
Taksi xidməti, yoxsa narahatlıq ünvanı? – Qadın sərnişinlərin təhlükəsizliyi

Taksi xidməti, yoxsa narahatlıq ünvanı? – Qadın sərnişinlərin təhlükəsizliyi
Son zamanlar Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmət çərçivəsindən kənara çıxaraq yersiz söhbət və qeyri-ciddi təkliflərlə çıxış etmələri cəmiyyətin ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə paylaşılan statuslar, şəxsi hekayələr və xüsusilə də hüquq-mühafizə orqanlarına daxil olan müraciətlər göstərir ki, “sürücü-müştəri” münasibəti bəzi hallarda təhlükəyə çevrilib.
Bu hadisələr təkcə “taksi mədəniyyətinin pozulması” deyil – ictimai əxlaqın, qadın təhlükəsizliyinin və etik davranış normalarının pozulmasıdır.
“Salam”dan sonra gələn narahatlıq
Bəzi qadın sərnişinlər deyir ki, artıq tanımadığı taksiyə minərkən gözünü yol deyil, telefonun ekranını izləyir, ehtiyat edir, susur. Sürücülərin çoxu peşəkardır, mədəni davranır, amma az da olsa bəziləri sərnişinə yox, “tanışlıq fürsəti” kimi baxır. Bu isə təkcə narahatlıq yox, hüquq və azadlıqların pozulmasıdır.
Qadınların dilindən çıxan şikayətlər isə bunlardır:
– “Əvvəlcə harada işlədiyimi soruşdu, sonra 'gözəl səsiniz var' deyə davam etdi...”
– “Üzüyümə baxıb dedi ki, evlisinizsə, mənimçün fərq etməz...”
– “Yol boyu şəxsi suallar verdi, sükut etsəm, 'naz edirsiniz?' deyirdi...”
– “Gecə sifariş verəndə daha çox narahat oluram – tanımadığım biri ilə qaranlıqda təkəm...”
Bu cür hallar artıq istisna yox, getdikcə yayılan narahatlıq halıdır. Qadın sərnişin evinə rahat çatmaq üçün yox, ən qısa vaxtda bu “söz bazarından” qurtulmaq üçün yol axtarır.
Hüquqi baxımdan bu nə deməkdir?
Qanunvericilikdə “etik pozuntu” anlayışı konkret cinayət maddəsi kimi keçmir. Amma:
Sürücünün sərnişinə cinsi xarakterli suallar verməsi,
Təklif etməsi,
Məkan dəyişmək, ünvan təklif etmək,
Və ya sadəcə təhdidedici tonda danışması artıq qanunsuz davranış, hətta taciz kimi qiymətləndirilə bilər.
Daxili İşlər Nazirliyi artıq bu istiqamətdə bəzi sürücülərə qarşı tədbirlər görüb. Amma problemin kökü yalnız cəzada yox, mədəniyyətdədir.
“Müştəri həmişə haqlıdır”, bəs sərnişin təhlükədədirsə?
Taksi sürücülərinin bəraət gətirdiyi ən geniş arqument budur:
“Biz də insanıq, sadəcə söhbət edirik.”
Amma unudurlar ki, taksi xidməti ictimai nəqliyyatın bir formasıdır. Sürücü şəxsi maşınında yox, ictimai məsuliyyət daşıyan peşə sahibidir.
Söhbət etmək istəyən qarşıdakı insana seçim haqqı tanımalıdır. O insan səninlə danışmaq istəməyə bilər. Onun susma haqqı var. Sualına cavab verməmək ixtiyarı var. Sən taksidə sərnişin daşıyırsan, münasibət yox.
Qadınlar nə istəyir?
Çox sadə:
– Sürücüdən mədəniyyət və məsafə gözləyir;
– Yol boyunca təhlükəsizlik və sakitlik istəyir;
– Sifarişdən sonra “əlavə tanışlıq paketi” yox, xidmət keyfiyyəti gözləyir.
Bu istəklər nə şıltaqlıqdır, nə də eqoistlik. Bu, bir insanın hüququdur.
Platformaların məsuliyyəti
Uber, Bolt, Maxim kimi platformalar sürücü seçimi və nəzarətində daha məsuliyyətli davranmalıdır. Bəzən minimum sənədlə hər kəs sürücü olur. Təlim keçirilmədən, mədəniyyət qaydaları aşılanmadan, etik davranış təlimatı verilmədən insanları sükan arxasına buraxmaq – minlərlə sərnişini risqə atmaqdır.
Həmçinin, şikayət mexanizmləri zəifdir.
Qadın sərnişin yazır: “Sürücü narahatlıq yaratdı.”
Platforma cavab verir: “Rəylərinizə görə təşəkkür edirik.”
Bu yetərli deyil. Taciz edən sürücü bloklanmalı, yenidən eyni platformaya daxil ola bilməməlidir. Çünki bu artıq təkcə “şikayət” yox – cəmiyyətin təhlükəsizliyinə təhdiddir.
Dərindən baxsaq...
Taksi maşını – ictimai məkandır. İki nəfər bir neçə dəqiqəlik həyat yolunu bölüşür. Bu zaman hörmət, məsuliyyət, insanlıq ön planda olmalıdır.
Əgər bir sürücü bu münasibəti şəxsi fürsətə çevirirsə – bu artıq peşə xəyanətidir.
Bu problem təkcə qadın sərnişinləri deyil – sürücülük peşəsinin öz nüfuzunu da sarsıdır. Hər kəsə şamil olunmasa da, bir neçə pozucu element bütün peşəyə kölgə salır. Hətta vicdanlı, dürüst, əziyyətlə çalışan sürücülər belə “bizi də belə bilirlər” deyə şikayət edirlər.
Sözüm var:
Əgər bir qadın taksiyə minərkən narahat olursa, deməli cəmiyyətin harasındasa xırda yox, ciddi çat var.
Əgər taksi xidmətinə görə müraciət yox, şikayət artırsa, bu sistemin xidmət yox, təzyiq yaratdığını göstərir.
Taksi maşını sürücünün mülkü deyil – ictimai etimad nöqtəsidir. O etimadı itirən – gələcəkdə bu sahəyə inamı da itirəcək.
Qadın sərnişin sadəcə çatmaq istədiyi ünvana yox, təhlükəsizliyə da getmək istəyir. Onun üçün taksi yolu maraqlı yox, rahat olmalıdır.
Qoy bu yazı vicdanlı sürücülərin hörmətini artırsın,
amma əxlaqsız davrananları susdurmaq üçün bir çağırış olsun axı onlarında ana bacıları var.
Çünki biz həm sərnişin, həm vətəndaşıq – amma ilk növbədə insanıq.
(İzzət Qurbanov – “Sözüm var” layihəsi üçün)