Orxan Məmmədov: “Yaşıl nəqliyyat” yeni iqtisadi modeli formalaşdıracaq”
sizinxeber.az xəbər saytı

Orxan Məmmədov: “Yaşıl nəqliyyat” yeni iqtisadi modeli formalaşdıracaq”


Azərbaycanda “yaşıl nəqliyyat” təkcə ekoloji məsələ deyil, həm də yeni iqtisadi modelin formalaşması deməkdir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, elektrikli avtomobillər, velosiped sistemləri, karbonsuz logistik xidmətlər və enerji səmərəliliyi əsasında qurulan nəqliyyat təşəbbüsləri artıq bir çox ölkədə geniş tətbiq olunur: "Bu tendensiya həm ətraf mühitin mühafizəsi, həm də yeni biznes imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır".

KOBİA rəhbəri qeyd edib ki, elektriklə işləyən nəqliyyat vasitələrinin – avtomobil, skuter, velosiped və digər növlərin yayılması kiçik və orta biznes subyektləri üçün yeni fəaliyyət sahələri yaradır: "Bu sahədə texniki xidmət mərkəzləri, enerji doldurma məntəqələri, velosiped icarəsi və servis xidmətləri, logistik platformalar və proqram təminatı sahəsində fəaliyyət göstərmək mümkündür. Bu isə KOB-ların innovativ sahələrə keçidini stimullaşdırır və yeni nəsil sahibkarlıq modelinin inkişafına yol açır”.

O. Məmmədov “yaşıl nəqliyyat” sahəsində müəyyən çətinliklərin də olduğunu deyib.

O, texniki xidmət və ehtiyat hissələrinin çatışmazlığını, şarj məntəqələrinin sayı və yerləşdirilməsində disbalansı, nəqliyyat vasitələrinin sertifikatlaşdırma və qeydiyyat prosedurlarındakı boşluqları, velosiped yollarının infrastrukturundakı natamamlığı əsas problemlər kimi sadalayıb.

Onun sözlərinə görə, Bakıda yeni avtomobil və velosiped zolaqlarının çəkilməsi hərəkətin fasiləsizliyinə və ekoloji yükün azaldılmasına müsbət təsir göstərir: "Lakin bu eyni zamanda həmin zolaqların yerləşdiyi küçələrdə fəaliyyət göstərən obyektlər üçün yeni çağırışlar yaradıb. Bu çağırışlara piyada axınının azalması, avtopark yerlərinin məhdudlaşması və tədarük proseslərinin çətinləşməsi daxildir".

KOBİA sədri hesab edir ki, “yaşıl nəqliyyat” infrastrukturunun genişləndirilməsi prosesində KOB-ların maraqları da nəzərə alınmalıdır: “Yaşıl nəqliyyat yolları layihələndirilərkən, həmin ərazilərdə yerləşən KOB-ların fəaliyyətinə təsirinin qiymətləndirilməsi aparılmalıdır. Logistika və təchizat xidmətləri üçün alternativ dayanacaqlar və yükləmə zolaqları təşkil olunmalı, elektrik şarj məntəqələri müştəri axınına dəstək ola biləcək mərkəzi nöqtələrdə qurulmalıdır. Eyni zamanda, yerli istehsalçılar üçün yaşıl texnologiyalar sahəsində innovativ təşəbbüslər dəstəklənməlidir.”

O. Məmmədov əlavə edib ki, KOBİA bu sahədə bir sıra təşəbbüslərlə çıxış edib və fəaliyyətini davam etdirməyi planlaşdırır.

“Yaşıl iqtisadiyyat” və ekologiya mövzularında sahibkarlar üçün 10 sahəvi və maarifləndirici görüş keçirilib, bu tədbirlərdə 300-dən çox sahibkar iştirak edib. “Yaşıl Qarabağ” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində elektrik skuterlərin istifadəsi təmin olunub. Bu layihə məşğulluğa da müsbət təsir göstərib. Eyni modeli Xankəndi və digər işğaldan azad olunmuş şəhərlərdə də tətbiq etməyi planlaşdırırıq”.

O bildirib ki, “yaşıl iqtisadiyyat”a keçidə töhfə verən sahibkarlıq təşəbbüslərinə dəstək olaraq indiyədək 27 layihəyə 450 min manatdan çox qrant ayrılıb. Bundan başqa, “Yaşıl enerji və təmiz ətraf mühit” mövzusunda ictimai müzakirələr təşkil olunub.

KOBİA sədri əlavə edib ki, qurumun təşəbbüsü ilə və COP29 çərçivəsində “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” hazırlanıb və sənəd artıq 20-yə yaxın yerli və beynəlxalq təşkilat tərəfindən dəstəklənir.

Oxşar xəbərlər

Samir Abdullayev: “Elektrobusların xətlərə buraxılması atmosferə atılan zəhərli qazları azaldacaq”
Orxan Məmmədov: “Azərbaycan və Qətər arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün yeni bir mərhələ açılır”
KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib
Orxan Məmmədov: "KOB-ların "yaşıl transformasiyası" vacib məsələdir"
Orxan Məmmədov: “KOB sektorunda “yaşıl siyasət”in geniş tətbiqi üçün çətinliklər var”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər