Yaroslav Kovalçuk: "Bu il Azərbaycan-Belarus birja ticarəti dövriyyəsi 100 milyon dollar ola bilər" - MÜSAHİBƏ
sizinxeber.az xəbər saytı

Yaroslav Kovalçuk: "Bu il Azərbaycan-Belarus birja ticarəti dövriyyəsi 100 milyon dollar ola bilər" - MÜSAHİBƏ


Azərbaycan ilə Belarus arasındakı iqtisadi əməkdaşlıq bu gün ənənəvi ticarət münasibətlərinin hüdudlarından kənara çıxaraq yüksək texnologiyalı birja mexanizmləri sahəsinə keçid edir. Həcmi 400 milyon ABŞ dollarını aşan ümumi ticarət dövriyyəsi fonunda Belarus Universal Əmtəə Birjası (Belarusian Universal Commodity Exchange, BUCE) transsərhəd əməliyyatlarda şəffaf qiymətəmələgəlmə və təhlükəsizliyin əsas dayağına çevrilir.

Ərzaq məhsulları ixracında ciddi yüksəliş və Azərbaycandan olan müştərilərin sayının artması hər iki ölkə arasında formalaşan biznesin vahid rəqəmsal ticarət platformasına dərin inteqrasiyasını göstərir. Belarus yağının ixrac dəyərinin 30 dəfədən çox yüksəlməsinin hansı amillərə bağlı olduğu, pambıq istehsalçıları ilə birbaşa müqavilələrin vasitəçiləri nə zaman əvəz edəcəyi, 2026-cı ilin birja dövriyyəsi baxımından rekord il olub-olmayacağı kimi suallara və digərlərinə Belarus Universal Əmtəə Birjasının Xarici İqtisadi Fəaliyyət İdarəsinin rəhbəri Yaroslav Kovalçuk "Sizinxeber.az"a verdiyi müsahibədə cavab verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 400 milyon ABŞ dollarını ötüb. Əməkdaşlığın, o cümlədən aqrar sektorda əlaqələrin mövcud dinamikasını nəzərə alaraq, 2026-cı ildə hansı göstəricilərə nail olmağı proqnozlaşdırırsınz?

- Bu sualı yalnız ölkələrimiz arasında birja ticarəti nöqteyi-nəzərindən cavablandıra bilərəm. Mövcud inkişaf tempinin qorunması şərti ilə hesab edirik ki, Belarus və Azərbaycan arasında birja ticarət dövriyyəsi bu il 100 milyon ABŞ dollarına çatacaq.

Bir çox şey biznesin fəallığından və hər iki ölkənin şirkətlərinin birja ticarət mexanizmlərinə cəlb olunma dərəcəsindən asılı olacaq. Bu gün biz Azərbaycan və Belarus işgüzar dairələrinin birja alətlərindən istifadəyə marağının davamlı surətdə artdığını müşahidə edirik. Getdikcə daha çox şirkət məhz birja əməkdaşlıq modelini seçir, çünki bu model şəffaf bazar qiymətlərinin formalaşdırılmasını, əqdlər üzrə öhdəliklərin icrasına nəzarəti, texniki müşayiəti və effektiv biznes qərarlarının qəbul edilməsi üçün zəruri olan analitik informasiyaya çıxışı təmin edir.

Bizim əsas vəzifəmiz ticarət iştirakçıları üçün maksimum rahat şərait yaratmaq və Azərbaycanla Belarus arasında qarşılıqlı ticarətin inkişafına kömək edən alətlər və xidmətlərin geniş spektrini təqdim etməkdir.

- İyunun 2–3-ü tarixlərində Minskdə Azərbaycan və Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 16-cı iclası və Belarus-Azərbaycan biznes-forumu keçiriləcək. Belarus Universal Əmtəə Birjası bu tədbirlərdə iştirak etməyi planlaşdırırmı və Azərbaycanın biznes dairələri ilə görüşlərdən gözləntiləriniz nələrdir?

- Təşkilatçıların dəvəti ilə Belarus Universal Əmtəə Birjasının rəhbərliyi iyunun 2-də Belarus-Azərbaycan biznes-forumunda iştirak edəcək. Tədbir çərçivəsində biz Azərbaycan nümayəndə heyətinə birja platformasının imkanlarını təqdim edəcək və ikitərəfli ticarət əməkdaşlığının inkişafı üçün mövcud alətlər barədə məlumat verəcəyik.

Bundan başqa, iyunun 3-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə bir sıra Azərbaycan şirkətlərinin nümayəndələri birjanın ofisini ziyarət edəcək. Fərdi görüşlər zamanı biz Belarus bazarında işin praktiki aspektlərini və biznesin səmərəliliyinin artırılması üçün birja mexanizmlərindən istifadə imkanlarını ətraflı müzakirə etməyi planlaşdırırıq.

Bu əlaqələrlə bağlı gözləntilərimiz yüksəkdir, çünki hər iki tərəfdən ticarət-iqtisadi əlaqələrin inkişafına marağın artdığını müşahidə edirik. Söhbət həm Belarus məhsullarının Azərbaycana tədarükündən, həm də Azərbaycan mallarının Belarus bazarına ixracının artırılmasından gedir.

Tərəfdaşlarla əlaqələrin keyfiyyətinə xüsusi diqqət yetiririk. Bu yaxınlarda komandamıza azərbaycandilli mütəxəssis qoşulub ki, bu da Azərbaycan şirkətləri ilə daha operativ və rahat əməkdaşlığa imkan verəcək.

- Bu gün Belarus Universal Əmtəə Birjasında Azərbaycandan 218 təsərrüfat subyekti akkreditasiyadan keçib. Əvvəlki müsahibəmizdən bu yana Azərbaycandan olan ticarət iştirakçılarının sayı 42 şirkət artıb ki, bu da biznesin birja ticarət mexanizmlərinə davamlı marağından xəbər verir.

Ticarət dövriyyəsinin strukturuna gəlincə, ən nəzərəçarpan dəyişikliklər kənd təsərrüfatı məhsulları seqmentində baş verib. Azərbaycan şirkətlərinin Belarusun aqrar məhsullarına marağının artacağına dair proqnozumuz özünü tamamilə doğruldub. Əgər 2025-ci ilin üç rübünün yekunları üzrə kənd təsərrüfatı məhsullarının iki ölkə arasında ümumi birja ticarət dövriyyəsindəki payı cəmi 3 % təşkil edirdisə, 2026-cı ilin birinci rübünün nəticələrinə görə, bu rəqəm artıq 11 %-ə çatıb.

Bu, süd məhsulları ixracının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır. Birja vasitəsilə quru süd ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 dəfə, kərə yağı ixracı isə 34,5 dəfə artıb. Bu göstəricilər Azərbaycan bazarında keyfiyyətli Belarus məhsullarına yüksək tələbatın olduğunu və qarşılıqlı ticarətin inkişafında birja alətlərinin səmərəliliyini təsdiqləyir.

- Ötən il Siz "Halal" sertifikatlı ət məhsullarının əhəmiyyətli ixrac potensialını qeyd etmişdiniz. Cari ildə bu istiqaməti artımın əsas hərəkətverici qüvvələrindən birinə çevirmək mümkün oldumu, yoxsa ixracın əsas hissəsi hələ də taxta-şalban və süd məhsullarının payına düşür?

– 2026-cı ilin birinci rübünün yekunları üzrə ət məhsullarının ixrac həcmləri ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisə oluna bilən səviyyədə qalır. Bununla yanaşı, biz bu istiqamətin gələcək inkişafı üçün yaxşı perspektivlər görürük. Birjada akkreditasiyadan keçmiş yeni Azərbaycan şirkətləri arasında "Halal" sertifikatlı məhsullar da daxil olmaqla Belarus ət məhsullarının potensial alıcıları var.

Hazırda Belarusun birjanın xətti ilə Azərbaycana həyata keçirdiyi ixracın strukturunda taxta-şalban və süd məhsulları üstünlük təşkil edir. Eyni zamanda, məhz süd məhsulları seqmenti ən təsirli artım dinamikası nümayiş etdirir və son aylarda ikitərəfli birja ticarətinin strukturunda öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

– Bu yaxınlarda Siz Azərbaycanın ən böyük aqrar sərgilərində iştirak etdiniz. Yerli biznes nümayəndələri ilə görüşlər nəticə verdimi? Potensial ixracatçılarla ilkin razılaşmalar əldə etmək mümkün oldumu? Bu gün Belarusun birja bazarında hansı Azərbaycan mallarına daha çox tələbat var?

- Bu ilin mayında Bakıda keçirilmiş "InterFood Azerbaijan" və "Caspian Agro Week 2026" sərgilərində iştirakımızın əsas məqsədlərindən biri Belarus bazarında tələbatın olduğu məhsullar istehsal edən Azərbaycan istehsalçılarının axtarışı idi. Söhbət ilk növbədə, təzə meyvələr, quru meyvələr, qoz-fındıq, meyvə püreləri və konsentrat şirələrdən gedir.

Qeyd edə bilərəm ki, sərgilər olduqca məhsuldar oldu. Keçirilmiş görüşlərin yekunlarına əsasən bir sıra Azərbaycan şirkətləri artıq Belarus bazarına çıxmaq üçün birja mexanizmlərindən istifadə etməkdə maraqlı olduqlarını bildiriblər. Hazırda qeyd olunan məhsulların bir neçə istehsalçısı Belarus Universal Əmtəə Birjasında akkreditasiya prosedurundan keçir.

Hesab edirik ki, yaxın gələcəkdə bu, birja meydançasında təqdim olunan Azərbaycan mallarının çeşidini genişləndirməyə və qarşılıqlı ticarətin həcmlərini artırmağa imkan verəcək.

– Əvvəllər qeyd etmişdiniz ki, Azərbaycan məhsullarının bəzi növləri (pambıq və alüminium) birjaya vasitəçilərin dəstəyi ilə daxil olurdu. Müvafiq məlumatlar AZPROMO və KOBİA-ya ötürüldükdən sonra vəziyyət dəyişibmi? Azərbaycan istehsalçılarının Belarus Universal Əmtəə Birjasında ticarətdə birbaşa iştirakı ilə bağlı nümunələr varmı?

– Hazırda biz bu məhsulların istehsalçısı olan Azərbaycan şirkətlərinin birja ticarətində birbaşa iştiraka cəlb edilməsi istiqamətində fəal iş aparırıq. Bununla yanaşı, hələlik bu prosesi məhdudlaşdıran obyektiv amil mövcuddur. Söhbət Azərbaycandan Belarusa ayrı-ayrı məhsulların birja idxalının nisbətən kiçik həcmlərindən gedir.

Mövcud tədarük həcmlərində vasitəçi modeli iqtisadi cəhətdən özünü doğruldur. Lakin əmtəə axınlarının artması və Azərbaycan istehsalçılarının Belarus bazarında mövcudluğunun genişlənməsi ilə vasitəçilərə ehtiyac tədricən azalacaq. Əminik ki, ticarət həcmlərinin artması birja meydançası vasitəsilə istehsalçılar və alıcılar arasında birbaşa əlaqəyə daha geniş keçid üçün zəmin yaradacaq.

– Ötən il "BakuBuild" sərgisində iştirakdan sonra Belarus Universal Əmtəə Birjası Azərbaycanın ilk birja brokerini – "MERA" şirkətini akkreditasiyadan keçirib. 2026-cı ilin birinci rübünün yekunları üzrə əməkdaşlığın nəticələrini necə qiymətləndirirsiniz? Azərbaycanda, o cümlədən ölkənin regionlarında broker şəbəkəsinin daha da genişləndirilməsi imkanı nəzərdən keçirilirmi?

– Bu gün "MERA" şirkəti bizim meydançamızda ən fəal ticarət iştirakçılarından biridir. O, Belarusun taxta-şalban məhsullarının ən böyük alıcıları sırasında yer alır və son vaxtlar Azərbaycandan yeni müştərilərin, o cümlədən Belarus kənd təsərrüfatı məhsullarının satın alınmasında maraqlı olan şirkətlərin cəlb edilməsində mühüm rol oynayır.

Biz əməkdaşlığın nəticələrini müsbət qiymətləndirir və hesab edirik ki, cari ilin sonuna qədər birgə fəaliyyətimizin nəticələrini daha ətraflı şəkildə təqdim edə biləcəyik.

Broker şəbəkəsinin gələcək inkişafına gəldikdə isə, səmərəlilik həmişə bizim üçün əsas meyar olaraq qalır. Biz konkret brokerin birja ticarət dövriyyəsinin artırılması və bazarın yeni iştirakçılarının cəlb edilməsindəki rolunu qiymətləndiririk. Əgər əməkdaşlığın inkişafı üçün yüksək potensial görürüksə, bu halda həm Bakıda, həm də Azərbaycanın digər regionlarında tərəfdaş şəbəkəmizi genişləndirməyə açığıq.

Oxşar xəbərlər

Belarus Əmtəə Birjası Azərbaycan pambığını almaq niyyətindədir
BUƏB Azərbaycan biznesinin ticarətdə iştirakını genişləndirmək istəyir
Belarus ət məhsulları ilk dəfə əmtəə birjası vasitəsilə Azərbaycana satılıb
Belarus Azərbaycanı İrandan metal məhsullarının tranziti üçün tərəfdaş kimi nəzərdən keçirir
AZPROMO: Belarusla sənaye sahəsində əməkdaşlıq məhsuldar perspektivlər vəd edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər