Oyan Nəzəriani: "Yeniyetmələrin Yay Olimpiya Oyunları bizim üçün çox əhəmiyyətli yarışdır" - MÜSAHİBƏ
Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani "Sizinxeber.az"a müsahibə verib. Mütəxəssis Dünya Seriyasının Vyetnamda keçirilən ilk mərhələsində qazanılan nəticələri dəyərləndirib. O, qarşıdakı yarışlardan, Bakıda təşkil olunacaq dünya çempionatının əhəmiyyətindən və Azərbaycanın çimərlik güləşində artan nüfuzundan danışıb. O.Nəzəriani həmçinin Vyetnamda keçiriləcək beynəlxalq məşqçilik kursundakı iştirakı, Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq prosesi və yığma komandaya seçim meyarları barədə də fikirlərini bölüşüb.
- Çimərlik güləşi mövsümünə Vyetnamda start verildi. Dünya Seriyasının ilk mərhələsində 1 dəst medal qazandınız. Komandanın çıxışından razı qaldınız?
- Bildiyiniz kimi, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Vyetnamın Dananq şəhərində baş tutan ilk mərhələdə 3 çəki dərəcəsində çıxış etdik. 90 kq-da Əşrəf Aşırov qızıl, 80 kq-da Sahib Dadaşov gümüş və 70 kq-da Rübail İbrahimli bürünc medal qazandı. Bundan sonrakı seriyaların hamısında 4 çəkidə iştirak edəcəyik. İslam İlyasov +90 kq-da yer alacaq. Bu yarışda medalsız qalan Vüsal Əliyevin (80 kq) növbəti mərhələlərdə sözünü deyəcəyinə inanıram. Ümumilikdə nəticəmizi yaxşı hesab etmək olar. Ancaq 70 və 80 kq-da qızıl medal qazana bilərdik.
- Bir müddət sonra yenidən Vyetnama yola düşəcəksiniz. Amma bu dəfə başqa məqsədlə. Azərbaycan güləş tarixində ilk təlimçi-məşqçi kimi iştirak edəcəyiniz bu tədbirlə bağlı məlumat verməyinizi istərdik.
- Bildiyiniz kimi, mən Dünya Güləş Birliyinin məşqçi-təlimçisiyəm. İyunun 2-dən 7-dək Vyetnam Güləş Federasiyasının dəvəti, Dünya Güləş Birliyinin və Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Dananq şəhərində məşqçilik kursu keçiriləcək. Həmin tədbirdə təlimçi qismində iştirak edəcəyəm. II səviyyə məşqçilik kurslarında həm sərbəst, həm də çimərlik güləşi üzrə yerli məşqçilər iştirak edəcək.
- Bu il bizi məsul yarışlar gözləyir. Onlardan biri də Bakıda keçiriləcək dünya çempionatıdır. Ölkəmiz ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatına və Dünya Seriyasına ev sahibliyi edəcək. Bu yarışın Bakıda keçirilməsi çimərlik güləşinin populyarlaşmasına nə qədər kömək edəcək? Ümumiyyətlə, bu yarışlar Azərbaycanın dünya çimərlik güləşində mövqeyinə hansı formada təsir göstərəcək?
- Bu il çox gərgin və məsuliyyətli, eyni zamanda xoş ildir. Azərbaycan Güləş Federasiyasının təşəbbüsü ilə bu il çimərlik güləşi üzrə 2 önəmli yarış Bakıda keçiriləcək. Nəzərə alsaq ki, çimərlik güləşi günü-gündən dünyada populyarlaşır, bu dalğanın Azərbaycana yayılması, idman ictimaiyyətinin yarışları daha yaxından izləyib, çimərlik güləşi ilə tanış olması həqiqətən böyük bir şansdır. Düşünürəm ki, bu yarışlar güləşin bu növünə marağı artıracaq. Gələcəkdəki hədəfimiz odur ki, ölkəmizi daha geniş güləşçi heyəti ilə təmsil edək. Fürsətdən istifadə edib federasiyamıza dərin təşəkkürümü bildirmək istəyirəm. Çimərlik güləşinə baxışı, bu istiqamətdə atılan addımlar uzaqgörən siyasətin göstəricisidir.
- İlin ən əsas yarışı Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları olacaq. Oyunların proqramında çimərlik güləşi də yer alıb. Olimpiadada Azərbaycan bu növdə neçə idmançı ilə təmsil olunacaq?
- Artıq iki ildir ki, bu yarışa hazırlaşırıq. Ötən il həm Avropa, həm də dünya çempionatında əldə edilən nəticələr kvota qazanmağımıza imkan verdi. Oğlanlardan ibarət U-17 yığmamız 3 kvota qazandı. Bunlar 70, 80 və 90 kq-dır. Qızlardan ibarət komandamızda isə 55 kq-da kvota qazanmışıq. Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramında yer alacaq yeganə güləş növü məhz çimərlik güləşi olacaq. Bu, ilk dəfə baş verəcək. Olimpiya Oyunları bizim üçün çox əhəmiyyətli yarışdır.
- Olimpiya Oyunlarına heyət seçimini necə aparacaqsınız? Yalnız Azərbaycan çempionatının nəticələri əsas götürüləcək, yoxsa bir neçə yarışın yekununa baxıb, ona əsasən heyəti müəyyənləşdirəcəksiniz?
- Azərbaycan çempionatı yalnız yığmanın tərkibini formalaşdırmaq üçündür. Ancaq seçimə təsiri var. Biz həm ötən il baş tutan Avropa və dünya çempionatının, həm də bu il Bakıda keçiriləcək U-17 dünya çempionatının nəticələrini əsas götürəcəyik. Bunlarla yanaşı, il ərzində keçirilən təlim-məşq toplantılarında güləşçilərin hazırlıq prosesində göstərdiyi performans da dəyərləndiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın çimərlik güləşçiləri Vyetnamda Dünya Seriyasının ilk mərhələsinə qatılacaqlar
Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsində çıxış edəcəklər
Azərbaycanın çimərlik güləşçiləri Yunanıstanda iki medal qazanıblar
Azərbaycan millisinin baş məşqçisi: "Dünya Seriyasının yekununda yaxşı nəticə əldə etmək istəyirik"
Azərbaycan millisinin baş məşqçisi: “Ümid edirik ki, çempionatda ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
