İsDB-nin İllik Toplantılarında startaplar üçün keçirilən müsabiqənin qalibləri məlum olub
sizinxeber.az xəbər saytı

İsDB-nin İllik Toplantılarında startaplar üçün keçirilən müsabiqənin qalibləri məlum olub


Bakıda keçirilən İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş "İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026" ("5th IsDB Group Startups & Innovation Pitch Competition 2026") başa çatıb.

Bu barədə "Sizinxeber.az"a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, "İsDB bazarlarında innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlığın gücləndirilməsi" mövzusu altında təşkil olunan müsabiqə İsDB Qrupuna üzv ölkələrindən sahibkarları, startapları, investorları və inkişaf üzrə tərəfdaşları bir araya gətirib.

Finala vəsiqə qazanan 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında öz layihələrini təqdim ediblər. İştirakçıların çıxışları Azərbaycan (KOBİA, 4SİM) və İsDB tərəfindən müəyyən edilmiş beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirdə çıxış edən İslam İnkişaf Bankı Qrupunun Xüsusi və Etimad Fondları Departamentinin direktoru, İsDB prezidentinin xüsusi müşaviri Məhəmməd Camal Əl-Saati, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Xona" şirkətinin həmtəsisçisi və "iiValley.co" şirkətinin tərəfdaşı Riad Hartani və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov startap ekosistemi, bankın startaplara dəstəyi və Azərbaycanda startaplara dəstək alətləri barədə fikirlərini bölüşüblər.

İyunun 18-də isə "İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026"nın qalibləri elan olunub. Beləliklə, müsabiqədə 3-ü əsas, 6-sı xüsusi mükafatçı olmaqla, ümumilikdə 9 qalib müəyyən edilərək mükafatlandırılıb:

- Birinci yerin qalibi ("Qızıl" mükafat) – "BioSell" - 5 000 ABŞ dolları

- İkinci yerin qalibi ("Gümüş" mükafat) - "Bayuti" - 4 000 ABŞ dolları

- Üçüncü yerin qalibi ("Bürünc" mükafat) – "Park Hub - 3 000 ABŞ dolları həcmində mükafat qazanıb.

Bundan başqa, aşağıdakı startapların hər biri 3 000 ABŞ dolları olmaqla xüsusi mükafatlara layiq görülüblər:

- Süni intellekt və rəqəmsal innovasiya – "AIRT"

- İqlim və davamlılıq – "Proedia"

- Maliyyə inklüzivliyi – "Mink Platform"

- Qadın sahibkarlığı – "Climasel"

- Sosial təsir – "Smart sagro"

- Regional inteqrasiya – "Interconsea" (Derad Network).

Qeyd edək ki, KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən müsabiqəyə Azərbaycandan 220-dən çox müraciət daxil olub. İsDB-nin qiymətləndirmə platforması vasitəsilə aparılan seçim prosesi nəticəsində 6 strateji innovasiya istiqaməti üzrə 25 startap müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə 14–16 iyun tarixlərində "Bakı KOB evi"ndə üç günlük "Bootcamp" proqramı keçirilib. Proqram çərçivəsində seçilmiş startaplar təqdimat bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, investorlarla effektiv kommunikasiya və investisiya cəlbetmə imkanlarının artırılması istiqamətində intensiv təlim və mentorluq sessiyalarında iştirak ediblər. Proqrama innovasiya və sahibkarlıq sahəsində yerli və beynəlxalq təcrübəyə malik ekspert və mentorlar cəlb olunublar. Müsabiqənin keçirilməsində əsas məqsəd innovativ sahibkarlığın inkişafına dəstək göstərmək, perspektivli startapların investorlarla əməkdaşlıq imkanlarını genişləndirmək, onların beynəlxalq bazarlara çıxışını təşviq etmək və Azərbaycanın innovasiya ekosisteminin qlobal əməkdaşlıq platformalarına inteqrasiyasına töhfə verməkdir.

Xatırladaq ki, müsabiqə IsDB Qrupuna üzv ölkələrdə yüksək potensiala malik startapları müəyyən etmək, dəstəkləmək və sürətlə inkişaf etdirmək məqsədi daşıyan təşəbbüsdür. Müsabiqə sahibkarlara texniki dəstək, potensialın artırılması proqramları, investisiya şəbəkələri və qlobal görünürlük imkanları təqdim edir, eyni zamanda innovasiyanı dayanıqlı inkişafın və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi təşviq edir.

Oxşar xəbərlər

İsDB Qrupunun startap müsabiqəsində Azərbaycandan 25 layihə növbəti mərhələyə keçib
IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib
Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər