Energetika naziri Qaz İxrac Edən Ölkələr Forumunun Nazirlər Toplantısına dəvət edilib - YENİLƏNİB
Energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) bu ilin oktyabrın 23-də Qətərdə keçiriləcək Nazirlər Toplantısına dəvət edilib.
“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Energetika naziri Pərviz Şahbazov Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamellə görüşüb.
Görüşdə Azərbaycanın təşkilatla əməkdaşlığı və qlobal qaz sektorunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı GECF-in COP29 çərçivəsində təbii qazın ekoloji üstünlüklərinin vurğulanması, onun əlçatan, sərfəli və davamlı enerji mənbəyi kimi tanıdılması, dekarbonizasiya sahəsində texnoloji nailiyyətlərin nümayişi və bu istiqamətdə dialoq və təcrübə mübadiləsinə şərait yaradılması məqsədi daşıyan panel və pavilyonlarının əhəmiyyəti xatırladılıb, Azərbaycanın bu təşəbbüslərə göstərdiyi dəstəyə görə təşəkkür edilib.
Bundan başqa, tədbir çərçivəsində nazir Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysla görüşüb. Görüşdə neft bazarının tənzimlənməsinin cari vəziyyəti, neft sənayesində inkişaf tendensiyaları və OPEC+ formatında əməkdaşlığa dair məsələlər müzakirə edilib. Söhbət zamanı neft bazarında sabitliyin qorunub saxlanmasında OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığının töhfələri qeyd edilib. Azərbaycanın bu prosesdə rolu yüksək qiymətləndirilib.
Həmçinin Pərviz Şahbazovun Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi ilə görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında enerji əlaqələrinin möhkəmləndirilməsi olub. Dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafına təkan verdiyi qeyd olunub. Bu çərçivədə neft və neft məhsulları, LNG ticarəti, hasilat və kəşfiyyat layihələri, emal, habelə dekarbonizasiya və insan kapitalının inkişafı sahələrində əməkdaşlığa dair Protokol, həmçinin elektrik və bərpa olunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı vurğulanıb. Söhbət zamanı hasilat, neft-kimya və emal sahələrində əməkdaşlığa maraq ifadə edilib.
18:45
Azərbaycan və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) arasında neft bazarının tənzimlənməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsi hesabında yazıb.
"Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının Baş katibi Haysam Əl-Qays ilə görüş keçirdik. Qlobal neft bazarının tənzimlənməsi və Azərbaycanla əməkdaşlığa dair müzakirələr apardıq."- o qeyd edib.