Tramp ticarət gərginliyini artırıb
ABŞ Prezidenti Donald Tramp şənbə günü Avropa İttifaqı və Meksikadan idxal olunan mallara qarşı 1 avqustdan etibarən 30% gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib. Sizinxeber.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, bu bəyanat, ABŞ-ın əsas ticarət tərəfdaşları ilə aparılan bir neçə həftəlik danışıqların genişmiqyaslı ticarət sazişi ilə nəticələnməməsindən sonra verilib.
ABŞ-ın müttəfiqlərini qəzəbləndirən və investorları narahat edən ticarət müharibəsinin növbəti mərhələsində Tramp bu tarifləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə və Meksika Prezidenti Klaudiya Şeinbauma ünvanladığı məktublarla elan edib. Həmin məktublar Trampın "Truth Social" sosial media platformasında dərc olunub.
Meksika Prezidenti Klaudiya Şeinbaum bildirib ki, razılıq əldə olunacağına əmindir. “Mən həmişə demişəm ki, bu kimi hallarda hər hansı problemi soyuqqanlılıqla qarşılamaq lazımdır”, — deyə o, Meksikanın Sonora ştatında keçirilən tədbirdə bildirib.
“Biz ABŞ hökuməti ilə hansı sahələrdə işləyə biləcəyimizi, hansılarda isə yox, bunu çox yaxşı bilirik. Və bir məsələ var ki, o, heç vaxt danışıqlar mövzusu ola bilməz: bu da ölkəmizin suverenliyidir”, — deyə Şeinbaum əlavə edib.
Qeyd edək ki, Tramp bu həftə Kanada, Yaponiya və Braziliya da daxil olmaqla 23 digər ticarət tərəfdaşına da oxşar məzmunlu məktublar göndərib. Bu məktublarda 20%-dən 50%-ə qədər dəyişən ümumi tariflər, eləcə də mis idxalına qarşı 50% rüsum tətbiqi nəzərdə tutulub.
Oxşar xəbərlər
Meksika Prezidenti ABŞ-ın gömrük rüsumları ilə bağlı razılaşmanın əldə olunacağına ümid edir
Tramp Aİ-dən gələn mallara 50 % gömrük rüsumunun tətbiqini ertələməyə razılaşıb
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib
Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırıb
ABŞ avqustun 1-dən Aİ və Meksikadan gələn mallara 30 faiz rüsum tətbiq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













