İliyana Yotova: “Bakı Fəaliyyət Çağırışı” nitqlərlə deyil, onun sayəsində tikiləcək evlərlə xatırlansın
sizinxeber.az xəbər saytı

İliyana Yotova: “Bakı Fəaliyyət Çağırışı” nitqlərlə deyil, onun sayəsində tikiləcək evlərlə xatırlansın


İqlim dəyişikliyi davam etsə, bütün qitələrdə insanlar ən sadə və ən müqəddəs hüquq uğrunda – yaşamaq hüququ uğrunda köç etməyə başlayacaqlar.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova bildirib.

“Şəhərlər böyüməyə davam etdikcə yeni insan axınları da onlara yönəlir. Təəssüf ki, biz müharibələr dövründə yaşayırıq. Elə bu an, burada toplaşdığımız vaxt dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr milyonlarla insanı öz evlərini tərk etməyə məcbur edir. Onların 60 faizdən çoxu məhz şəhərlərə sığınır. Çünki şəhər qaçqın vəziyyətinə düşmüş insanın yenidən təhlükəsizlik, iş, uşağı üçün məktəb və normal həyatın kiçik bir hissəsini axtardığı ilk yerdir. Çox uzun müddətdir ki, dünya miqrasiyadan əsasən təhlükə kimi danışır. Gəlin bu yanaşmanı dəyişək. Bu, təhlükə deyil. Bu, hazır olmalı olduğumuz bir reallıqdır. Hazırlıqlı şəhər gələn insanı vətəndaşa, işçiyə, vergi ödəyicisinə və qonşuya çevirir. Hazırlıqsız şəhər isə onu marginallığa, qeyri-rəsmi həyata, görünməzliyə və təcridə sürükləyir. Bu iki yanaşma arasındakı fərq bizim – siyasi liderlərin etdiyi və ya etməkdən imtina etdiyi seçimdir”, – İliyana Yotova qeyd edib.

Bolqarıstan Prezidenti deyib ki, müharibələrdən əlavə daha böyük bir təhlükə də var: “İllərdir iqlim dəyişikliyi təkcə fərdləri deyil, bütöv regionları yerindən edir. Quraqlıqlar, su çatışmazlığı, dəniz səviyyəsinin yüksəlməsi və artıq insanları dolandıra bilməyən torpaqlar buna səbəb olur. Alimlər xəbərdarlıq edirlər ki, mövcud tendensiyalar davam edərsə, bütöv qitələrdə insanlar ən sadə və ən müqəddəs hüquq uğrunda — yaşamaq hüququ uğrunda köç etməyə başlayacaqlar. Bu gün dünyada milyonlarla insan üçün mənzil artıq iqlim dəyişikliyinə qarşı mübarizənin ön xəttinə çevrilib. Şəhərlərin dayanıqlılığı ekoloji lüks deyil. İqlim dəyişikliklərinə hazır olmayan şəhər bütöv regionların sabitliyini poza bilər. Bolqarıstanda biz bu prosesləri yaxşı bilirik. Biz Avropa İttifaqının üzvüyük və əsas bağlantı dəhlizlərinin kəsişməsində yerləşirik. Lakin ölkəmiz, Avropanın böyük hissəsi kimi, yaşlanan əhali, daxili miqrasiya, bəzi regionların boşalması və iri şəhərlərlə kiçik qəsəbələr arasındakı artan bərabərsizliklərlə üzləşir. Biz bir şəhərin inkişaf etdiyi, yaxınlıqdakı digər şəhərin isə tədricən zəiflədiyi vəziyyətin nə demək olduğunu bilirik. Biz gənc ailələrin artıq ev ala bilmədiyi və bütöv nəsillərin gələcəyə inamını itirdiyi vəziyyəti anlayırıq. Bu reallıqlar bizi dünyanın hansı bölgəsindən gəlməyimizdən asılı olmayaraq eyni çağırışlarla üz-üzə qoyur. Problem ortaqdırsa, həllər də ortaq ola bilər. Dünya bilik və nailiyyətləri bir-birindən təcrid olunmuş şəkildə deyil, sərbəst şəkildə paylaşmalıdır. Çünki bizim evlərimiz də, gələcəyimiz də ortaqdır. İnvestisiyalarımız infrastruktura sadəcə öz naminə deyil, insanlara yönəlməlidir. Texnologiya insanlığa xidmət etməlidir, onu əvəz etməməlidir. Süni intellekt, rəqəmsal sistemlər və ağıllı şəhərlər yalnız insanlara xidmət etdikdə, bərabərsizliyi azaltdıqda və həyatı daha əlçatan, təhlükəsiz və ləyaqətli etdikdə həqiqi dəyər qazanacaq. Ən əsası isə mənzil siyasəti yalnız ayrıca bir sektor siyasəti olaraq qalmamalıdır. Bu, cəmiyyətin gələcəyi ilə bağlı siyasətə çevrilməlidir. Gəlin şəhərin uğurunu göydələnlərin sayı, silueti və ya ümumi daxili məhsulu ilə ölçməyi dayandıraq. Şəhəri onun ən həssas insanına belə ev, imkan və söz haqqı verə bilməsi ilə qiymətləndirək. Bu isə mənzil məsələsinin beynəlxalq, milli və yerli siyasətin mərkəzinə qoyulması deməkdir. Şəhər sadəcə böyük ölçülərinə görə möhtəşəm olmur. Şəhər o zaman böyük və güclü olur ki, orada heç kim lazımsız hesab edilmir. Gəlin Bakıdan yalnız növbəti bəyannamə ilə ayrılmayaq. Gəlin Bakıdan qətiyyətlə ayrılaq ki, “Bakı Fəaliyyət Çağırışı” nitqlərlə deyil, onun sayəsində tikiləcək evlərlə xatırlansın”, – İliyana Yotova qeyd edib.

Oxşar xəbərlər

Bolqarıstan Prezidenti: Bakı dünyanın gələcəyi haqqında danışılan məkana çevrilib
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb
Anar Quliyev: WUF13-ün ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi, bu, iqlim dəyişikliyinin nəticəsidir
Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər