Super qəhrəman tələb olunur – Rəsmi 350 manat maaş
Ölkədə rəsmi statistikaya baxanda orta əmək haqqının 400–450 manat aralığında olduğu bildirilir. Kağız üzərində rəqəmlər optimist görünür. Amma iş elanlarına nəzər saldıqda tam fərqli reallıq ortaya çıxır: “rəsmi maaş 300–350 AZN”. Bəzən “artım mümkündür” qeydi əlavə olunur, lakin bu artımın hansı şərtlərlə və nə zaman baş verəcəyi bəlli olmur. Nəticədə statistik orta göstərici ilə real bazar təklifi arasında ciddi uyğunsuzluq yaranır.
“Orta əmək haqqı” anlayışı əslində hər kəsin aldığı maaş demək deyil. Yüksək gəlir əldə edən az sayda rəhbər şəxslər və iri şirkət əməkdaşları ümumi rəqəmi yuxarı çəkir. Amma əmək bazarının əsas hissəsini təşkil edən satıcı, ofis meneceri, kassir, operator və digər sıravi işçilər üçün təklif edilən məbləğ yenə 300–400 manat aralığında qalır. Kağız üzərində artım var, amma insanların gündəlik xərclərində rahatlıq hiss olunmur.
Digər problem maaşın rəsmi və qeyri-rəsmi bölünməsidir. Bir çox elanlarda minimum məbləğ rəsmi göstərilir, qalan hissənin isə “əlavə bonus” və ya “faiz” kimi təqdim olunduğu deyilir. Bu isə işçinin sosial təminatına mənfi təsir göstərir. Pensiya, sığorta və digər hüquqlar real qazanca uyğun hesablanmır. Nəticədə işçi risk altında qalır.
Əmək bazarında ən çox müzakirə olunan məsələlərdən biri də “təcrübə tələbi”dir. Demək olar ki, hər vakansiyada “minimum 1–2 il iş təcrübəsi” şərti yer alır. Amma heç kim sual vermir: bu insan işləməsə, təcrübəni haradan qazansın? Universiteti yeni bitirmiş gənc iş tapmaq üçün təcrübəyə, təcrübə qazanmaq üçün isə işə möhtac qalır. Bu qapalı dairə minlərlə gənci ya qeyri-rəsmi işə, ya da ixtisasından kənar sahəyə yönəldir.
İşəgötürənlər hazır kadr axtarır, amma kadr yetişdirmək istəmir. Təlim proqramları, staj imkanları, öyrədici mexanizmlər çox az müəssisədə mövcuddur. Halbuki uzunmüddətli inkişaf üçün şirkətlərin öz kadrına yatırım etməsi vacibdir. Əks halda, həm işçi tez-tez dəyişir, həm də iş keyfiyyəti sabit olmur.
Maaş və tələblər arasındakı balans da diqqət çəkir. 300–350 manat təklif edən müəssisə eyni zamanda yüksək məsuliyyət, tam iş qrafiki, əlavə tapşırıqlar və çoxşaxəli bacarıq tələb edir. Bu məbləğlə kirayə, nəqliyyat, gündəlik xərclər necə qarşılanmalıdır? Minimum maaşla maksimum gözlənti əmək bazarında ciddi disbalans yaradır.
Elanlarda tez-tez yaş və cins məhdudiyyəti də qeyd olunur. Qanunvericilik ayrı-seçkiliyi qadağan etsə də, praktikada “25–35 yaş arası”, “yalnız qadın”, “özünə baxımlı” kimi ifadələr açıq şəkildə yazılır. Bu yanaşma peşə bacarığından çox xarici görünüş və yaş faktorunu ön plana çıxarır. Halbuki iş qabiliyyəti insanın doğum tarixindən və ya cinsindən asılı deyil.
Əmək bazarındakı bu reallıq sosial narazılığın əsas səbəblərindən biridir. İnsanlar rəsmi rəqəmlərlə gündəlik həyat arasında fərqi açıq şəkildə görür. Əgər orta maaş həqiqətən artıbsa, niyə elanlarda təklif edilən məbləğ dəyişmir? Əgər təcrübə bu qədər vacibdirsə, niyə gənclərə real imkan verilmir?
Və sonda elanlarda ən çox arzu olunan obraz demək olar ki, dəyişmir: 35 yaşa qədər qadın olsun, bütün işləri görə bilsin, təxminən 4–5 nəfərin funksiyasını təkbaşına icra etsin və üstəlik “özünə baxımlı” olsun. Minimum maaş, maksimum gözlənti – əmək bazarının acı paradoksu da məhz budur.
Ölkədə pensiya yaşı 65 olaraq müəyyən edilib. Rəsmi izah sadədir: insanların ömür uzunluğu artır, sosial fondun yükü çoxalır və sistem davamlı olmalıdır. Amma kağız üzərində məntiqli görünən bu qərar real həyatın sərt şərtləri ilə toqquşanda suallar başlayır. 65 yaşa qədər işləməli olan insan, bəs iş tapa bilmirsə nə etməlidir? O vaxta qədər sakitcə ac qalmalıdır?
Sözüm var layihəsi İzzət Qurbanov imzası ilə hazırlanmışdır.
Oxşar xəbərlər
Ölkədə saatlıq əmək haqqı tətbiq ediləcək, maaşlar artacaq
Orta aylıq nominal əməkhaqqı 4 aydır azalır: İndiki hədd də inandırıcı görünmür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib

