Rəşad Həsənov: Valideynlərin 43 %-i uşaqlarının sosial şəbəkə istifadəsinə nəzarət edə bilmir
sizinxeber.az xəbər saytı

Rəşad Həsənov: Valideynlərin 43 %-i uşaqlarının sosial şəbəkə istifadəsinə nəzarət edə bilmir


Azərbaycanda 16 yaş həddindən olan uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaradılması mümkün olmayacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

O bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı son sorğuya görə, ölkədə 43 % valideyn uşağının sosial şəbəkədə istifadəsinə nəzarət edə bilmir:

"Bu özü də çox narahatlıq doğuran bir məqamdır. Burada həmçinin mənfi fəsadların arasında psixoloji problemlər, təhsildən geri qalma, asılılıq və vaxt itkisi, eləcə də yuxusuzluq və görmənin zəifləməsi kimi məsələlər qeyd olunur. Bundan başqa, məktəbyaşlı övladı olan ailələrin 64 %-ində uşaqlar artıq sosial mediadan istifadə edir və hər 5 uşaqdan biri orta hesabla 5 saatdan çox sosial şəbəkədə vaxt keçirir. Bu, özlüyündə təbii ki, olduqca narahat edən bir statistikadır və istifadə olunan platformalar arasında "YouTube", "WhatsApp" və "TikTok" platformaları üstünlük təşkil edir".

Nazir müavini əlavə edib ki, dəyişikliklə 16 yaş həddində olan uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaradılması mümkün olmayacaq:

"16-18 yaş arası istifadəçilər üçün isə nəzarətli istifadə modeli tətbiq olunacaq. Bu yaş qrupunda hesab yaradılması yalnız qanuni nümayəndələrin razılığı ilə mümkün olacaq. Platformalar isə valideyn nəzarəti panelini təmin etməyə borclu olacaqlar. Onların üzərinə belə bir məsuliyyət qoyulacaq".

Oxşar xəbərlər

Rəşad Həsənov: Sosial media platformalarında daim monitorinq mexanizmləri tətbiq edilməlidir
Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər