İƏT-in İstanbul toplantısı – Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çağırış - ŞƏRH » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
16:30

İƏT-in İstanbul toplantısı – Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çağırış - ŞƏRH

23 in, 2025
16:30
230

İƏT-in İstanbul toplantısı – Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına çağırış - ŞƏRH

Yaxın Şərqdə gərginliyin artdığı bir zamanda iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Sessiya “İslam Əməkdaşlıq Təşkilatı Dəyişən Dünyada” mövzusuna həsr olunub.

İran-İsrail müharibəsinin yaratdığı kritik dövrdə keçirilən toplantıda 40-dan çox ölkənin xarici işlər naziri İstanbula səfər edib. Bildirilib ki, iclasa İƏT-ə üzv olan 57 ölkədən, eləcə də müşahidəçi ölkələrdən və digər beynəlxalq təşkilatlardan minə yaxın təmsilçi qatılıb.

Azərbaycan bu təşkilatın fəal üzvlərindəndir. Təşkilat islam dünyasını narahat edən məsələləri daim gündəliyə gətirir. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şuranın toplantısı çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında çıxış edib. O, bu problemin tezliklə nizamlanmasına çağırıb. Azərbaycanlı nazir Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından bu münaqişənin nizamlanmasının əhəmiyyətini qeyd edib. O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.

Rəsmi Bakı Yaxın Şərqdəki gərginliklə bağlı da obyektiv mövqe göstərib.

Xatırladaq ki, 2021-ci ilin aprelində Prezident İlham Əliyev təşkilatın Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərək, onu Azərbaycanla İƏT arasında əməkdaşlığın inkişafına verdiyi müstəsna töhfəyə görə “Dostluq” ordeni ilə mükafatlandırıb: “Həmçinin, fürsətdən istifadə edərək Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstəyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”.

Təşkilata üzv dövlətlər torpaqların işğaldan azad edilməsinə siyasi-diplomatik dəstəyi daim verib. Türkiyə və Pakistan 44 günlük müharibə zamanı Azərbaycanın haqq işini müdafiə etməkdən çəkinməyiblər. Səudiyyə Ərəbistanı, Pakistan, Özbəkistan, Türkiyə Ermənistanla diplomatik əlaqələri tamamilə bərpa etməyib.

İƏT-in 51-ci sessiyasında Ermənistan-Azərbaycan normallaşma prosesini təhdid edən çağırışlardan danışılıb. Çıxışlarda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.

Tədbirdə dünyada artan islamofobiya meyillərinin narahatlıq doğurduğu, Azərbaycanın bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi, ona qarşı mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəklədiyi qeyd olunub.

Azərbaycan Yaxın Şərqin bütün ölkələri ilə normal münasibət saxlayır. Fələstin xalqına humanitar yardım edir. Bu dövlətlə bağlı problemlərin dinc, siyasi-diplomatik yolla həllinin tərəfdarı olaraq çıxış edir.

Münaqişə nəticəsində fələstinlilərin qaçqın vəziyyətə düşməsi halı Azərbaycan üçün bütün formaları ilə tanışdır. Çünki azərbaycanlılar 20-ci əsrdə öz tarixi dədə-baba yurdlarından, indiki Ermənistan ərazisindən 3 dəfə qovulublar, didərgin düşüblər. Oxşar hadisə 1990-cı illərdən sonra Azərbaycanın Qarabağ və ətraf rayonlarında da müşahidə olunub. Vətən müharibəsi nəticəsində torpaqlar işğaldan azad edilib, onların öz bölgələrinə qayıdışı prosesi başlayıb. Bu, həm də onların insan hüquqlarının bərpa olunması deməkdir. Başqa sözlə, Azərbaycan öz vətəndaşlarının pozulmuş hüquqlarını qorunmasını təmin edir.

Ancaq, təəssüf ki, Ermənistan Qərbi azərbaycanlıların pozduğu hüququnu bərpa etmək istəmir. Bunu hər dəfə müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışır. Rəsmi İrəvan öz azərbaycanlı vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etməkdənsə müxtəlif səviyyəli toplantılarda Azərbaycana qarşı şər-böhtan dolu açıqlamalar verir.

C.Bayramov çıxışında indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğunu vurğulayıb.

Sessiyanın yekunlarına dair “İstanbul Bəyannaməsi”ində də Qərbi Azərbaycan türklərinin pozulmuş hüquqlarının bərpası məsələsi vurğulanıb. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Odur ki, Qərbi Azərbaycan İcması ilə bağlı sənədin qəbul edilməsi əlamətdar sayılıb.

İƏT çərçivəsində ilk dəfə olaraq “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul edilib. Orada İcma üzvlərinin öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunub. Bundan başqa, Ermənistanın Qərbi azərbaycanlıların vətəndaşlıq hüquqlarının bərpa olunmasının inkarı sənəddə qınanılıb.

Bu sənədin qəbul edilməsi Qərbi azərbaycanlıların hüquqlarına dair məsələnin beynəlxalq səviyyədə, sənədlərdə öz əksini tapması rəsmi Bakının siyasi-diplomatik uğuru sayıla, təşkilata üzv dövlətlərin tarixi haqsızlığın aradan qalxması üçün başlanğıc addım saymaq olar. Bu kimi sənədlərin perspketivdə başqa beynəlxalq təşkilatlarda da qəbul edilməsi rəsmi İrəvanı Qərbi azərbaycanlılara qarşı törədilən tarixi cinayətin nəticələrinin aradan qalxmasına yardım edər.

Qeyd edilən qətnamə ilə yanaşı, “İstanbul Bəyannaməsi”ndə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanıb. Bəyannamədə Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstək ifadə edilib.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində, habelə Azərbaycanın əvvəllər işğal olunmuş digər ərazilərində törədilən müharibə cinayətləri, insanlıq əleyhinə və soyqırımı cinayətləri bir daha qətiyyətlə pislənir, üzv dövlətlər törədilmiş cinayətlərin tanınması üçün lazımi səyləri göstərməyə çağırılır.

2013-cü ildə Qahirədə keçirilən İƏT Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommünikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul olunmuş “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsində Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanınıb.

Uyğun qətnamədə bu istiqamətdə fəaliyyətin davam etməsi dünyada qətliamlara, soyqırımılara qarşı bir beynəlxalq təpki də sayıla bilər.

Azərbaycan Ermənistanın işğal illərində Qarabağ və Şərqi Zəngəzurda törətdiyi cinayətlərin izlərini aradan qaldırır. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamə də bu məsələyə həsr edilib. Orada Ermənistanın Azərbaycana qarşı nəticələrinin hələ də davam etdiyi təcavüzü bir daha qətiyyətlə pislənib. Sənəddə münaqişədən sonra azad edilmiş ərazilərdə Azərbaycanın ərazilərində apardığı bərpa və yenidənqurma fəaliyyəti dəstəklənib.

İƏT bununla həm də müsəlman ölkələrinin işğaldan sonrakı dövrdə Azərbaycanın gördüyü işləri təşviq etməklə yanaşı, ona yardım edilməsi də vurğulanıb.

Azərbaycanın işğaldan azad edilmiş torpaqlardakı problemlərindən biri də ərazilərin minalardan təmizlənməsidir. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin məlumatına əsasən, ikinci Qarabağ müharibəsindən sonra mina qurbanlarının sayı 388-ə çatıb. Onlardan 70-i həlak olub, 318-i isə xəsarət alıb.

Odur ki, bu “sakit terrorun” nəticəsinin aradan qaldırılması ilə bağlı məsələ də İƏT-in sessiyasının qətnaməsində əksini tapıb. “Azərbaycan Respublikasına iqtisadi dəstək” adlı sənəddə üzv dövlətlər, habelə İslam maliyyə institutları Azərbaycanın yenidənqurma, habelə minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırılıb.

Hesablamalara əsasən, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində tarix və mədəniyyət abidələrinə 177 milyard dollardan artıq ziyan vurub.

İƏT-in XİN Şurasının İstanbul sessiyası işğaldan sonrakı dövrdə Azərbaycanın üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətə, o cümlədən islam dünyasına çatdırılması baxımından bir fürsət sayılır. Bu toplantıda qəbul olunan bəhs etdiyimiz qətnamələr işğaldan azad olunan Azərbaycan ərazilərində müsəlman dövlətlərinin quruculuq, yenidənqurma və bərpa işlərində fəaliyyət göstərmələri üçün çağırışdır.

Bizimlə əlaqə saxlayın