
Dopinq testlərindən yayınan Olimpiya mükafatçısı iki illik diskvalifikasiya olunub

Dopinq testlərindən yayınan Olimpiya mükafatçısı iki illik diskvalifikasiya olunub
Gürcüstanın yunan-Roma güləşçisi Yakob Kadjaya (130 kq) üç dopinq testindən keçmədiyi üçün iki il müddətinə diskvalifikasiya olunub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin (İTA) mətbuat xidməti məlumat yayıb.
2023 və 2024-cü illərdə dopinq işçiləri üç dəfə müvafiq prosedurdan keçmək üçün idmançını tapa bilməyiblər.
Bu səbəbdən ötən il ITA İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət ünvanlayıb və apreldə güləşçinin antidopinq qaydalarını pozduğu aşkar edilib.
Onun diskvalifikasiya müddəti 2027-ci il aprelin 3-də başa çatacaq. Bundan başqa, idmançının 2024-cü il yanvarın 6-dan bəri qazandığı bütün nəticələr ləğv edilib. Kadjayanın qərardan CAS-a şikayət etmək hüququ var.
Qeyd edək ki, Yakob Kadjaya Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır. 31 yaşlı idmançı dünya çempionatında (2019, 2021) iki bürünc medal qazanıb.