Nilay və Ali Baş Komandan
Nilay və Ali Baş Komandan
İzzət Qurbanov yazır...
Bir zamanlar balaca bir qız vardı — adı Nilay idi. O, dünyanı yeni tanımağa başlayan, heç nədən xəbəri olmayan körpə idi. Anasının sevgisi, atasının qayğısı ilə günbəgün böyüyür, yuxularında isə gül-çiçək, işıq və sevinc görürdü.
Amma həyat birdən dəyişdi. Düşmənlərin atdığı odlu mərmilər onun evini vurdu. O ev ki, bir vaxtlar ailə istiliyi ilə dolu idi, indi külə çevrildi. Nilayın ata-anası həmin mərmilərin qurbanı oldu. O isə cəmi on bir aylıq idi. Bu dünyada tək qaldı, amma yaşamağa davam etdi.
Beş il ötüb. Təqvim 27 sentyabr 2025-ci ili göstərir. Nilay indi bir uşaqlıq möcüzəsi kimi böyüyüb, taleyin ağır yükünə baxmayaraq həyatla barışıb. Bu gün isə o, müharibədə də, sülhdə də qalib gələn Ali Baş Komandanla görüşür.

Beş il öncə başlayan Vətən müharibəsi hələ də hər kəsin yaddaşındadır. Bu gün o günləri xatırlamaq belə çətindir. Çünki qələbə sevincinin yanında saysız-hesabsız itkilər var. Hər bir qazanılan zəfərin arxasında itirilmiş ömürlər dayanır.
Qarabağ yarası onilliklər boyu xalqımızın yaddaşını sızıldatdı. Bu dərd yalnız ön cəbhədə döyüşənlərin deyil, hər evin, hər ailənin qəlbinə toxundu. Hər kəsin həyatından birini aldı — atasını, oğlunu, bacısını, körpəsini.
44 günlük savaş zamanı da gördük ki, düşmənin məqsədi yalnız döyüş meydanı deyildi. Gəncə, Tərtər, Bərdə dəfələrlə raket atəşinə tutuldu. Dinc insanlar həyatlarını itirdilər. Körpələr, analar, qocalar — heç kimə aman verilmədi. Amma xalqımız qorxmadı, geri çəkilmədi. Çünki inam vardı — Ali Baş Komandana, ordumuza, Azərbaycanın gücünə inam.
Nilayın ata-anası da bu inamla qaçmadılar. Onların evi son mənzilə çevrildi. Amma Nilay sağ qaldı. Sanki nağıllardakı kimi bir möcüzə oldu. Sağ qaldı ki, böyüsün, bu gün Vətəninin qüdrətini, qələbənin şirinliyini görsün. Sağ qaldı ki, Ali Baş Komandanın əlindən tuta bilsin, arzularını paylaşa bilsin.
Nilay hələ balacadır, bəlkə də tarixdə baş verənləri tam anlamır. Amma qəlbi ilə hiss edir. Hiss edir ki, valideynlərinin qanı yerdə qalmadı. Hiss edir ki, xalqı bu torpağı azad etdi, Prezidentinin sözü və imzası ilə qələbəni rəsmiləşdirdi. Hiss edir ki, bugünkü xoşbəxtliyə görə minlərlə igid döyüşə getdi, bəziləri isə geri dönmədi.
Onun Ali Baş Komandanla çəkilən şəklinə baxanda bir tərəfdən qürur, digər tərəfdən kədər hiss olunur. Bu fotoda həm də ümid var. Ümid ki, heç bir qurban unudulmayacaq. Ümid ki, bu torpaqda yeni nəsillər müharibə görməyəcək.
Beş il öncəyə — 2020-ci ilin həmin sentyabr gününə qayıdanda insanın içi sızlayır. O gün minlərlə ailə övladını döyüşə yola saldı. Hər kəs bilirdi ki, bu yolun dönüşü olmaya bilər. Amma hamı razı idi: çünki müharibə Nilaylar üçün idi. Körpələrə müharibə miras qalmasın deyə, igidlər öz canını verdi.
Onların qanı ilə alınan haqq bu gün sülh və azadlıq şəklində geri döndü. Azərbaycanın hər qarışı indi qürur və zəfər hissi ilə nəfəs alır.
Bu günün hüzünlü, amma qürurlu anlarında şəhidlərimizi ehtiramla yad edirik. Qazilərimizə sağlamlıq diləyirik. Övladlarını Vətən uğrunda qurban verən valideynlərə isə Allahdan səbir istəyirik.
Nilay kimi uşaqların gələcəyi üçün bu qələbə qazanıldı. Onlar müharibəsiz, sakit, güclü Azərbaycanda böyüsünlər deyə.
