Bu sahədə görülən işlər müxtəlif istiqamətləri əhatə edir ki, bunun da əsasını yeni hava limanlarının tikintisi və modernləşdirilməsi, yeni hava daşıma marşrutlarının açılması, hava daşınmalarında rəqəmsallaşmanın tətbiqi təşkil edir.

Prezident İlham Əliyevin 2025-ci il 12 mart tarixli sərəncamı ilə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” təsdiq edilib. Bu proqram qeyd olunan sahədə nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsinə səbəb olacaq. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə proseslər asanlaşdırılacaq və əməliyyatların səmərəliliyinin artırılmasına nail olunacaq, sərhədlərin təhlükəsizliyi gücləndiriləcək, ticarət və turizmin inkişafına, bununla da iqtisadi inkişafa və məşğulluğa töhfə veriləcək, keyfiyyətli aviasiya xidmətlərinin əlçatanlığı təmin olunacaq".

Aqil Əsədov vurğulayıb ki, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ölkəmizin imkanlarını daha da artıraraq Azərbaycanın hava daşımaları üzrə də bir HUB-a çevrilməsinə təkan verəcək: "Şübhəsiz ki, hava limanları bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıqları da genişləndirməyə şərait yaradacaq. Bu, beynəlxalq standartlara uyğun fəaliyyət göstərməyə və təhlükəsizlik səviyyəsini artırmağa kömək etməklə, hava nəqliyyatı sahəsində əlavə marşrutların açılması və uçuş coğrafiyasının genişləndirilməsi, ekoloji baxımdan təmiz texnologiyaların tətbiqi, regionlarda hava limanlarının potensialının artırılması, hava limanlarının logistik mərkəzlərə çevrilməsi kimi istiqamətlərdə də mühüm töhfələr verəcək".

Oxşar xəbərlər

Xidmət rəsmisi: "Laçın aeroportunun tikintisi başa çatmaq üzrədir"
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
Laçın Beynəlxalq Hava Limanının açılışı olub - YENİLƏNİB
Ərdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır
Laçın Hava Limanına beynəlxalq status verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər