Azərbaycanda birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək


Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır.

"Report" nazirliyə istinadən xəbər verir ki, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək.

Əsas məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir.

Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 %-dək müəyyən edilib.

Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.

Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti 1 ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər.

Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.

Qeyd edək ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Prezidentinin 5 mart 2026-cı il tarixli "Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Fərmanına əsasən, dövlət büdcəsi hesabına AKİA tərəfindən maliyyələşdiriləcək.

Oxşar xəbərlər

İmişlidə arpa əkininə başlanılıb
Bu il İmişlidə 3 200 hektar sahədə təkrar əkin işləri aparılıb 
İmişlidə cari mövsümdə 42,9 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib
İmişlidə əkin sahələri azalıb
İmişlidə 18 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər