AMB: Banklar mübahisəli əməliyyatların idarə olunması üçün yeni modulu sınaqdan keçirir
sizinxeber.az xəbər saytı

AMB: Banklar mübahisəli əməliyyatların idarə olunması üçün yeni modulu sınaqdan keçirir


Azərbaycanda fəaliyyət göstərən 16 bank HÖP (Hökumət Ödəniş Portalı) ilə AÖS (Ani Ödənişlər Sistemi) arasında inteqrasiya prosesini tamamlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş Proqram Təminatı Mühəndisi Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2026-cı ildə HÖP çərçivəsində həyata keçirilən əməliyyatların AÖS kanalı üzərindən icrasında əhəmiyyətli artım qeydə alınıb:

"Yanvar ayında HÖP üzrə əməliyyatların cəmi 0,13 %-i və ya 8 956 əməliyyatı AÖS vasitəsilə icra olunurdusa, may ayında bu göstərici 4,5 %-ə və ya 314 351 əməliyyata yüksəlib. Beləliklə, beş ay ərzində AÖS üzərindən həyata keçirilən əməliyyatların sayı 35 dəfə artıb".

T.Acırqayev vurğulayıb ki, söhbət yeni əməliyyatların yaranmasından deyil, mövcud HÖP əməliyyatlarının HÖP platforması əvəzinə AÖS kanalı vasitəsilə icra olunmasından gedir. Hazırda 16 bank inteqrasiya prosesini tamamlayıb, eyni zamanda HÖP kanalı da fəaliyyətini davam etdirir.

O qeyd edib ki, AÖS sistemində əməliyyat sayının artması mübahisəli halların sayına da təsir göstərir: "Hazırda bu cür hallar iştirakçılar arasında ikitərəfli danışıqlar yolu ilə həll edilir.

Proseslərin daha səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunması məqsədilə Mərkəzi Bank iştirakçılara xüsusi modul təqdim edib. Bu modul vasitəsilə iştirakçılar mübahisəli halları qeydiyyata ala, məlumat mübadiləsi apara, müraciətləri araşdıra, onları qəbul və ya rədd edə, zərurət yarandıqda isə arbitraj mərhələsinə yönləndirə bilərlər.

Hazırda banklar modul üzrə inteqrasiya işlərini davam etdirir və aktiv test mərhələsində iştirak edirlər".

Oxşar xəbərlər

AMB: Ani Ödənişlər Sistemində əməliyyatların sayı 5 ildə 86 dəfə artıb
AMB banklar və biznes arasında nağdsız ödənişləri üzrə yeni tarifləri açıqlayıb
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
Azərbaycanda bank kartları ilə dövriyyə 27 % artıb
Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri cüzi azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər