Azərbaycan GECF və IRENA ilə əməkdaşlığın inkişafını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan GECF və IRENA ilə əməkdaşlığın inkişafını müzakirə edib


Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumu (GECF) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində nazir Pərviz Şahbazovun GECF-nin Baş katibi Filip Mşelbila və IRENA-nın Baş direktoru Francesco La Camera ilə keçirilən görüşlərdə aparılıb.

GECF-in Baş katibi Filip Mşelbila ilə keçirilən görüşdə qlobal qaz sektorunda müşahidə olunan tendensiyalar, elektrik enerjisinə tələbatın artması fonunda təbii qazın güclənən rolu barədə müzakirələr aparılıb. Xüsusilə enerji sabitliyi və enerji keçidi aspektində qazın əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Azərbaycanla GECF arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin Forumun növbəti Sammitində iştirak məsələlərinə də toxunulub.

Baş direktor Francesco La Camera ilə görüşdə isə Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib, xüsusilə bərpa olunan enerji sahəsində birgə təşəbbüslərin genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu tərəfdaşlığın enerji keçidi və yaşıl enerji gündəliyinin reallaşmasında mühüm rol oynadığı qeyd edilib.

Görüş zamanı "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib. Francesco La Camera Mərkəzi Asiya və region ölkələri üzrə layihə təşəbbüslərinin genişləndirilməsi məqsədilə layihələrin birgə qiymətləndirilməsi və beynəlxalq maliyyə institutları ilə koordinasiyanın gücləndirilməsinə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin bərpa olunan enerji üzrə regional inteqrasiya, elektrik şəbəkələrinin inkişafı, enerji saxlama sistemləri və interkonnektorların genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

Filip Mşelbila: Biz Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk
GECF COP29 çərçivəsində nazirlər görüşü keçirəcək
GECF və OPEC COP29-da iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində birgə addımları müzakirə ediblər
Energetika naziri Qaz İxrac Edən Ölkələr Forumunun Nazirlər Toplantısına dəvət edilib - YENİLƏNİB
GECF baş katibi: Hörmüz kimi şoklar enerji strategiyalarını dəyişməyə məcbur edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər